"Sputnik"in beş azərbaycanlı jurnalisti polis nəzarətinə verilib

Rusiya Azərbaycan siyasət

Şəklin mənbəyi, İctimai TV

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rusiyanın Sputnik-Azərbaycan agentliyinin beş azərbaycanlı jurnalisti polis nəzarətinə verilib.

Rusiyada azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatdan sonra Azərbaycanda Sputnik-Azərbaycan-ın Bakıdakı ofisində polis əməliyyat keçirmiş və bəzi əməkdaşlar saxlanmışdı.

Rusiyada azərbaycanlılara hücumda iki nəfər öldürülmüş, yaralananlar və saxlananlar olub.

Yerli media yazır ki, iyunun 30-da Bakıda agentliyinin ofisində polisin keçirdiyi əməliyyatında saxlanılmış 5 əməkdaşı həbsdən azad edilərək polis nəzarətinə verilib.

Beş nəfərin hamısı Azərbaycan vətəndaşıdır.

"Sputnik Azərbaycan" Rusiya dövlət büdcəsindən maliyyələşir.

Bu ilin fevral ayında quruma ofisini bağlanmasıyla bağlı Azərbaycan hökuməti tərəfindən göstəriş verilib.

Britaniya səfiri Rusiyada azərbaycanlılara qarşı hücumdan yazıb: "Bizi dərin şəkildə qayğılandırır"

Fergus Auld Britaniya səfiri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Rusların azərbaycanlılara qarşı zorakılığı iyun ayında Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlı öldürülüb

Şəklin mənbəyi, Azertac

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Rusiyada azərbaycanlıların üzləşdiyi son hadisələrin onları "qayğılandırdığını" yazıb.

"Rusiyada Azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır", o özününü X sosial media hesabında belə yazıb.

Öldürülənlərin ailələrinə başsağlığı verən səfir, ölkəsinin Azərbaycana dəstəyini ifadə edib: "Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik", - o yazıb.

İyunun 27-i səhər saatlarında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburq şəhərində silahlı əməliyyat keçirib.

Əməliyyat zamanı iki azərbaycanlı ölüb, onlardan biri Rusiya, digər isə Azərbaycan vətəndaşı olan iki qardaşdır.

Rusiya İstintaq Komitəsi əməliyyatın ötən illər ərzində baş vermiş cinayət işləri əsasında aparıldığını açıqlayıb.

Azərbaycan Baş prokurorluğu bildirib ki, Azərbaycan vətəndaşlarına saxlanan zaman "fiziki zorakılıq və işgəncələr tətbiq edilib".

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

"Rusiyada Azərbaycan vətəndaşlarına fiziki zorakılıq və işgəncələr tətbiq edilib" - Baş Prokurorluq

Rusiya, Azərbaycan, Baş Prokurorluq, cinayət, insan haqları, miqrasiya, immiqrant, miqrantlar

Şəklin mənbəyi, Azərtac

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Azərbaycan Baş Prokurorluğu Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarından yeddisinə qarşı fiziki zorakılığın və işgəncələrin tətbiq edildiyini bildirib.

Bu barədə qurum iyulun 2-də keçirdiyi brifinqdə yerli mediaya məlumat verib.

Prokurorluq Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində ən azı 14 nəfərin saxlandığını və onlardan 12-nin Azərbaycan vətəndaşı olduğunu deyib.

Rusiya mediası 50-dən çox etnik azərbaycanlının saxlanıldığını yazıb.

Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov bildirib ki, hadisə nəticəsində ölən Ziyəddin Səfərov evdən aparılarkən sağlam olub.

"Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb", - Pərviz Cəlilov brifinqdə deyib.

Qurum həmçinin Azərbaycanda da istintaqın aparılması ilə bağlı məsələyə də toxunub.

Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərovun sözlərinə görə, Azərbaycanda istintaqın aparılması hansısa dövlətin daxili işinə qarışmaq məqsədi daşımır.

O deyib ki, əgər hadisə zamanı bir və ya bir neçə Azərbaycan vətəndaşına qarşı "amansızlıq nümayiş etdirilirsə" və onların hüquqları kütləvi şəkildə pozulursa, bu halda Azərbaycanın hadisəyə reaksiyası normaldır və bu Azərbaycan Cinayət Prosessual Məcəlləsində də öz əksini tapıb.

