Rektor Altay Göyüşovun işdən çıxarılmadığını bildirib

Bakı Dövlət Universitetinin müəllimi Alyat Göyüşov iş yerində sosial şəbəkədə yazdığı tənqidi fikirlərə görə təqib olunduğunu və işdən çıxarılması üçün universitet rəhbərliyinin ona təzyiq etdiyini idda edir.
Rektor Abel Məhərrəmov cənab Göyüşovun Facebook səhifəsində yazılmış bu iddiaları təkzib edib və onun siyasi fəaliyyətinə görə təqib olunmadığını deyir.
“Deməli, bu gün universitet rəhbərliyi öz ərizəmlə işdən çıxmağımı istədi. Sonra isə dərsin ortasından auditoriyadan çıxarıldım. Səbəb isə Facebook”, cənab Göyüşov noyabrın 12-də Facebook səhifəsində yazıb.
Cənab Göyüşov daha sonra qeyd edib ki, “mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır”.
“Altay Göyüşov uzun müddət dərsə gəlmədiyi üçün müəllim kimi işdən çıxarılmalıdır. Ancaq hazırda onunla bağlı heç bir əmr yoxdur”, universitetin rektoru Abel Məhərrəmov Göyüşovun iddialarını belə şərh edib.
Cənab Məhərəmov Altay Göyüşovun müəllim fəaliyyətinin araşdırıldığını bildirib.
“Göyüşov hələ də universitetdə müəllim kimi qalmaqda davam edir. Hələlik müəllim kimi onun haqqında heç bir qərar yoxdur. Ancaq bir neçə vaxtdır onun məsələsi müzakirə olunur”, rektor qeyd edib.
Universitet rektorunun sözlərinə görə, müəllimin universitetdən xaric edilməsi məsələnin siyasi fəaliyyəti ilə əlaqəsi yoxdur.
“Biz hiss etdik ki, Altay müəllim ABŞ-da həddən artıq demokratik düşüncə formalaşdırıb. Yəni aylarla işə getməmək, layihə işləməmək olar. Ona görə də biz onun islam araşdırma mərkəzində tutduğu vəzifə ilə bağlı məsələsini müzakirə etməyə qərar verdik”, o, əlavə edib.
Rektor deyib ki, Göyüşov ölkəsinə bağlıdırsa, milli təəssübkeşliyi varsa, o, BDU-da işləməyə davam edəcək, əks təqdirdə isə xaric ediləcək.
Altay Göyüşovun işdən çıxarılması üçün universitet rəhbərliyinin təzyiqi iddiaları sosial şəbəkədə birmənalı qarşılanmayıb. Daha çox universitet rəhbərliyinin ünvanına tənqidi fikirlərlə dolu şərhlər gəlib.
Sosial mediada
Bir çox internet istifadəçisi bu hadisədən “təəssüfləndiklərini” dilə gətirib, bəziləri cənab Göyüşovla fəxr etdiklərini bildiriblər.
Universitet müəllimi Turkay Gasimli yazıb ki, "tələbələr çox şey itirəcək. Universitet də. Universitet özünu çoxdan itirib. Bu neçenci defedir müəllimləri çağırırlar fb yazılarına görə. Sirami gözleyirem.... ((("
Hüseyn Qarasulu adlı istifadəçi yazıb: “Sizin kimi müəllimlərimiz olduğu üçün fəxr edirik. Onlara seçkiləri saxtalaşdıran müəllimlər lazımdır”.
Jurnalist Xədicə İsmayılova yazıb ki, “Altay Göyüşov universitetin binasında olsa da, olmasa da müəllimdir”.
“Stalin dovrunu xatırladım, partiya ideologiyasını dəstəkləməyənlər uzaqlaşdırılırlar, təzyiqə məruz qalırlar”, deyə ictimai fəal Letafet Manafova şərh yazıb.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Alovsat Aliyev yeni təhsil naziri Mikayıl Cabbarovu "günahlandırıb".
“Qərb təhsilli yeni nazirimiz də belə hesab edir ki, təhsil sistemində vicdanlı alimlərə ehtiyac yoxdur. Onlarin bir-bir kənarlaşdırılması isə gələcəkdə də belələrinə ehtiyac olmayacağının işarəsidir”.
Jurnalist Aynura Abdullayeva yazıb ki, “ bu hökümətə Sizin kimi dəyərli insanlar yox, yaltaqlar lazımdır. Ona görədir ki, əksər vəzifə sahibləri savadsızdırlar”.
Gunel Melikzade adlı istifadəçi, “Bir müəllimin işdən çıxarılmasına səbəb kimi sosial şəbəkədəki fəaliyyəti göstərilirsə, deməyə söz qalmır :(( təəssuf ...” yazıb.
Sosial şəbəkə istifadəçilərinin çoxu cənab Göyüşovun dərs dediyi tələbələri etiraz etmədikləri üçün qınayıb.
Jurnalist İlqar Vəliyevin fikrincə, “əsl tələbə etirazı indi olmalıdır”.
Gulara Hasanova Göyüşovun tələbəsi olduğunu bildirib. “Universitetdən cixarılmasina qarşı etiraz edənlərin sırasında mən də varam...”
"“Altay müəllimin tələbələri onu müdafiə etməli idi, etiraz etməli idi” deyənlər, siz harada yaşayırsınız? Nağıllar aləmində?"- Adnan Hacızadə belə yazıb.
Altay Göyüşov sədri hazırda həbsdə olan Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvüdür. Almaniyanın Boxum Universitetinin doktorantı, Kristina Hanner Kreyserin keçmiş elmi məsləhətçisidir.




