AZAL təyyarə qəzası - Bakı və Moskva arasında keçən gərgin bir il: münasibətlər yaxşılaşacaqmı?

Əliyev və Putin AZAL təyyarə qəzası

Azərbaycan Prezidenti İlham Əliyevin MDB liderlərinin Rusiyada keçirilən ənənəvi qeyri-rəsmi sammitinə getməməsi onun iş qrafikinin sıxlığı ilə izah edilsə də, görünür, Bakı hələ də Moskvadan istədiyini tam ala bilmədiyi üçün Putinlə görüşdən imtina edir.

Bəzi hakimiyyət yönlü təhlilçilərə görə, Prezident Putinin təyyarə qəzasına görə vəd etdiyi kompensasiya ödənilməyib və təyyarənin vurulmasına məsuliyyət daşıyan şəxslər hələ də cəzalandırılmayıb.

Bu isə Bakının bir ildi Rusiyadan yerinə yetirilməsini gözlədiyi şərtlərdir.

İctimaiyyətə açıqlanmasa da, mümkündür ki, Bakının gözləntisi arasında Rusiyanın avqust ayında Azərbaycanın Ukraynadakı "neft-qaz obyektlərinə zərbə endirməsi" ilə bağlı cavab almaq istəyi də var.

Həmin vaxt Rusiya təkzib etsə də, Bakı bunu "məqsədyönlü hücum" kimi qiymətləndirmişdi.

Düşənbə görüşündən sonra da hakimiyyətə yaxın mediada Moskvanın vaxtaşırı tənqidi də göstərir ki, Azərbaycanla Rusiya arasında münasibətlər hələ də gərgin olaraq qalır.

2024-cü il dekabrın 25 də Azal təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.

Azərbaycan istəyirdi ki, Rusiya qəzada öz günahını etiraf etsin - təsadüflə olmuş olsa belə, təyyarəni Rusiyanın vurduğunu açıq söyləsin.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Vladimir Putin bu etirafı yalnız qəzanın üzərindən 10 aya yaxın bir müddət keçəndən sonra Düşənbədə İlham Əliyevlə görüşdə etdi.

Prezident Əliyev bu etirafdan məmnun qalsa da və Putin kompensasiya və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyi vədi versə də, belə görünür ki, tərəflər hələ də tam istədiklərinə nail olmayıblar.

Elə bu günlərdə Azərbaycan mediasında Rusiya xüsusi təyinatlı polis dəstəsinin Voronej vilayətində Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdiyi xəbərləri yayıldı. Rusiya KİV-ləri saxlanan bir azərbaycanlını "kriminal aləmin üzvü" kimi təqdim etdi.

Qəzadan sonra Azərbaycanın davranışı onu regionda Rusiyaya asanlıqla baş əyməyən güclənmiş bir ölkə kimi üzə çıxardı. Putin nadir hallardan biri idi ki, belə bir qəzaya görə üzr istəyirdi və Rusiyanın məsuliyyətini etiraf edirdi.

Bəs bütün bunlar necə baş verdi, region və Azərbaycan son bir ildə nələrdən keçdi? Hadisələrə nəzər salaq.

Bakıdan Qroznıya uçan təyyarə

Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstan Aktau hava limanı yaxınlığında qəzaya uğradı.

Nəticədə göyərtədə olan 67 nəfərdən 38 öldü, 29-u yaralandı. Ölənlər arasında pilotlar və bir stüardessa var idi.

Rusiya mediasında ilk səslənən versiya "quş dəstəsi" ilə toqquşma idi.

AZAL isə bildirmişdi ki, təyyarə hava şəraiti pis olduğu üçün eniş edə bilməyib, başqa istiqamətə yönləndirilib.

Həmin gün "Embraer 190"-dan az əvvəl Azərbaycan Prezidentinin təyyarəsi də Rusiyaya uçmaq üçün yerdən qalxmışdı.

