AZAL təyyarəsi qəzası: Komissiya nə aşkarlayıb?

Şəklin mənbəyi, Reuters
AZAL-ın qəzaya uğrayan təyyarəsinin qalıqlarında aşkar edilən zədələrə səbəb "kənar obyektlər"di, Azərbaycan və Qazaxıstan "qara qutu"ların oxunmasından sonra ilkin hesabatını açıqlayıb.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarənin Rusiya səmasında idarətetmə sistemi sıradan çıxıb, hesabatda deyilir.
Reuters Azərbaycan hökumətindəki mənbəyə istinadən iddia edib ki, təyyarə Rusiyanın Pantsir-S havadan müdafiə sistemi tərəfindən vurulub. Bu məlumat hələ ki, rəsmi olaraq, təsdiqlənməyib.
Komissiyanın hesabatında deyilir ki, təyyarə qalıqlarında "kənar obyektlər" aşkarlanaraq götürülüb.
Qurumlar "kənar obyektlər"in fotolarını yayıblar.
Azərbaycan hökuməti hələ ki, rəsmi bəyanat verməyib. Ancaq bundan öncə Prezident İlham Əliyev təyyarənin Rusiya tərəfindən vurulduğunu bildirib.
O, Prezident Putindən üzrxahlıq, etiraf və kompensasiya tələb edib.
Rusiya lideri Vladimir Putin İlham Əliyevə zəng edib təyyarənin Rusiya səmasında qəzaya uğramasına görə üzr istəsə də, təyyarənin nun ordusu tərəfindən vurulduğunu etiraf etməyib. Hələ ki, Rusiya Azərbaycana kompensasiya ödəyəcəyi barədə heç bir açıqlama verməyib.
Keçən həftələrdə Rusiya hökumətinə yaxın mediada qəzanın guya pilotların səhvi ucbatından baş verməsinə dair iddialar səslənib. Azərbaycanda bu, qəzəblə qarşılanıb.

Şəklin mənbəyi, Azertac
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Təyyarə dekabrın 25-də Aktauda qəza enişi edib, 40-a yaxın adam həlak olub, 29 adam sağ qalıb.
Təyyarənin "qara qutu"ları oxunandan sonra Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Qazaxıstan Nəqliyyat Nazirliyi bildirib ki, hava gəmisi Qroznoya qədər uçuşa tam yararlı olub, təyyarə quşlarla toqquşmayıb və salonunda oksigen balonu partlamayıb.
Hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçarkən GPS siqnallarının itməsi halı ilə üzləşib, ilkin hesabatda deyilir.
Təyyarə pis havaya görə Qroznıya ikinci dəfə də enə bilmədiyi üçün Bakıya qayıtmaq istəyib, amma bu zaman "qara qutu"lar 24 saniyə aralığında iki kənar səs qeydə alıblar. Bu səslərdən sonra qısa fasiləylə təyyarənin hidravlik sistemi sıradan çıxıb. Hava gəmisi əsas idarətetmə sistemlərini itirib.
İlkin hesabatda deyilir ki, hava gəmisində aşkar edilən çoxsaylı zədələr kənar obyektlərin təsiri nəticəsində baş verib. "Təyyarənin qalıqlarının kor zədələrində olan kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşməsi üçün əlavə ekspertiza keçiriləcək və ictimaiyyətə məlumat veriləcək", - qurumlar açıqlayıb.
Hesabatda eniş edə bilmədiyi üçün Bakıya qayıtmaq qərarı verən pilotun təyyarəni niyə Aktauya doğru istiqamətləndirdiyi izah edilməyib.
"Qara qutu"lar Braziliyada oxunub
Braziliya AZAL-ın Qazaxıstanda qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"larının oxunmasını yekunlaşdırıb, bu ölkənin G1 xəbər agentliyi yazıb.
Agentlik "qara qutu"ların təhqiqatına daxil olan iki mənbəyə istinadən xəbər verir ki, iki qeydiyyat cihazında olan məlumatların "çıxarılması, əldə edilməsi və yoxlanılması başa çatıb".
40-a yaxın adamın ölümü ilə nəticələnmiş təyyarə qəzasından sonra onun "qara qutu"ları yanvarın 1-də Braziliyaya gətirilmiş və təhilinə başlanılmışdı.
Braziliya mediası yazıb ki, Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) artıq müvafiq məlumatları Qazaxıstana göndərib.
Dekabrın 25-də Bakıdan uçan Azərbaycana məxsus sərnişin təyyarəsi Qroznı aeroportuna enməli olsa da, Qazaxıstanın Aktau hava limanına yönləndirilib və orada qəzaya uğrayıb. Rəsmi Moskva AZAL-ın təyyarəsinə "kənar müdaxilə" olduğunu bildirərək üzr istəyib. Amma Kreml-in İlham Əliyevin səsləndirdiyi tələblərə, yəni Rusiyanın günahını etiraf etməsi ilə bağlı bəyanatına cavabı ictimaiyyətə məlum deyil. Hadisədən sonra Rusiya Prezidenti Putin iki dəfə İlham Əliyevə zəng edib. Sonuncu zəngin detalları açıqlanmayıb.
Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u yaralanıb. Ekipaj üzvləri də daxil olmaqla onlardan 42-si Azərbaycan vətəndaşı olub.
Həlak olmuş ekipaj üzvləri ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, sağ qalan təyyarə bələdçiləri "Rəşadət" ordeni ilə təltif olunub.
İlham Əliyev: "Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi?"