O əlavə edib ki, Azərbaycanda meyitlərin ekspertizası keçirildikdən sonra, ölüm səbəblərini xəstəliklə bağlamaq "ağılabatan deyil".

Baş Prokurorluq Rusiya ilə qarşılıqlı şəkildə Yekaterinburqda baş verən cinayətin açılmasına nail olacaqlarını və cinayətkarların öz cəzalarını alacaqlarına ümid etdiyini bildirib.

Bakıda ekspertiza rəyi: Rusiyada öldürülən azərbaycanlıların meyitlərində "xəsarət izləri var"

Səfərov qardaşlarının meyitləri Yekaterinburqdan gətirilib Bakıda ekspertiza olunandan sonra Ağcabədidə dəfn olunublar

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Yekaterinburqdan gətirilən Səfərov qardaşlarının meyitləri Bakıda ekspertiza olunduqdan sonra Ağcabədidə dəfn olunub.

Azərbaycan Baş Prokurorluğu Rusiyada öldürülən azərbaycanlılarla bağlı cinayət işi qaldırıb.

Prokurorluq bildirib ki, cinayət işi onların "Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri" üzrə açılıb.

Rəsmi məlumata görə, Rusiyanın hüquq-mühazifə orqanlarının əmakdaşlarına qarşı bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, işgəncə vermə və başqa iddialar da daxil, Azərbaycan Cinayət Məcəlləsinin yeddi maddəsi üzrə cinayət işi başlanılıb.

Baş Prokurorluq bildirib ki, Rusiyanın səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən başqa saxlanılan şəxslərə qarşı da "işgəncələr olub və onlar müalicə alırlar".

Yekaterinburqdan gətirilib Bakıda ekspertiza olunan Səfərov qardaşlarının meyitlərində "xəsarət izləri aşkarlanıb", rəsmilər deyib.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib ki, hər iki qardaşın meyiti yerli mütəxəssislər tərəfindən nəzərdən keçirilib, ölümün səbəblərinin posttravmatik şok olduğu aşkarlanıb.

Ədalət Həsənov deyib ki, Hüseyn Səfərovun meyitində gözlə görünən çoxlu xəsarət var.

Onun sözlərinə görə, Ziyəddin Səfərovun Rusiyada verilən ölüm sənədində onun xəstəlikdən öldüyü yazılıb, ona kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu qoyulub.

"Daxili müayinələr zamanı isə aşkar etdik ki, başın dəri örtüyünün səthində qansızmalar, döş qəfəsinin küt travması-sıxılması müşahidə edilib. Qabırğasının biri isə yox idi. Beləliklə, Ziyəddin Səfərov çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş postravmatik şok nəticəsində ölüb", - Ədalət Həsənov deyib.

Baş direktor bildirib ki, meyitlərin müayinəsi gecəyarısı başa çatıb, sonra isə Səfərov qardaşlarının cənazəsi Ağcabədiyə aparılaraq orda də dəfn olunublar.

Rusiyada azərbaycanlıların öldürülməsindən sonra, polis "Sputnik Azərbaycan"ın iki rəhbərini saxlayıb

Azərbaycanda Rusiyanın "Sputnik Azərbaycan" agentliyinin iki əməkdaşının saxlandığı deyilir. Yerli media onların Rusiya FTX əməkdaşı olduğunu iddia edib.

Şəklin mənbəyi, İctimai TV

Bakıda Sputnik Azərbaycan xəbərlər bürosunun rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb, Sputnik yazıb.

Azərtac-ın məlumatına görə, Daxili İşlər Nazirliyi qurumda "qanunsuz maliyyələşmə əsasında" fəaliyyətə görə araşdırmalara başlayıb.

Bu, iyunun 27-də Rusiyada azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin hücumundan sonra baş verir.

Həmin hücumda iki azərbaycanlı öldürülüb, ikisi yaralanıb, bəziləri saxlanıb.

"Sputnik Azərbaycan"ın saxlanmasına görə, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-nə çağrılıb.