Prezident İlham Əliyev qəza ilə bağlı məlumatı elə havadaca almış və təyyarəsini geriyə, Bakıya qaytartmışdı, o bunu Bakıda, hava limanında keçirdiyi müşavirədə dedi və əlavə etdi ki, Azərbaycan nümayəndələrindən ibarət heyət artıq Aktauya ezam edilib.

Təyyarə qəzasının iziylə

"Embraer 190"-un Aktau yaxınlığında uçuşu zamanı müvazinətini saxlaya bilməməsinin əks olunduğu kadrlar təyyarənin enişdən əvvəl hər hansı zərbə alması şübhələrini doğururdu.

Partlamasından sonra salamat qalmış təyyarə qalıqlarında müşahidə edilən zədələrin qəlpə izləri ola biləcəyi ehtimalını güclənirdi.

Sağ qalmış sərnişinlərdən biri bildirmişdi ki, pilot havanın qatı dumanlı olmasına baxmayaraq, iki dəfə Qroznıya enməyə cəhd edib, "üçüncü cəhddə isə nəsə partladı… təyyarə səthinin bəzi hissəsi havaya uçdu".

Bəzi aviasiya ekspertləri Azərbaycan Hava Yollarına aid təyyarənin Rusiyanın Çeçenistan Respublikasında hava hücumundan müdafiə sistemləri vasitəsilə vurula biləcəyi iddiasını ortaya qoyurdular.

Rusiya isə inadla Azərbaycanda da səslənən bu versiyaları rədd edərək istintaqın nəticəsini gözləməyi təklif edirdi.

Qəzadan sonra

Prezident Putin hadisədən iki gün sonra, dekabrın 27-də təyyarə qəzasına görə üzr istədi və bunu "faciəvi hadisə" adlandırdı.

Bu açıqlama Bakını qane etmədi. Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində bildirdi ki, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.

"Rus evi" bağlandı

Bakının bu şərtlərdə təkidli mövqeyi Rusiya ilə münasibətləri getdikcə gərginləşdirməyə başladı: Azərbaycan və Rusiyanın hakimiyyət nəzarətində olan media məkanında bir-birinə ittihamlar yağdırılırdı.

Fevral ayında Azərbaycan Xarici İşlər Nazirliyi Bakının mərkəzində mənzillənmiş və "Rus evi" kimi tanınan "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin bağlanması üçün Rusiyaya nota verdi.

Hakimiyyətə yaxın mediada təşkilat "casusluq ocağı" kimi xarakterizə olunurdu. "Rus evi" bu ittihamı rədd etmişdi.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Əliyevsiz "Qələbə paradı"

Mart ayında Azərbaycan Prezidentinin rəsmi saytında bildirildi ki, İlham Əliyev Moskvada İkinci Dünya müharibəsinin 80-ci ildönümü ilə bağlı mayın 9-da keçiriləcək paradda iştirak edəcək. Onu parada Putin şəxsən dəvət etmişdi.

Elə bu ərəfədə Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıda rəsmi səfərdə olmuş, həm İlham Əliyevlə, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşmüşdü.

Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər, əsasən, vitse-prezident səviyyəsində davam etdirilirdi.

Mayın əvvəlində Bütün Rusiyanın Patriarxı Kirill Mehriban Əliyevaya Rus Pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordenini təqdim etmişdi.

Hadisələrin belə məcraya yönəlməsi Azərbaycan və Rusiya arasında gərginliyin yumşalacağına işarə olsa da, may ayında Rusiyaya gedən deputat, hakim Yeni Azərbaycan Partiyasının üzvü Azər Badamov Moskvadan Bakıya geri qaytarıldı.

Azərbaycan Xarici İşlər Nazirliyi Badamovun Rusiyadan deportasiyasını "qeyri-dost addım" adlandırdı və Moskvadan izahat istədi.

Bu hadisənin ardınca İlham Əliyevin Moskvada keçiriləcək paradda iştirak etməyəcəyi məlum oldu.

Həmin paradda Azərbaycan öz hərbçiləri ilə təmsil olundu, amma İlham Əliyevin qərarının niyə dəyişdiyi ilə bağlı rəsmi açıqlama verilmədi.