Şəklin mənbəyi, Azərtac
Yanvarın 6-da Prezident İlham Əliyev deyib ki, qəzada həlak olmuş ekipaj üzvlərinin ailələri və ekipajın sağ qalmış üzvləri ilə görüşüb, prezident.az xəbər verib.
"Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq.Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik", - Prezident bildirib.
"Baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək", - Prezident Əliyev deyib.
O, cinayət işinin bütün materiallarını hələ ki, açıqlamaq istəmədiyini əlavə edib: "Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir".
Həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verildi

Şəklin mənbəyi, Azərtac
Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da sərəncam verib.
Ekipajın sağ qalmış üzvləri, təyyarə bələdçisi Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunublar.
Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının nəşi bazar günü gecə Bakıya gətirilib və onlar dəfn olunublar. Onlardan 21-i sərnişin, 3-ü ekipaj üzvüdür.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarə Rusiya səmasında "kənar müdaxiləyə" məruz qalaraq zədələnib və Aktauya uçub. Aktauda hava limanı yaxınlığında təyyarə yerə çırpılıb və 40-a yaxın adam, o cümlədən iki pilot və bir stüardessa həlak olub.

Şəklin mənbəyi, Azərtac
Rusiya Prezidenti Putin təyyarə qəzasına görə üzrxahlıq edib, amma Rusiyanın cavabdeh olduğunu etiraf etməyib.
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsi "Rusiya tərəfindən vurulub". Bunu Prezident İlham Əliyev deyib. O, AzTV-yə müsahibəsində bildirib ki, Rusiya Azərbaycandan üzr istəsə də, Rəsmi Bakının digər iki şərtini hələ də yerinə yetirməyib. Onun sözlərinə görə, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.
AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib ki, pilotlar "Qəzaya uğrayıram", siqnalını yerə göndərsə də, yaxınlıqda olan Mahaçqala, Qroznı hava limanları eniş icazəsi verməyib. Bunun səbəblərini indi komissiya araşdıracaq, o deyib.
İlham Əmirov bildirib ki, pilotlar idarəetmə sistemi sıradan çıxmış bir təyyarəni idarə etməli olublar.
Onun sözlərinə görə, "qara qutu"lar hələ oxunmasa da, şahid ifadələri və təyyarə qalıqları "birmənalı onu deməyə əsas verir ki,əyyarəyə qeyri-qanuni 3 təsir" olub.
"Nəticədə təyyarə güclü şəkildə zədələnib və təyyarənin əsas hissələri, havada olarkən idarəetmə üçün zəruri olan hissələri sıradan çıxıb. Belə bir vəziyyətdə bizim pilotlarımız, heyət üzvü və təyyarə bələdçiləri böyük soyuqqanlılıq, böyük fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirib", - AZAL-ın vitse-prezidenti deyib.
Bazar günü Heydər Əliyev adına hava limanında 2-si pilot, biri bələdçi olmaqla həlak olmuş ekipaj üzvləri ilə vida mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
Hər üç ekipaj üzvü – hava gəmisinin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda dəfn olunacaq, Azərtac yazıb.
Rəsmi məlumatlara görə, göyərtədə olan 67 nəfərdən 42-si Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində onlardan 18-i sağ qalıb, 3-ü ekipaj üzvü olmaqla, 24 nəfər ölüb.
Putin təyyarə qəzasına görə üzr istəyib, amma Rusiyanın cavabdehliyini etiraf etməyib

