AZAL qəzasında Rusiya izinə dair iddialar Azərbaycan hökumətinə yaxın mənbələrdə güclənir

Aktau təyyarə qəza AZAL Rusiya Azərbaycan, qəza, Qazaxıstan, Qroznı

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Könül Xəlilova, Henri Astier
    • Vəzifə, BBC News

Azərbaycan hakimiyyətinə yaxın mənbələr AZAL təyyarəsinin Rusiyanın havadan müdafiə sistemi tərəfindən vurulduğu iddialarını səsləndirirlər.

Rusiya hökuməti çərşənbə günü Rusiyaya uçan və 38 nəfərin ölümü ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması barədə "fərziyyələr"in irəli sürülməsinə dair xəbərdarlıq edib.

Təyyarənin dağılan hissəsinə aid görüntülər gövdədəki zədələrin qəlpə izləri ola biləcəyi ehtimalını gücləndirir və bəzi aviasiya ekspertləri Azərbaycan Hava Yollarına aid təyyarənin Rusiyanın Çeçenistan Respublikasında hava hücumundan müdafiə sistemləri vasitəsilə vurula biləcəyi iddiasını ortaya qoyurlar.

Azərbaycan Baş Prokurorluğundan BBC Azərbaycancaya deyilib ki, hazırda istintaq gedir və bütün versiyalar araşdırılır.

Bakı-Qroznı reysi ilə uçan təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğramazdan əvvəl, Qroznıdan Xəzər dənizi boyu - Qazaxıstanın cənubuna tərəf istiqamətləndirilib.

Azərbaycan hökuməti üçün Rusiyanı birbaşa günahlandırmaq çətin olacaq

Azərbaycanın hakimiyyətyönlü mediasında Moskvanın öz səhvlərinə görə üzr istəməsi ilə bağlı Rusiyaya təzyiq artır.

Hakimiyyətyönlü medianın şərhçiləri deyirlər ki, Azərbaycan Rusiyanın təyyarənin vurulmasını etiraf etməsini gözləyirlər.

Dekabrın 26-da axşam saatlarında Azərbaycan hakimiyyətinin ciddi nəzarəti altnda olan bir sıra televiziya kanalları Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin Rusiya tərəfindən vurulması versiyasının mümkün olduğunu açıq söyləyən ekspertlərlə müsahibələr yayımlayıblar.

Putini qəzəbləndirməkdən çəkinən Azərbaycan hökuməti üçün, Moksva təyyarənin vurulduğunu özü etiraf etməyənə qədər, Rusiyanı birbaşa günahlandırmaq çətin olacaq.

Görünür, Azərbaycan və Qazaxıstanın istintaq qruplarının bununla bağlı artıq dəlilləri var, amma onlar ilk öncə Rusiyanın bunu elan etməsini gözləyirlər.

Amma bundan sonra Moskva bu suallara da cavab verməlidir: əgər hərbi fəallıq var idisə, Rusiya niyə hava məkanını bağlamayıb və niyə vurulmuş təyyarəyə mümkün qədər tez eniş etmək imkanı yaratmayıb, əvəzində onlar Aktauya istiqamətləndiriliblər?

AZAL, təyyarə, Rusiya, Azərbaycan, qəza, Qazaxıstan, Qroznı

Şəklin mənbəyi, Reuters

Göyərtədə olan 67 nəfərdən 29-u xilas ola bilib. Azərbaycan qəza qurbanlarının xatirəsinə ehtiram olaraq cümə axşamı gününü milli matəm günü elan edib.

"Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir", - Preizdent İlham Əliyev deyib.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada bildirib ki, "araşdırma yekunlaşmamışdan əvvəl hər hansı fərziyyə irəli sürmək yanlış olardı. Əlbəttə, biz bunu etməyəcəyik və heç kəs bunu etməməlidir. Araşdırma bitənədək gözləməliyik".

Embraer 190 sərnişin təyyarəsi çərşənbə günü səhər saatlarında Azərbaycanın paytaxtı Bakıdan uçub. Təyyarə Çeçenistanın Qroznı şəhərinə enməli olsa da, havanın dumanlı olması səbəbilə istiqaməti dəyişdirilib, AZAL açıqlamasında deyib.

Sağ qalmış sərnişinlərdən biri bildirib ki, pilot havanın qatı dumanlı olmasına baxmayaraq, iki dəfə Qroznıya enməyə cəhd edib, "üçüncü cəhddə isə nəsə partladı… təyyarə səthinin bəzi hissəsi havaya uçdu".