Hakimiyyətyönlü təhlilçilər bunu Azərbaycan-Rusiya arasında münasibətlərdə "dərin dəyişikliklərlə" izah etdilər.

Azərbaycan-Rusiya gərginliyinin "Yekaterinburq səhifəsi"

Yekaterinburqdan gətirilən Səfərov qardaşlarının meyitləri Bakıda ekspertiza olunduqdan sonra Ağcabədidə dəfn olunub.

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Yekaterinburqdan gətirilən Səfərov qardaşlarının meyitləri Bakıda ekspertiza olunduqdan sonra Ağcabədidə dəfn olunub.

Rusiyanın Yekaterinburq şəhərində baş verənləri iki ölkə arasında münasibətlərin kulminasiya nöqtəsi də adlandırmaq olar.

Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda keçirdiyi əməliyyat nəticəsində iki azərbaycanlının həyatını itirməsi – Bakı onların işgəncə nəticəsində öldüyünü dedi,- bir neçə nəfərin yaralanması, həbs edilməsi və sonradan bu həbslərin Azərbaycan diasporasının yerli nümayəndəliyinə qədər uzanması Bakının qəzəbini daha da artırdı və buna öz üsulları ilə cavab vermıyə başladı: Rusiya Baş nazirinin müavini Aleksey Overçukun gözlənən səfəri və rusiyalı musiqiçilərin konsertləri ləğv edildi. (Qarşıdakı bir neçə ayda Azərbaycan rəsmiləri də Rusiya ərazisində keçiriləcək beynəlxalq tədbirlərə qatılmayacaqdı).

"Sputnik Azərbaycan"ın iki əməkdaşı, narkotik qaçaqmalçılığı və kibercinayət ittihamı ilə isə Azərbaycandakı səkkiz Rusiya vətəndaşı sərt şəkildə həbs edildi.

Azərbaycan hakimiyyətinə yaxın mediada sərt Rusiya ünvanlı tənqidlərin hədəfi artıq birbaşa Putinin özü idi.

"Bir zamanlar Stalin başını qaldıranın başını kəsirdisə, özü də NKVD-nin əli ilə, bu gün isə Putin, haqqını tələb edəni OMON-un əliylə yox edir, başını kəsir. Davam edir 37", - dövlət televiziyasının şərhçisi öz həftəlik proqramında demişdi.

İlham Əliyevin də Rusiya ilə bağlı nitqi sərtləşmişdi: o, "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Rusiya ordusunun 1920-ci ildə Azərbaycanı işğal etməsindən danışırdı, III Şuşa Qlobal Media Forumunda Rusiya ilə döyüşən Ukraynanın işğalla barışmamalı olduğunu deyirdi.

Onun Kəlbəcər sakinləri ilə görüşündə "Azərbaycan hər an müharibəyə hazır olmalıdır" deməsi isə daha çox "təhlükə bu dəfə Rusiyadandır" təəssüratını yaratdı, çünki Ermənistanla artıq bir sülh yoluna girdiyini hər iki ölkə tez-tez bəyan edirdi.

"İfadə ümumi idi, lakin iki məlumat nöqtəsi Moskvaya işarə edir:

Avqustun sonlarında "Əl-Ərəbiyyə"yə verdiyi müsahibədə Əliyev 1920-ci ildə Sovet hakimiyyətini ələ keçirməyi "işğal" adlandırdı ki, bu da Bakının Rusiyaya qarşı son illərdəki ən sərt tənqidlərindən biridir və Rusiya mediasının təzyiqinə səbəb oldu.

Bakı (və Kiyev) Rusiyanı bu ay Odessadakı SOCAR neft obyektlərinə qəsdən zərbə endirməkdə ittiham etdi - bu, Moskvanın Qafqazdan uzaqda yerləşən Azərbaycan aktivlərinə zərər verməyə hazır olduğuna dair açıq bir siqnaldır", - Robert Lansing Institute avqustun 29-da dərc etdiyi "Həmişə müharibəyə hazırıq": Əliyev nə demək istəyirdi və bundan sonra nə olacaq?" məqaləsində yazırdı.