Şəklin mənbəyi, AFP
Şənbə günü Azərbaycan və Rusiya prezidentləri mətbuat xidmətləri bildiriblər ki, Prezident Vladimir Putin təyyarə qəzasına görə üzr istəyib.
O, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb.
Putin AZAL-a məxsus sərnişin təyyarəsinin "Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib", xəbərdə deyilir.
Prezident İlham Əliyev ona zəng edən rusiyalı həmkarı Putinə sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini deyib, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.
Kremlin saytında məsələ ilə bağlı cinayət işinin başlanıldığını, Rusiya və Azərbaycanın Baş prokurorluq əməkdaşlarının Qroznıda birgə işlədikləri qeyd olunub.
Zelenski: "Rusiya dəqiq izahat verməlidir"
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib ki, Zelenski təyyarə qəzasına görə, "Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib".
Prezident Zelenski öz sosial media hesabında yazıb ki, Əliyevlə söhbətidə pilotların və təyyarənin bütün heyətinin qəhrəmanlığını vurğulayıblar.
"İndi əsas prioritet həqiqətən baş verənlərlə bağlı bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır. Rusiya dəqiq izahat verməli və dezinformasiya yaymağı dayandırmalıdır. Foto və videolarda təyyarənin gövdəsinin zədələnməsi, o cümlədən HHM raket zərbəsinə çox bənzəyən dəliklər və əyilmələr aydın şəkildə əks olunub", - Zelenski X hesabında yazıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
ABŞ: təyyarə qəzasında Rusiyanın məsuliyyət daşıması ilə bağlı "ilkin əlamətlər" var

Şəklin mənbəyi, İssa Tazhenbayev/Anadolu Agentliyi
ABŞ dekabrın 25-də 38 nəfərin ölümü ilə nəticələnən AZAL-a məxsus təyyarənin vurulmasında Rusiyanın məsuliyyət daşıması ilə bağlı "ilkin əlamətlər" görüb, Ağ Evin sözçüsü John Kirby deyib.
O, bununla bağlı əlavə məlumat verməyib.
Lakin Kirby jurnalistlərə ABŞ-ın qəza ilə bağlı araşdırmaya kömək təklif etdiyini də bildirib.
Azərbaycana məxsus təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstana yönləndirilməzdən əvvəl Çeçenistanda eniş etməyə cəhd edərkən Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən atəşə tutulduğu və orada qəzaya uğradığı güman edilir.
Kreml məsələyə şərh verməkdən imtina edib, hətta Rusiya hökuməti çərşənbə günü bu qəza barədə "fərziyyələr"in irəli sürülməsinə dair xəbərdarlıq da edib.
Lakin Rusiyanın mülki aviasiya agentliyinin rəhbəri açıqlayıb ki, Ukraynanın pilotsuz təyyarələrinin bölgəyə endirdiyi zərbələrə görə Çeçenistanda vəziyyət "çox mürəkkəbdir".
Washington Post Kirby-yə istinadla yazır ki, ABŞ-ın gördüyü əlamətlər zədələnmiş təyyarəylə bağlı yayılmış fotolarda görünənlərdən daha çoxunu əhatə edir.
Azərbaycandakı aviasiya ekspertləri və digərləri hesab edirlər ki, təyyarənin GPS sistemləri elektron tıxaclardan təsirlənib və daha sonra Rusiya hava hücumundan müdafiə raketlərinin partlaması nəticəsində ətrafa səpələnən qəlpələrdən zədələnib.
Rəsmi Bakı birbaşa Rusiyanı ittiham etməyib. Amma cümə günü verilmiş rəsmi açıqlamalardan məlum oldu ki, Azərbaycan araşdırmanın ilkin nəticələri əsasıında hesab edir ki, təyyarənin Aktauda qəzaya uğramasına səbəb "kənar müdaxilə"dir və istintaq və silahın növünü araşdırır.
Bunu 40-a yaxın adamın ölməsi, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən Bakı-Qroznı təyyarəsinin qəzaya uğramasını araşdıran Dövlət Komissiyasının üzvü, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
"Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək", - o bildirib.
"Sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub", - nazir deyib.
"Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq", - rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib.
Bundan əlavə, nazir təyyarədə oksigen balonunun partlaması iddiasının da Rusiya tərəfdən irəli sürüldüyünü diqqətə çatdırıb.
"Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib", - Rəşad Nəbiyev əlavə edib.
Təyyarə qəzasında sağ qalan bələdçi: Qroznıda "təyyarəyə zərbə dəydi"