Bakı Yekaterinburqda azərbaycanlılara qarşı hücuma kəskin reaksiya verib.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni azərbaycanlılara qarşı "qəbuledilməz zorakılıq" kimi qiymətləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı hücumla bağlı Bakıya "lazımi izahatlar" verilib.

Amma bu açıqlamadan sonra, Azərbaycan Mədəniyyət Nazirliyi elan edib ki, Rusiyanın dövlət və özəl xəttlə Azərbaycanda keçirəcəyi bürün mədəni tədbirlər ləğv olunur.

O cümlədən, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfərinin də ləğv edildiyi bildirilib.

Rusiya İstintaq Komitəsindən Komsomolskaya Pravda-ya bildirilib ki, əməliyyat ötən illərdə baş vermiş cinayət işlərinə görə keçirilib.

Deputat Rasim Musabəyov hadisəni "şiddət" adlandırıb və bunu azərbaycanlıların Rusiyadan "nümayişkaranə qovulması əməliyyatı" kimi təsvir edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin hücumu ilə üzləşmiş azərbaycanlılar Azərbaycan mediasına deyiblər ki, onlar işgəncə ilə üzləşiblər.

Rusiya Federasiyası İstintaq Komitəsi iyunun 28-də yaydığı açıqlamada "etnik cinayət qruplaşmasına qarşı" əməliyyat keçirdiyini deyir.

Bu məlumatda hansı etnik qrupdan söhbət getdiyi açıqlanmasa da, məlumatın yayılması Yekaterinburqdakı hadisədən sonraya təsadüf edir.

Azərbaycanın Rusiyadakı səfiri bu ölkənin XİN-nə çağırılıb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iyunun 30-da Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, TASS agentliyi yazıb.

Rusiya XİN-dən agentliyə bildirilib ki, səfirin çağırılması Azərbaycanda rusiyalı jurnalistlərin "qanunsuz həbsi" ilə əlaqədardır.

İyunun 30-da Daxili İşlər Nazirliyi (DİN) "Rossiya Seqodnya" agentliyinin Bakıdakı filialı olan "Sputnik Azərbaycan" media orqanının ofisində əməliyyat keçirib və iki nəfəri saxlayıb, Azərtac DİN-ə istinadla yazıb.

Nazirlik bildirib ki, "Sputnik Azərbaycan"ın akkreditasiyası dayandırılsa da, media orqanı "qanunsuz maliyyələşmə" əsasında fəaliyyətini davam etdirib.

DİN məsələ ilə bağlı araşdırma başlatdığını açıqlayıb.

Rusiya XİN isə rəsmi Bakının bu addımını "qeyri-dost hərəkət" adlandırıb.

Nazirlik bu günədək Azərbaycan tərəfindən həmin jurnalistlərlə bağlı hər hansı şikayət daxil olmadığını diqqətə çatdırıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə yerli mediaya açıqlamasında bildirib ki, Azərbaycandakı rus diplomatlara jurnalistlərlə görüşə icazə verilmir və bunun səbəbi barədə hələlik rəsmi Bakı onlara izahat verməyib.

"Sputnik Azərbaycan" isə Azərbaycanda işləmək üçün heç bir rəsmi qadağa almadıqlarını, mümkün fikir ayrılıqlarının aradan qaldırılması üçün işçi qrupları səviyyəsində dialoqun aparıldığını bildirib, TASS yazıb.

"Sputnik" yazıb ki, Rusiya səfirliyinin əməkdaşlarına saxlanılanlarla görüşə icazə verilməyib.

Azərbaycan tərəfinin bu iddialara münasibəti hələlik bəlli deyil.

Bazar günü Mədəniyyət Nazirliyi açıqlayıb ki, Rusiyanın Azərbaycanda keçirəcəyi bütün mədəniyyət tədbirləri ləğv edilib.

Azərtac nazirliyə istinadən xəbər verib ki, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edilir.

Milli Məclisin deputatı Nigar Məmmədova Azərtac-a açıqlamasında deyib ki, azərbaycanlılara qarşı "törədilən zorakılığa görə" Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv edilib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan hökuməti "yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin səfərində heç bir əhəmiyyət görmür".