Bakı-Moskva dilemmasında Ukrayna və Ermənistan xətti

Rusiya Ukraynaya iri miqyaslı müharibəyə başlayandan, 2022-ci ildən bəri Azərbaycan Kiyevə mənəvi və humanitar dəstəyini ifadə etmişdi: Ukraynanın ərazi bütövlüyün və suverenliyini tanıyır, tez-tez humanitar yardımlar göndərirdi.

İyulun 19-da, Yekaterenburq hadisələrindən bir ay sonra isə İlham Əliyev məşhur ukraynalı jurnalist Dmitri Qordona tövsiyə edirdi ki, ukraynalılar işğalla barışmamalı, heç vaxt təslim olmamalıdır.

Avqust ayında Rusiyanın SOCAR-ın Ukraynadakı şirkətinə məxsus neft anbarına və Azərbaycana aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına hava zərbələri endirməsini Bakı "məqsədyönlü hücum" kimi qiymətləndirdi və bəyan etdi ki, bu, Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına "heç bir halda səbəb olmayacaq".

Azərbaycanda hakimiyyətə yaxın media dekabr ayının axırlarında yazıb ki, Azərbaycan Trans Adriatik boru xətti ilə Ukraynaya qaz nəqlini davam etdirəcək.

Avqustdakı dron hücumlarının hədəfi təkcə Azərbaycan neft-qazının Ukraynanı təchiz etməsi yox, həm də Azərbaycan-Ermənistan arasındakı Vaşinqton görüşü də ola bilərdi.

Bu hücumlardan bir-iki gün əvvəl Azərbaycan və Ermənistan liderləri ABŞ-da Prezident Donald Trump-ın şahidliyi ilə sülh bəyannaməsi vermiş, gələcək sülh sazişinin mətnini qəbul etmişdilər.

İki ölkə arasında həlli mürəkkəb görünən, bəzən yeni münaqişə ocağı kimi adı hallanan Zəngəzur dəhlizi dilemmasına da çözüm tapılmış, adı və "nəzarətçisi" dəyişmişdi: dəhliz "Trump marşrutu" olacaqdı, ona xidməti isə ABŞ şirkəti aparacaqdı.

"Zəngəzur dəhlizi" 2020-ci ildə İkinci Qarabağ müharibəsini dayandıran üçtərəfli bəyanatdakı yeganə açıq qalan bənd idi: Naxçıvanla Azərbaycanı Ermənistanı birləşdirəcək yola Rusiya nəzarət etməli idi və elə Vaşinqton bəyannaməsindən sonra Moksva da məhz bu bəndi xatırlatdı.

Amma Rusiyanın etirazına baxmayaraq, "Trump marşrutu" onu oyundan kənar vəziyyətə salırdı.

Təhlilçilərə görə, məhz Rusiya ilə münasibətlərdə köklü dəyişiklik Azərbaycanla Ermənistanın sülh yolunda irəliləməsini daha da sürətləndirdi.

İndi cəmiyyətlər arasında sülh dialoquna start verilib, ilk dəfə Ermənistan baş nazirinin müavini Azərbaycana gəldi və ilk dəfə Ermənistan Azərbaycandan göndərilmiş yanacaq dolu qatarı qəbul etdi.

Diqqəti çəkən bir məqam da vardı: Əvvəl Qərbin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gələndən sonra İlham Əliyev ya Moskvaya gedirdi, ya da görüş barədə telefonla Putinə məlumat verirdi. Amma bu dəfə Azərbaycan-Ermənistan liderlərinin nə Əbu-Dahidəki, nə də Vaşinqtondakı görüşlərdən sonra belə bir addım müşahidə edilmədi.

Soyuq salamlaşma ilə yadda qalan Çin səfəri

9 ay yalnız bir neçə dəfə telefonla, o da əsasən, təyyarə qəzası ilə bağlı danışsalar da, sentyabrda Pekində üz-üzə gələndə İlham Əliyevlə Vladimir Putin, sadəcə, salamlaşmaqla kifayətləndilər.