Şəklin mənbəyi, APA
AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin sağ qalmış bələdçisi Zülfüqar Əsədov deyib ki, Qroznıda təyyarəyə zərbələr dəyib və onun qolu yaralanıb.
O, yerli mediaya müsahibəsində deyib ki, Bakıdan səhər saat 8-də çıxıblar, Qroznıya eniş edərkən duman olduğu görünüb.
"Qatı duman idi. Eniş etmək lazım idi. Kapitan enişə başladı. Gördü ki, görünmür. Yenidən təyyarəni yuxarı qaldırmağa məcbur oldu. Qalxdı ikinci dəfə dövriyyə də alınmadı eniş etmək üçün. Üçüncü dəfə yenə cəhd etdi. Gördü üçüncü dəfə də alınmır, yaxında olan başqa bir aeroportu nəzərdə tutaraq, təyyarəni təkrar qaldırmağa məcbur oldu", - bələdçi deyib.
Onun sözlərinə görə, təyyarə qayıtmağa çalışdığı məqamda çöldən təyyarəyə 3 dəfə zərbə dəyib və o, qolundan yaralanıb.
"Elə bil baltayla kimsə qoluma vurdu, kəsik var idi qolumda, dərim o formada aralanmışdı".
Zülfüqar Əsədov deyir ki, təyyarə uçuşa davam edib:
"Sonra məsləhətləşib, başqa aeroporta davam etməyə qərar verdilər ki, suya eniş edəcəyik. Sərnişinlərə jilet paylandı. Sonra pilot bələdçi qıza dedi ki, suya yox, quruya eniş edəcəyik. Bildiyimə görə, suya eniş etmək hamının ölümünə səbəb ola bilərdi. Təyyarə parçalanacaqdı. Quruya eniş etdilər."
O, Aktaudakı enişi təsvir edərkən bildirib ki, pilotlar öz həyatlarına risk edərək təyyarəni ön təkərləri üzərində yerə endirib və bu zaman təyyarənin baş hissəsi parçalanıb.
Zülfüqar Əsədov xatırlayır ki, təyyarənin onun da olduğu qalan hissəsi də dayanana qədər yerdə sürünüb: "Arxadakı qapını açdıq və sərnişinləri tələsdirdim ki, tez çıxın. Ora gələn qazaxıstanlı işçilərə də dedim ki, biriniz gəlib kömək edin, mən yaralıyam. Onlar da kömək etdilər".

Şəklin mənbəyi, Issa Tazhenbayev/AA
Çeçenistan paytaxtında vəziyyət "çox mürəkkəbdir"
Rusiya Mülki Aviasiya Agentliyinin rəhbəri cümə günü deyib ki, Çeçenistan paytaxtında vəziyyət "çox mürəkkəbdir" və orada hava məkanının bağlanması protokolu tətbiq olunub.
"Ukraynanın hərbi dronları Qroznı və Vladiqafqazda mülki infrastruktura terror hücumu edib",- Rosaviasiyanın rəhbəri Dmitri Yadrov Rusiyanın TASS xəbər agentliyinə videoaçıqlamasında deyib.
O vurğulayıb ki, Qroznı aeroportu ətrafında sıx duman var. Dmitri Yadrov həm də deyib ki, bütün təyyarələr təqdim olunmuş bəlli plana əsasən Qroznı aeroportu ərazisindən təcili uzaqlaşdırılıb.
Qazaxıstan yaralıları müalicə edib və istintaq prosesində Azərbaycanla yaxından işləyib. Lakin onlar qəzanın təhqiqatı ilə bağlı detalları açıqlamaqdan yayınıblar.
Bakıdan gələn xəbərlərə görə, həm Rusiya, həm də Qazaxıstan MDB komissiyasının qəzanı təhqiq etməsini təklif edib. Lakin Azərbaycan yalnız keçmiş Sovet ölkələrinin təhqiqatındansa, beynəlxalq araşdırma aparılmasını istəyib.
AZAL "riskləri nəzərə" alaraq Rusiyanın 10 şəhərinə uçuşları dayandırıb