İyunun 27-də Rusiyada, Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb, ikisi yaralanıb. Doqquz azərbaycanlının saxlanıldığı deyilir. Həmin gün 10-dan çox mənzildə axtarış aparılıb, Azərtac yazıb.

Saxlananlardan bəziləri barəsində həbs-qətimkan tədbiri seçilib.

Rusiyada öldürülən azərbaycanlıların "cənazələri Bakıya göndəriləcək"

Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının hücumu nəticəsində öldürülən iki azərbaycanlı qardaşın meyiti yaxınlarına verilib.

Şəklin mənbəyi, APA

Şəklin alt yazısı, Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının hücumu nəticəsində öldürülən iki azərbaycanlı qardaşın meyiti yaxınlarına verilib.

Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının hücumu nəticəsində öldürülən iki azərbaycanlı qardaşın meyiti yaxınlarına verilib. Cənazələrin Yekaterinburq-Bakı aviareysi ilə Azərbaycana yola göndəriləcəyi gözlənir.

Yaxınları Azərbaycan mediasına bildiriblər ki, meyitləri təhvil alandan sonra onlara baxış keçiriblər. Onlar meyitlərdə xəsarətlər müşahidə ediblər.

Onların qardaşı Seyfəddin Hüseynli APA-ya deyib ki, Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək: "Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil".

"Bizi bir saat döydülər…"

Rusiya miqrant

Şəklin mənbəyi, Azertac

Rusiya Federal Təhlükəsizlik Xidmətinin hücumu ilə üzləşmiş azərbaycanlılar Azərbaycan mediasına deyiblər ki, onlar işgəncə ilə üzləşiblər.

Şahidlər Azərbaycan mediası ilə son fotolarını da paylaşıblar. Bu fotolarda onların bədənləri göm-göydür.

Vüqar Səfərov APA-ya deyib ki, səhər saatlarında, yatdıqları yerdə qapı möhkəm deyilib.

"Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə".

Vüqar Səfərovun sözlərinə görə, onları elektroşokla vurub, "dubinka" ilə, "montirovka" ilə döyüblər.

"Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, "Qazel"ə uzandırdılar, atamı başqa maşınlar apardılar. "Qazel" içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər".

Səfərovun sözlərinə görə, işgəncə orda da davam edib. Qardaşı ilə bir otaqda olduğunu deyən Vüqar Səfərov bildirib ki, başqa otağa aparılan atasının qışqırıq səslərini eşidib: "Gördüm ki, atam qışqırır. Atama "tok" verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə "tok" verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər".

Vüqar Səfərov deyib ki, onlara Ukrayna ilə müharibəyə getmək üçün təzyiq edilib. Onun sözlərinə görə, müqavilə bağlanacaq və sabahısı onlar müharibəyə göndəriləcəklər.

"Bu vaxt atam gəldi. Onun qabırğalarını qırmışdılar. Arxasında təcili tibbi yardım maşını çağırmışdılar. Atam dedi ki, sizi buraxacaqlar, evdəkilər sizə əmanət. Atam danışa bilmirdi, nəfəs ala bilmirdi. Atam onlardan soruşdu ki, 100 faiz uşaqlarımı, qardaşlarımı buraxacaqsınız, dedilər "hə". Bizi buraxdılar, amma əmimgili buraxmadılar. Çıxanda da eşitdim ki, iki əmim rəhmətə gedib".

Səfərov onlara işgəncə verənlərin özlərini təqdim etmədiklərini, "Rosqvardiya"nın binasına apardıqlarını söyləyib.

Zaxarova: "Azərbaycana lazımi izahatlar verilib"

Rusiya, Azərbaycan, cinayət, insan haqları, cəmiyyət, diaspora, siyasət

Şəklin mənbəyi, e1.ru

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yekaterinburqda baş verən hadisə ilə bağlı Azərbaycana "lazımi izahatlar" verilib.

"Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan XİN-ə çağırılarkən Azərbaycan tərəfinə zəruri açıqlamaları verib və rəsmi Bakını əmin edib ki, vəziyyət Rusiyanın hüquq-mühafizə orqanlarının nəzarətindədir", Mariya Zaxarova bildirib.

