Rusiya Ukraynada SOCAR-ın neft bazasını vurub

Ukrayna, SOCAR, Rusiya, Azərbaycan, neft, enerji

Şəklin mənbəyi, Ukrayna FHN

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rusiya Ukraynada SOCAR-ın neft bazasını vurub

Rusiya Ukraynada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-a məxsus neft bazasını vurub. Nəticədə bazada güclü yanğın baş verib.

Bu, son 10 gündə ikinci hadisədir. Bundan əvvəl də, Rusiya SOCAR-ın Ukraynadakı bazasını və Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasını hədəfə almışdı.

Ukrayna mediası yazıb ki, avqustun 18-nə keçən gecə Rusiya SOCAR-ın Odessadakı neft bazasına İran dronları ilə hava zərbələri endirib.

SOCAR bununla bağlı hələlik açıqlama verməyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda izləyin.

Bu hadisəyə Ukrayna Prezidenti Zelenski reaksiya verərək qeyd edib ki, Rusiyanın bu hücumu təkcə Ukraynaya deyil, həm də onun münasibətlərinə və enerji təhlükəsizliyinə hücumdur.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

SOCAR-ın neft bazasına avqustun 8-də ediləm hücumdan sonra prezidentlər İlham Əliyev və Volodimir Zelenski telefonla danışaraq yanacaq obyektlərinin hədəfə alınmasını pisləyib və vurğulayıblar ki, bu, tərəflər arasında enerji əməkdaşlığına mane olmayacaq.

Bakı və Moskva arasında münasibətlər ötən ilin sonunda, Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra gərginləşib.

İlham Əliyev son ABŞ səfərində Fox News Digital-a açıqlamasında deyib ki, o, təyyarənin qəsdən vurulduğunu düşünmür, amma Rusiyanın buna görə günahını etiraf etməsini, günahkarların cəzalandırılmasını və təzminat ödənilməsini tələb edib.

Moskva yalnız üzr istəyib.

Socar-ın Rusiya mərmisinə tuş gəlməsi İlham Əliyevin ABŞ Prezidenti Trump və Ermənistan Baş naziri Paşinyanla Vaşinqton görüşü ərəfəsinə təsadüf edib.

Bu görüşdə tərəflər Rusiyanın marağında olan Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən işlədilməsinə razılıq veriblər və eyni zamanda, Azərbaycan və Ermənistan sülh sazişi mətnini paraflayıblar.

Siyasi şərhçi Şahin Cəfərliyə görə, Rusiya Azərbaycanı "dolayıl yolla hədəfə almaqla" onu 10 noyabr bəyanatı çərçivəsi daxilində qalmağa və Moskva ilə münasibətlərini Müttəfiqlik sazişinə uyğunlaşdırmağa vadar etmək istəyir.

Ukraynada ikinci dəfə SOCAR-a məxsus neft bazasının hədəfə alınmasından sonra Azərbaycanda Rusiyaya qarşı çağırışlar səslənməyə başlayıb.

Vesti.az xəbər saytı anonim diplomatik mənbəyə istinadla yazıb ki, hazırda Azərbaycan Ukraynaya silah satışı ilə bağlı qadağanı nəzərdən keçirir.

Vaxtilə Azərbaycanın Ukraynadan silah aldığını xatırladan millət vəkili Rasim Musabəyov isə hesab edir ki, Azərbaycan köhnə sovet silahlarını Ukraynaya qaytara, sata bilər, o, Azadlıq radiosuna bildirib.

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin RTVİ saytına bildirib ki, Azərbaycan Ukraynanı silahla təmin etsə belə, bu, "Kiyevə kömək etməyəcək".

Deputat əlavə edib ki, Ukraynaya silah tədarükü və hərbi əməliyyatların davam etdirilməsinə töhfə verən istənilən dəstək Rusiya ordusu tərəfindən hərbi hədəf kimi qiymətləndiriləcək, RTVİ yazıb.

Avqustun 8-də Rusiya ilk dəfə SOCAR-ın neft bazasını hədəfə alandan sonra Azərbaycan yenidən Ukraynaya elektron avadanlıqdan ibarət humanitar yardım göndərib.

Rusiya Ukraynaya müharibə başlayandan bəri Azərbaycan 30 milyon manatdan çox humanitar yardım göndərib. Bu yaxınlarda isə Azərbaycan Ukraynaya qaz verməyə razılaşıb.