Şəklin mənbəyi, Emergency Situations of Kazakhstan/Anadolu via Getty Images
AZAL ona məxsus təyyarənin "fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq" Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb.
Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqoroq, Vladiqafqaz şəhərlərinə uçuşlar dekabrın 28-dən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır.
Qroznı və Mahaçqalaya isə dekabrın 25-dən uçuşlar dayandırılıb, AZAL bildirib.
Dekabrın 25-də Bakı-Qroznı təyyarəsi Aktauda qəzaya uğrayıb, 40-a yaxın adam həlak olub, 20-dən çox yaralı var. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Azərtac yazıb ki, bu gün Bakıdan Mineralnıye Vodı şəhərinə uçan AZAL-a məxsus sərnişin təyyarəsi səhər saatlarında Azərbaycanın hava məkanın tərk etmədən geri qayıdıb.
Bu axşam Bakıdan Mahaçqalaya uçacaq olan sərnişin təyyarəsi reysinin də ləğv edildiyi barədə flightradar24 platformansında məlumat var.
AZAL dekabrın 25-də Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
"Təhlükəsizlik səbəbindən Qroznı və Mahaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir", - AZAL-ım məlumatında deyilir.
Qurum bildirib ki, vəziyyətlə əlaqədar sadalanan istiqamətlər üzrə bileti olan sərnişinlərin ödənişlərini tam geri qaytara və ya biletlərin ödənişsiz dəyişdirə bilərlər.
Dekabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin aşağı büdcəli hava yolu şirkəti FlyDubai yanvarın 2-si və 3-dək Soçi və Mineralnye Vodı şəhərlərinə olan uçuşları ləğv edib, TASS xəbər agentliyi hava yolu şirkətinə istinadən yazıb.
Hər iki istiqamət üzrə bu şəhərlərə uçuşlar müvafiq olaraq, "dekabrın 27 və 28-dən, yanvarın 2-si və 3-dək ləğv edilir", TASS şirkətə istinadən yazıb.
Xəsarətlər "əsas sınıqlardır, küt travmalardır" - Azərbaycanın səhiyyə naziri

Aktau yaxınlığında sərnişin təyyarəsində qəzaya uğradıqdan sonra Bakıya gətirilərək, "Yeni Klinika"ya yerləşdirilən yaralıların xəsarətləri "əsas sınıqlardır, küt travmalardır".
Azərbaycanın səhiyyə naziri Teymur Musayev cümə günü BBC-nin sualına cavab olaraq bildirib.
"Yaralıların hansı səbəbdən travma - qəlpə, güllə yarası aldıqlarını konkret deyə bilmərik", cənab Musayev vurğulayıb.
Qazaxıstanda çərşənbə günü qəzaya uğramış təyyarədən sağ çıxan bəzi yaralılar və həlak olanların nəşi cümə axşamı Bakıya gətirilib.
Yeni Klinikadan BBC-yə bildiriblər ki, qəzadan sağ çıxan 7 nəfər Yeni Klinikada stasionar müalicə alır.
Sərnişin təyyarəsi qəzasında həlak olan sərnişinlərdən iki nəfərin nəşi ailələrinə təhvil verilib.
Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30-dan çox adam həlak olub, yaralılar var. Təyyarədə beşi ekipaj üzvü olmaqla, 62 sərnişin olub.
Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama yoxdur.
İsrail "Rusiyanın hava məkanında baş verənləri" əsas gətirərək, gələn həftə Rusiyanın paytaxtı Moskvaya uçuşları dayandırır.
Bu arada, qəzaya uğramış təyyarənin ikinci qara qutusunun tapıldığı bildirilir, Kazaxıstan mediası yazıb.
AZAL bildirib ki, xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi müəyyən edilib.