Hazırda istintaqın davam etdiyini bildirən nazirlik əlavə məlumatların İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacağını qeyd edib.

Rusiya Federasiyası İstintaq Komitəsi: "etnik cinayət qruplaşmasına qarşı" əməliyyat keçirdiyini deyir

Rusiya Federasiyası İstintaq Komitəsi iyunun 28-də məlumat yayaraq bildirib ki, bir gün əvvəl "etnik cinayət qruplaşmasına qarşı" əməliyyat keçirilib.

Komitənin məlumatında hansı etnik qrupdan söhbət getdiyi açıqlanmasa da, onun açıqlaması iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan bir gün sonraya təsadüf edir.

Bu açıqlamada həmin etnik qrup 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə ittiham edilib.

"Artıq saxlanılanlardan bəziləri əməllərini etiraf edib və istintaqla əməkdaşlıq edirlər. Onların ifadəsi əsasında olduqları yerlərdə yenidən axtarış aparılıb", - komitənin bəyanatında qeyd olunub.

Əməliyyat-istintaq işlərinin davam etdiyini bildirən komitə təqsirləndirilən şəxslərin digər cinayət əməllərində iştirak edib-etmədiklərini araşdırdığını bildirib.

Rusiya Cinayət Məcəlləsinə görə, bu maddələrlə törədilən cinayətlərin ən ağır halına ömürlük həbs cəzası nəzərdə tutulub.

Azərbaycanlıların Rusiyadan "qovulması əməliyyatı"

Deputat Rasim Musabəyov Federal Təhlükəsizlik Xidmətinin törətdiyi hadisəni "şiddət" adlandırıb və bunu azərbaycanlıların Rusiyadan "nümayişkaranə qovulması əməliyyatı" kimi təsvir edib.

"Səbəb kimi 2001-ci ildə baş vermiş ölüm hadisəsi göstərilir. Həmin hadisədə bir azərbaycanlı həlak olmuşdu. İndi buna görə gəlib hücum etmək, iki nəfəri öldürmək, üç nəfəri yarımcan halda orada zülmə məruz qoymaq – bu şiddətdir, əməliyyat deyil", - millət vəkili BBC Azərbaycancaya deyib.

Rasim Musabəyov bu addımın siyasi məqsədli olduğunu da istisna etmir.

"Sadəcə, dəqiqləşdirilməlidir. Bu, hansısa yerli orqanın təşəbbüsüdür? Yəni yerli güc strukturları özləri üçün hesab edərək ki, Moskva ilə Bakı arasında münasibətlər korlanıb və çoxdan idi ki, Azərbaycan diasporunun üstünə yerimək istəyində idilər və fürsətdən istifadə edib bu cür heyvanlıq edirlər. Ya da bu Moskvanın təşəbbüsüdür ki, Azərbaycana öz narazılığını bildirmək istəyir", - Musabəyov bildirib.

Rəsmi Bakı və Moskva arasında münasibətlər ötən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hava sahəsində vurulmasından sonra pisləşib.

Azərbaycan tərəfi 40-a yaxın sərnişinin ölməsi ilə nəticələnən qəzada Rusiyanı ittiham edib və təyyarənin Rusiya hava qüvvələri tərəfindən vurulduğunu və buna görə Rusiyanın üzr istəməli olduğunu deyib.

Daha sonra Azərbaycan Bakıdakı "Rus Evi"ni və "Sputnik Azərbaycan"ın ofisini bağlayıb.

İki ölkə arasındakı münasibətlər həm də azərbaycanlı deputat Azər Badamovun Rusiyadan deportasiyasından sonra daha da gərginləşib.

Rasim Musabəyovun sözlərinə görə, Yekaterinburqda yaşanan hadisə ikitərəfli münasibətlərdə problem olduğu bir vaxtda nə Rusiya ya, nə də Azərbaycana lazım olan əlavə gərginlik gətirir.

Deputat əlavə edib ki, əgər bunu Moskvada "kimlərsə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlərsə, yanılırlar".

Onun fikrincə, Azərbaycan kifayət qədər "güclü dövlətdir və bu cür münasibətlərə lazımi cavab vermək iqtidarındadır".