Aktau təyyarə qəza AZAL Rusiya Azərbaycan, qəza, Qazaxıstan, Qroznı

Şəklin mənbəyi, EPA

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Təyyarə 450 kilometr şərqə Aktau hava limanına yönləndirilib. Yayılan videolarda enmə zolağına 3 kilometr qalmış təyyarənin sürətlə yerə doğru hərəkət etdiyi görünür. Daha sonra təyyarə alova qərq olur.

Qazaxıstan rəsmiləri təyyarənin "qara qutu"sunu aşkar ediblər və araşdırmalar davam edir. Qəzadan az sonra Rusiyanın dövlət mediaları qəzaya təyyarənin quş dəstəsi ilə toqquşmanın səbəb olacağı ehtimalını yazırdılar.

Aviasiya analitiki Richard Aboulafia Reuters agentliyinə müsahibəsində deyib ki, təyyarələr quş sürüsü ilə toqquşduqları zaman onlar bir qayda olaraq yaxınlıqdakı aerodromlara yönəldilir.

"Bu halda, təyyarədə idarəetməni itirə bilərsiniz, lakin bunun nəticəsində uzaq məsafəyə uçmağa ehtiyac olmur", - analitik əlavə edib.

Sibylline risk tövsiyə şirkətinin əməkdaşı Justin Crump hesab edir ki, təyyarənin həm içərisindəki, həm də çöl hissəsində olan zədələr göstərir ki, qəzaya Rusiyanın Qroznıdakı hava hücumlarından müdafiə sistemi səbəb ola bilər.

"Qəlpə izlərinə baxanda görürük ki, hava hücumundan müdafiə sisteminə aid partlayıcı təyyarənin arxa və sol hissəsində partlayıb", - Justin Crump BBC Radio 4-ə müsahibəsində deyib.

Hökumətyönlü saytlar nə yazır?

Azərbaycanda hökumətyönlü caliber.az saytı da özünün "etibarlı hökumət mənbələrinə" istinadla yazıb ki, qəzanın ibtidai istintaqı zamanı "təyyarənin Rusiyanın Qroznıdakı Pantsir-S hava müdafiə sistemi tərəfindən hücuma məruz qaldığı" məlum olub.

Bundan əlavə, sayt iddia edib ki, Rusiyanın elektron hərb sisteminin müdaxiləsi nəticəsində Azərbaycan təyyarəsinin kommunikasiya sistemi "tamamilə iflic vəziyyətə salınıb".

Caliber həmçinin Rusiya hakimiyyətinin Qroznıda və ya yaxınlıqdakı hər hası digər aeroportda eniş etməyə niyə icazə vermədiyini suallandırıb.

Bununla belə sayt sərnişin təyyarəsinə edilən electron müdaxilənin, eləcə də hücumun "qəsdən edilmədiyini" və həmin vaxt Rusiya hərbi hava sistemlərinin Ukraynaya məxsus dronları hədəf almağa çalışdığını diqqətə çatdırıb.

Digər bir hökuməyönlü AnewZ kanalı da deyib ki, ilkin istintaq təyyarənin Rusiyaya məxsus Pantsir-S müdafiə sistemindən atılmış bomba parçası ilə vurulduğunu təsbit edib.

Rusiyanın İnquşetiya və Simali Osetiya regionlarındakı rəsmiləri çərşənbə günü dron hücumları barədə məlumatlar yayıblar, Reuters xəbər agentliyi yazıb.

Qazaxıstan Senatının rəhbəri Maulen Aşimbayev qəzanın səbəbinin hələlik bilinmədiyini qeyd edib.

"Nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan informasiyanın gizlədilməsində maraqlı deyil. Bütün məlumatlar ictimaiyyətə açıqlanacaq", - Aşimbayev deyib.

Göyərtədə olanların böyük əksəriyyəti Azərbaycan vətəndaşları olub, lakin orada müəyyən sayda Rusiya, Qazaxsıtan və Qırğıstan vətəndaşları da olub.

Video kadrlarda sağ qalmış şəxslərin dağıntılar altından sürünərək çıxdıqları və bəzilərinin üz və bədənlərində gözlə görünə bilən yaraların olduğu görünür. Yaralıların xəstəxanada müalicəsi davam etdirilir, onlardan 11-i intensiv müalicə altındadır, AFP xəbər agentliyi bildirib.

Braziliya istehsalı olan Embraer sərnişin təyyarəsi Boeing və Airbus təyyarə istehsalçılarının kiçik rəqibidir və çox güclü təhlükəsizlik göstəricisinə malikdir.