Şəklin mənbəyi, Issa Tazhenbayev/Anadolu Agentliyi
"Təyyarə oktyabr ayında tam təmirdən çıxıb"
Azərbaycandan Rusiyaya uçan, amma sonradan Qazaxıstanda qəzaya uğrayan təyyarə "oktyabr ayında tam təmirdən çıxıb", texniki nasazlıq olmayıb.
Bunu cümə axşamı günü AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə deyib.
Bakı-Qroznı reysi ilə uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində 30-dan çox adam ölüb, yaralılar var. Ekipaj üzvlərinin bəziləri, o cümlədən pilotlar həlak olub.
"Pilotlarımız peşəkar olub, onlar 10 min saatdan çox uçuş ediblər. Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb", - AZAL-ın prezidenti Samir Rzayev vurğulayıb.
Bu gün ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller X sosial media hesabında "Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına kömək etməyə hazır olduqlarını" yazıb.
Cümə axşamı günü Azərbaycan Səhiyyə Nazirliyi Bakı-Qroznı reysi üzrə uçmalı olan "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində vəfat etmiş 25 sərnişin və ekipaj üzvünün siyahısını açıqlayıb.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı bu gün jurnalistlərə açıqlamasında deyib ki, "təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır".
"Lazımi tibbi proseduralardan sonra cənazələr də Azərbaycana göndəriləcək", - o vurğulayıb.
Cənab Süleymanlı həmçinin "eyni zamanda, DNT analizlərinə də ehtiyac olacağını" da əlavə edib.

Şəklin mənbəyi, APA
Azərbaycanın Baş Prokurorluğu bildirib ki, zərərçəkmiş şəxslərin kimliyini aşkar etmək üçün onların yaxınlarından qan analizi götürülüb.
AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə Azərbaycanda dekabrın 26-da matəm günü elan edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Cümə axşamı qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Azərbaycanda yaradılmış Dövlət Komissiyası bildirib.
29 nəfər qəzadan sağ çıxıb və müalicə olunur, - Azərbaycan Baş Prokurorluğu və Azərbaycan Hava Yolları (AZAL) ASC-nin çərşənbə günü keçirdiyi birgə brifinqində bildirilib.

Şəklin mənbəyi, Anadolu agentliyi/Getty Images
"... bu, hava hücumundan müdafiə raketinin partlamasına çox bənzəyir"
Qəzadan sonra sosial mediada yayııan görüntüləri təhlil edən havadan müdafiə ekspertləri bildirirlər ki, qəzaya uğramış təyyarənin içi və çölündəki izlər Rusiyanın Qroznıda havadan aktiv müdafiə olunduğunu göstərir.
"Təyyarənin arxasında və solunda görünən qəlpə izlərinə baxdıqda, bu, hava hücumundan müdafiə raketinin partlamasına çox bənzəyir", - Sibylline şirkətinin risklər üzrə məsləhətçisi Justin Crump BBC Radio 4-ə deyib.
Braziliya istehsalçısı olan Embraer Boeing və Airbus-un kiçik rəqibidir və şirkət ciddi təhlükəsizlik tarixçəsinə malikdir.
Dekabrın 25-də, qəza baş verən günü nə olub?
AZAL-ın məlumatına görə, təyyarədə 62 sərnişin, beş ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Kazinform xəbər agentliyi yazıb ki, ilkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.
AZAL-dan BBC-yə verilən məlumata görə, Bakıdan Qroznıya uçan təyyarə "dumanlı hava şəraitinə görə Qroznıya eniş edə bilməyib və Qazaxıstanın Aktau şəhərinə tərəf istiqamətlənib".
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb.
Kazinform agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat prokurorluğunun nümayəndəsi Timur Süleymanov məlumat verib.
AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə yerli fövqəladə vəziyyət tətbiq edilib, Qazaxıstan mediası yazıb.