"Təxribat əməli"

Rusiya, Azərbaycan, immiqrasiya, miqrantlar, siyasət, insan haqları, cinayət

Şəklin mənbəyi, Rusiya İstintaq Komitəsi

Azərbaycan dövlət agentliyi Azərtac Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlinin açıqlamalarını yayıb. O, Yekaterinburq hadisəsini azərbaycanlılara qarşı yönəlmiş "təxribat əməli" qiymətləndirib.

Açıqlamada 2024-cü ilin dekabr ayında Azərbaycan mülki təyyarəsinin vurulmasına "qanedici formada münasibətin sərgilənmədiyi, deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması vurğulanıb.

Müşfiq Ələsgərli qeyd edib ki, bu ilin fevral ayında "eyni nöqtədən Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumların təşkil olunması istər-istəməz belə rəy yaradır ki, Rusiya ərazisində hansısa mərkəzlər Azərbaycana qarşı düşünülmüş formada təxribat planları hazırlayıb həyata keçirirlər".

"Belə yanaşma Azərbaycanı məcbur edir ki, baş verən təxribatlarla bağlı beynəlxalq prosedurlara əl atsın. Məsələn, təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirsin, günahkarların cəzalandırılması üçün beynəlxalq platformalarda iş qaldırsın", - Müşfiq Ələsgərli qeyd edib.

Onun sözlərinə görə, görünür, təxribatları həyata keçirən mərkəzlər də Azərbaycanı məhz buna sövq etmək istəyirlər. İki ölkə arasında münasibətlərin yaxın qonşuluq kontekstindən çıxarılıb qarşıdurma müstəvisinə keçirilməsinə nail olmağa çalışırlar".

"Azərbaycanlılara qarşı hücum"

Hadisə ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx iyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona rəsmi Bakının kəskin etirazı bildirilib.

Azərbaycan XİN Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçirdiyi əməliyyatı "azərbaycanlılara qarşı hücum" adlandırıb və bunun "qəbuledilməz zorakılıq" olduğunu bildirib.

Azərbaycan XİN hadisədən narahatlığını bildirib.

Nazirlik, həmçinin Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu əməli törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini istəyib.

Saxlananların sayı 50 nəfərdən çoxdur, Rusiya mediası yazıb

Yekaterinburq şəhərinin e1.ru yerli mediasının yazdığına görə saxlanılan azərbaycanlıların sayı 50 nəfərdən çoxdur.

Saytın iddiasına görə, azərbaycanlıların saxlanılması oradakı "Azərbaycan diasporunun da əli olduğu deyilən" və uzun illər əvvəl baş vermiş cinayət işlərinə görədir.

Azərbaycanın Rusiyadakı diasporu bu iddia ilə bağlı hələlik açıqlama verməyib.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə nümayəndəliyi Komsomolskaya Pravda nəşrinə açıqlamasında deyib ki, ötən illərdə baş vermiş cinayət işləri üzrə 27 iyunda bir sıra tədbirlər həyata keçirilib.

"Tədbirlər nəticəsində Yekaterinburq ərazisində ötən illər baş vermiş bəzi cinayətləri törətməkdə şübhəli bilənən bir sıra şəxslər saxlanılıb və onların evlərində axtarış aparılıb", - Komsomolskaya Pravda komitə nümayəndəsinə istinadla yazıb.

Lakin söhbətin hansı cinayət işindən getdiyi barədə Rusiyanın rəsmi qurumları açıqlama verməyib.

İstintaq Komitəsi araşdırmaların davam etdiyini bildirərək əlavə məlumat açıqlamayıb.

Azərbaycan mediasının yazdığına görə, öldürülənlər azərbaycan əsilli iki qardaşdır. Onlardan biri Rusiya, digəri isə Azərbaycan vətəndaşıdır.

Bundan əlavə, əməliyyat zamanı iki azərbaycanlının yaralandığı və vəziyyətlərinin ağır olduğu üçün xəstəxanaya aparıldığı deyilir, APA yazıb.

Saxlanılanların hamısının yaxın qohum olduqları bildirilir.

Ölənlərin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı tədbirlər görülür, APA yazıb.