Sonradan Putin jurnalistlərə ölkələr arasında problemlər olduğunu etiraf etdi:

"Ölkələr arasında həmişə bəzi suallar ortaya çıxır, hazırkı vəziyyət və ya siyasi məsələlərlə bağlı. Problemlər var. Biz bu gün Prezident Əliyevlə görüşdük. Onunla və xanımı ilə salamlaşdım, qısaca ünsiyyətimiz oldu. Amma mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onun inkişafı üçün qarşılıqlı maraq hər şeyi öz yoluna qoyacaq".

Təlatümlü diplomatiyanın fonunda iqtisadi əlaqələr

Yekaterinburq hadisələrindən sonra Azərbaycanla Rusiya arasında gərginliyin iqtisadi əlaqələrə də sıçrayacağı gözlənilsə də, bu baş vermədi: əksinə, sonralar məlum oldu ki, iqtidasi əlaqələr "saat dəqiqliyi ilə" işləyib.

Avqust ayının axırlarında Rusiya baş nazirinin müavini Aleksey Overçuk Həştərxanda azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdü.

Bakı bu görüşlə bağlı detallı məlumat vermədi, amma Aleksey Overçuk səxavətli idi: hökumət saytında yazdığı açıqlamasında Azərbaycanla Rusiya arasındakı iqtisadi sövdələşmələr və vəziyyəti barədə geniş məlumat verirdi.

Bundan bir müddət sonra Rusiya Prezidenti Putin də təyyarə faciəsinə, "onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələrin inkişaf etdiyini və uğurla inkişaf etdiyini" dedi.

"Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir", - o, Pezident İlham Əliyevlə oktyabrın 9-da Düşənbədə keçirilən təkbətək görüşündə vurğulamışdı.

Düşənbə görüşü

Tacikistanda keçirilən görüşdə Prezident Putin Azərbaycan təyyarəsinin Rusiya səmasında raket zərbələrindən zərbə aldığını etiraf etdi, "belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey"in ediləcəyi və "bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcə"yi vədini verdi və hadisəyə görə bir daha üzr istədi.

Sonradan Putin jurnalistlərə açıqlamasında dedi ki, Azərbaycanla "səhifəni çevirdikləri"nə ümid edir və bildirdi ki, artıq irəliyə baxacaqlar və "hər hansı çətinlik olmadan əlaqələri" inkişaf etdirəcəklər: "Böyük, həqiqətən də böyük planlarımız var və onları həyata keçirəcəyik".

Putin və Əliyevin Bakıda görüşündən sonra "Sputnik Azərbaycan"ın direktoru İqor Kartavıx ev dustaqlığına buraxıldı, Moskvada isə Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev azadlığa çıxdı.

Putinin təbirincə: "səhifə çevrildimi?"

Bütün siyasi-diplomatik gərginlik boyu hakimiyyət yönlü mediada səslənən fikirlərdən biri də bu idi ki, Azərbaycan Rusiyadan bərabər tərəfdaşlıq tələb edir.

Prezident İlham Əliyevin də Rusiyaya qarşı göstərdiyi davranış, məsələn, Düşənbə görüşündə Putinin Rusiyanın məsuliyyətini etiraf etməsinə, özünün Rusiya ilə iqtisadi sahədə Putinlə təsdiqlədiyi "yol xəritələrinin uğurla həyata keçiril"məsini vurğulamasına rəğmən Sankt-Peterburqa getməməsi onu güman etməyə əsas verir ki, onun şimal qonşusundan gözləntisi məhz bu cür yanaşmadır.

Hələ ki, Rusiya Qərbin sanksiyası altındadır və Ukrayna cəbhəsindıə qeyri-müəyyən vəziyyətdədir və bu da Azərbaycanın Rusiya üçün əhəmiyyətini artıran faktorlardan biri kimi qiymətləndirilə bilər.

Amma Rusiyanın Cənubi Qafqazda əvvəlki dominat rolunu bərpa edib-etməyəcəyini sürətlə dəyişən geosiyasi hadisələrin müəyyənləşdirə biləcəyini də söyləmək olar.