Azərbaycan və Qazaxıstanda qəzanın araşdırılması ilə bağlı dövlət komissiyaları yaradılıb.
Baş Prokurorluqdan BBC-yə bildiriblər ki, sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb, istintaq qrupu Qazaxıstana ezam olunub.
Hadisə ilə bağlı Prezident İlham Əliyev müşavirə keçirib, Azərtac yazıb.
İlham Əliyev deyib ki, ona təyyarənin pis hava səbəbindən marşrutunun dəyişdiyi deyilib, amma qəzanın səbəbləri onlara bəlli deyiI:
"Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır", - o bildirib.
Prezident Əliyev çərçənbə günü Rusiyaya uçub, təyyarə qəzası barədə məlumat aldıqda sonra isə geri dönüb, prezident.az xəbər verib.
AZAL elan edib ki, istintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Qurum digər istiqamətlərdə uçuşların "ştat rejimində cədvələ uyğun həyata keçiriləcəyini bildirib".
AZAL-ın uçuşların təhlükəsizliyi idarəsinin rəis müavini Fərhad Nəsirov İctimai TV-yə müsahibəsində təyyarənin qəzadan az əvvəl uçusunun əks olunduğu, sosial mediada yayılan görüntüləri şərh edib:
"Məncə, orda pilotlar idarəetməni itiriblər, çünki, məncə, orda hidravlik maye ilə baglı problem olub. Bir də təyyarədə "radr" və "elavatr" deyilən idarəetmə qurğuları var. Yəqin onlarda problem var".
Fərhad Nəsirov deyib ki, təyyarədə uçuşdan qabaq hər hansı texniki nasazlıq olmayıb.

Şəklin mənbəyi, Agibay Ayapbergenov/Kazinform
Xəzər dənizi sahilindəki Aktau şəhərində təyyarə qəzası ilə əlaqədar qazaxıstanlılar Azərbaycanın Astanadakı səfirliyi qarşısında gül dəstələri qoyublar, Kazinform İnformasiya Agentliyi yazıb.
Agentlik bildirib ki, Azərbaycan xalqı ilə kədərlərini bölüşən Astana sakinləri başsağlığı veriblər.

Şəklin mənbəyi, Azamat Sarsenbayev
Prezident İlham Əliyev təyyarə qəzasına görə, Rusiyaya səfərini təxirə salıb, president.az saytı məlumat verib.
Prezident Əliyev bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşmüşdü.
"Prezident İlham Əliyev Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında ona məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib", prezident.az saytı yazıb.
Təyyarə qəzası ilə bağlı Türkiyə, Rusiya, İran, Ermənistan və digər ölkələrin rəhbərləri, baş nazirləri, eləcə də ABŞ, Böyük Britaniya və Avropa İttifaqının Azərbaycandakı səfirlikləri başsağlığı veriblər.

Şəklin mənbəyi, kazpravda
Sosial medada yayılan video görüntülərdə AZAL-a məxsus təyyarənin sürətlə yerə doğru endiyi və qəfil alov çıxdığı, sonrakı görüntülərdə isə təyyarənin bir hissəsinin olmadığı görünür.
Qəzanın səbəbləri barədə hələlik rəsmi açıqlama yoxdur.
Sosial mediada yayılmış videolarda sarsıdıcı görüntülər var. Qəzaya düşmüş şəxslər ağrıdan qışqırır, nalə çəkir.
Qəzanın ardınca fövqəladə hallar, təcili yardım xidmətlərinin əməkdaşlarının qəza yerində işlədiyi görünür.
Bir videoda qəzaya uğramış təyyarənin parçalarının üstündə dəliklər görünür. Bununla bağlı təhqiqat aparıldığı bildirilir.
Bakı ilə Qroznı arasında quru yolla məsafə təxminən 540 km-dir.
Azərbaycanın quru yolları 2020-ci ildən - Covid-19 pandemiyasına görə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu həm də milli təhlükəsizlik məsələsi ilə əlaqələndirib.
Sosial mediada bəzi istifadəçilərin qəzəbli şərhlərini görmək olur. Onlar yazırlar ki, əgər sərhədlər açıq olsaydı, qatarla, avtobus və ya maşınla Çeçenistana səyahət etmək daha rahat olardı.
BBC-nin aldığı məlumata görə, qəzaya uğrayan Embraer sərnişin təyyarəsinin istehsalçısı olan Braziliya müəssisəsi qəzanın səbəbələrinin araşdırılması ilə bağlı öz komandasını göndərməyə hazırlaşır.
"Bütün tərəflərə kömək etməyə hazırıq", - Embraer şirkətinin sözçüsü BBC-yə deyib.
AZAL-dan BBC-yə bildirilib ki, qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma aparılır.
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə ezam olunublar, Azərtac yazıb.
Qazaxıstan mediası yazır ki, təyyarə Xəzər dənizi üzərində "SOS" siqnalı verib.
Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.
AZAL-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb.









