Əliyev-Putin görüşü: AZAL təyyarəsinin yaxınlığında "zenit raketlər partlayıb", - Rusiya Prezidenti etiraf edib

İlham Əliyev və Vladimir Putin Düşənbədə görüşüblər

Şəklin mənbəyi, TASS/POOL

Şəklin alt yazısı, İlham Əliyev və Vladimir Putin Düşənbədə görüşüblər

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Düşənbədə Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında ilin ilk görüşü baş tutub.

Putin görüşə Azərbaycanda uzun müddətdir gözlənilən bir etirafla başlayıb: ötən ilin dekabrında baş vermiş AZAL təyyarəsinin qəzaya uğramasında Rusiyanın iştirakı məsələsinə aydınlıq gətirib.

Rusiya Prezidenti bildirib ki, iki zenit raket təyyarənin bir neçə metrliyində partlayıb.

Putin dövlət səfəri ilə Tacikistana bir gün əvvəl gəlib. Elə həmin vaxt məlum olub ki, Düşənbədə, MDB dövlət başçılarının Şurasının iclası çərçivəsində onun Azərbaycan Prezidenti ilə görüşü planlaşdırılıb: bu, ötən ilin oktyabrından bəri ilk görüşdür.

"İnterfaks"ın qeyd etdiyinə görə, bu ilin sentyabrında Putin və Əliyev Çində ŞƏT sammitində qısa şəkildə görüşüblər, lakin geniş ünsiyyət olmayıb.

Rəsmi məlumatlara əsasən, telefonla da Putin və Əliyev uzun müddətdir danışmayıblar.

7 oktyabrda Əliyev Rusiya Prezidentini ad günü münasibətilə təbrik etmək üçün zəng edib.

Onlar sonuncu dəfə təyyarə qəzasından sonra danışblar: Putin hadisəyə görə üzr istəyib.

Putin və Əliyev arasında son görüşdən keçən bir il ərzində Rusiya ilə Azərbaycan arasında münasibətlər xeyli gərginləşib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Rusiya və Azərbaycan arasında ilk diplomatik qalmaqal 2024-cü ilin dekabrında baş verib.

Həmin vaxt AZAL-a məxsus Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstanda qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Təyyarə qəzası Rusiya Hava Hücumundan Müdafiə (HHM) sisteminin Ukrayna dronlarının Qafqaz bölgələrinə hücumunu dəf etdiyi vaxt baş verib.

Azərbaycan hakimiyyəti təyyarənin "xarici təsir nəticəsində" qəzaya uğradığını bildirmişdi, lakin Rusiya rəsmi olaraq, bu hadisədə iştirakını etiraf etməmişdi.

İyul ayında İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan hələ də Rusiyadan qənaətbəxş cavab almayıb və beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır.

O bu hadisənin araşdırılmasını 2014-cü ildə Donbas üzərində vurulan Malayziya "Boeing"i ilə müqayisə etmiş və Haaqadakı məhkəməni xatırladaraq Rusiyanın məsuliyyətini vurğulamışdı.

Əliyev demişdi:

"Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Bilirik ki, Rusiya rəsmiləri də nə baş verdiyini bilirlər. Təyyarənin gövdəsi tamamilə deşik-deşik idi. İçəridə iki nəfər qəlpə ilə yaralanmışdı. Ona görə də bu hadisənin guya Ukrayna dronu tərəfindən törədildiyi fikri tamamilə absurddur. Bu, uşaq nağılıdır".

AZAL təyyarəsinin qəzası ilə bağlı Qazaxıstan hakimiyyəti ilkin hesabat yayıb.

Cümə axşamı günü Putin Əliyevlə görüşə bu "ən həssas mövzu" ilə başlamağı təklif edib. O, ilk dəfə olaraq təsdiqləyib ki, Azərbaycan təyyarəsi Rusiya HHM sisteminin fəaliyyəti nəticəsində zədələnib və bu faciənin Rusiya səmasında baş verdiyinə görə üzr istəyib.

Putin vurğulayıb ki, Rusiya HHM sistemi tərəfindən Ukrayna dronuna qarşı buraxılan iki raket təyyarəni birbaşa vurmayıb, lakin bir neçə metr məsafədə partlayaraq onu qəlpələri ilə zədələyib.

"Səbəb Rusiya HHM sistemindəki texniki nasazlıqlardır. İki raket birbaşa təyyarəni vurmayıb, əgər bu baş versəydi, təyyarə dərhal yerə çırpılardı. Raketlər təyyarədən təxminən on metr aralıda partlayıb, bəlkə də bu, öz-özünə məhv mexanizmi idi"- deyə "İnterfaks" Putinə istinadən bildirib.

Onun sözlərinə görə, təyyarə "döyüş başlıqları ilə deyil, çox güman ki, raketlərin qəlpələri ilə" zədələnib.

Pilot bunu quş sürüsü ilə toqquşma kimi qəbul edib və bu barədə Rusiya dispetçerlərinə məlumat verib.

Putin əlavə edib ki, bu məlumatı özü guya yalnız "srağagün" alıb, Əliyevlə görüşdən əvvəl Moskvaya zəng edərək AZAL təyyarəsinin qəzası ilə bağlı əlavə detalların olub-olmadığını soruşub.

Əliyev cavabında Putinə təşəkkür edib və bu məsələnin onun şəxsi nəzarətində olmasını yüksək qiymətləndirib. Bu dəfə heç bir tənqidi fikir səsləndirməyib.

İkinci diplomatik qalmaqal 2025-ci ilin iyun ayında Yekaterinburqda Azərbaycan diasporasının nümayəndələrinin həbsi ilə başlayıb.

Rusiya hüquq-mühafizə orqanları 2000-ci illərin əvvəllərində baş vermiş qətllərlə bağlı bir qrup azərbaycanlını həbs edib. Həbs zamanı iki azərbaycanlı ölüb.

Rusiya hakimiyyəti onların ürək çatışmazlığından öldüyünü bildirib, Azərbaycan isə iddia edib ki, onlar işgəncə nəticəsində ölüb.

Buna cavab olaraq, Bakı səkkiz Rusiya vətəndaşını sərt şəkildə həbs edib, onları narkotik qaçaqmalçılığı və kibercinayətlərdə ittiham edib.

Bundan əlavə, Azərbaycan "Rus Evi"ni bağlayıb, onun əməkdaşlarını casusluqda ittiham edib, "Sputnik Azərbaycan"ın direktoru və baş redaktorunu həbs edib (bu media qurumu "Rossiya Segodnya" dövlət media qrupuna daxildir), Rusiyada vaxtilə hakim olmuş Yelena Xaxalevanı isə azadlığa buraxıb: Moskva onun ekstradisiyasını tələb edirdi.

Azərbaycan, həmçinin Rusiya vətəndaşlarının ölkədə qalma müddətini ildə 90 günə qədər azaldıb.

Əliyev cümə axşamı Putinlə görüşdə bildirib ki, onun fikrincə, Rusiya-Azərbaycan münasibətlərində müsbət dinamika mövcuddur:

"Bu il münasibətlər uğurla inkişaf edib, o cümlədən ticarət dövriyyəsində, - siz artıq qeyd etdiniz - ticarət dövriyyəsinin inkişafında yaxşı dinamika var, həmçinin digər sahələrdə də heç bir ləngimə və geriləmə olmayıb", - deyə "İnterfaks" Azərbaycan Prezidentinə istinadən bildirib.

Agentliklərin məlumatına görə, iki liderin görüşü təxminən bir saat davam edib.