Azərbaycan-Ermənistan: sülh danışıqlarında nə müzakirə olundu?

ABŞ, Ermənistan və Azərbaycan bayraqları

Şəklin mənbəyi, gov.am

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında əlaqələrin normallaşmasına dair görüşlər sona çatıb.

Dövlət Katibi Anthony Blinken deyib ki, Azərbaycan və Ermənistan son razılaşmaya yaxındır.

ABŞ-dakı diplomatik mənbələrə istinadla Azərbaycan mediası görüş zamanı “yol xəritəsi”nin müzakirə olunduğunu bildirib.

Bu sənəddə nəyin əks olunacağına dair konkret məlumat verilmir. Ancaq Dövlət Katibi Blinken deyib ki, danışıqların gedişi göstərir ki, "biz razılaşmanın əldə olunmasına yaxınıq".

Danışıqlar zamanı baş diplomatların nə barədə razılığa gəldiyi hələ ki, açıqlanmır. Bəs tərəflərin razılaşmada əldə etmək istədikləri nələrdir? BBC Azərbaycanca jurnalisti Elçin Süleymanov nəzər salıb, aşağıda oxuyun.

Sülh danışıqları hansı prinsiplərə əsaslanır?

İndiyədək Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına yönələn sülh sazişi barədə detallı məlumat verilməsə də, danışıqların hansı prinsiplərə əsaslandığı məlumdur. Belə ki, ötən ilin mart ayında Azərbaycan danışıqlar üçün 5 baza prinsipini əks etdirən sənədi ictimailəşdirib.

Ona əsasən, tərəflər, o cümlədən ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi iddialarının qaldırılmayacağını təsdiqləməlidirlər. Həmçinin, dövlətlərarası münasibətlərdə hədə və gücdən istifadə etməmək prinsipi qeyd olunur.

Daha bir prinsip kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir. Ermənistan bu prinsipləri ümumən qəbul edəndən sonra, sülh sazişi layihəsi ilə bağlı təkliflərin mübadiləsi və danışıqlar prosesi davam edir.

Dağlıq Qarabağ sülh sazişinin tərkib hissəsidirmi?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Vaşinqtonda keçən görüşlər barədə yazan erməni mediasına əsasən tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, o cümlədən yerli ermənilərlə Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Lakin Azərbaycan dəfələrlə bəyan edib ki, bu məsələnin Ermənistan-Azərbaycan arasındakı danışıqlara aidiyyəti yoxdur. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sülh sazişi layihəsinə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı bənd daxil etmək təklifini rədd edib. Azərbaycan bu məsələnin qaldırılmasını öz daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

"Sülh sazişinin mətninə mövcud olmayan qondarma Dağlıq Qarabağ Respublikasını salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”, - Prezident İlham Əliyev deyib.

Baş Nazir Nikol Paşinyan isə Azərbaycanın ərazi bütövlüyünün tanınması, “Artsaxın” (Qarabağı ermənilər belə adlandırır) statusu məsələsinə dair müxalifətin tənqidi sözlərinə cavabında Ermənistanın heç kəsə ərazi iddiası olmadığını bəyan edib.

“Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir”, mart ayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report” agentliyinə müsahibəsində bildirib.

Azadlıq Radiosunun erməni xidmətinin müvafiq sualını cavablandıran ABŞ Dövlət Departamenti Vaşinqtondakı danışıqları şərh edərkən bildirir ki, Bakı və Yerevandan Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyinin ən yaxşı şəkildə necə qorumaq barədə düşünməyi xahiş edib.

nazirlər

Şəklin mənbəyi, am.usembassy.com

Danışıqların “onlayn diplomatiya” formatı nədir?

Vaşinqtonda başa çatan nazirlərin görüşündən əvvəl sülh sazişi üzrə danışıqlar bir müddət fiziki təmassız formatda keçib. Belə ki, Ermənistan və Azərbaycan saziş layihəsinin mətninə öz təkliflərini əlavə edib bir-birlərinə göndəriblər. Azərbaycan tərəfi ermənilərə sülh sazişinin layihə variantının 4 nüsxəsinin göndərildiyini bildirir.

Bu barədə çərşənbə günü Prezident İlham Əliyev deyib: “Biz onlara sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq”.

Aprelin 28-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə demişdi ki, "biz sülh müqaviləsinin erməni variantını [Azərbaycan tərəfinə] verməmişik, çünki danışıqlar gözlənilir".

Fevral ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında bu prosesi “onlayn diplomatiya” kimi təsvir edib.

İndi Ermənistan və Azərbaycan rəsmi heyətlərinin Vaşinqtondakı görüşü bu ənənəni pozmuş olur.

Sərhədlər məsələsi danışıqlara necə təsir edir?

Baza prinsiplərində bir neçə dəfə qeyd olunan sərhədlərlə bağlı məsələ yerdəki vəziyyətə konkret təsir göstərən əsas müzakirə mövzularından biridir. Ötən ilin sentyabrında və aprel ayındakı hər iki tərəfdən ağır itkilərlə müşayiət olunan şiddətli döyüşlər bu məsələnin həm də sülh prosesinə necə bir təhlükə olduğunu nümayiş etdirdi.

Azərbaycan və Ermənistan SSRİ-nin dağılması zamanı bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımaq barədə razılığa gəliblər. Bu barədə Azərbaycan, Ermənistan, Fransa liderlərinin və Aİ Şurası rəhbərinin ötən il Praqada keçən danışıqlardan sonra qəbul edilmiş birgə bəyanatda deyilir.

Açıqlamaya əsasən, Ermənistan Respublikası və Azərbaycan Respublikası “bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan” BMT Nizamnaməsinə və 21 dekabr 1991-ci ildə Alma-Atada razılaşdırılmış MDB Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Beləliklə, hər iki tərəf sərhəd məsələsinin tezliklə həllini görmək istədiyini bəyan edir.

Lakin, o cümlədən Rusiyanın vasitəçiliyi ilə keçirilən sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar nəticə verməyib. Pozitiv bəyanatlara rəğmən sərhədlər danışıqlarda ən mübahisəli məsələlərdən biri qalır.

Təxminən iki həftə əvvəl Azərbaycan Dağlıq Qarabağa gedən yolda yeni sərhəd-buraxılış məntəqəsi yaradıb. Ermənistan bunu 2020-ci il atəşkəs sazişinin kobud şəkildə pozulması adlandırır.

Hərbi əsirlər amili nədir?

Danışıqlar kontekstində hər iki tərəf hərbi əsir və saxlanılan şəxslərlə bağlı açıqlamalar verir. Belə bəyanatlar onların sayı və statusu ilə bağlı bir-birinə zidd mövqelərin olduğunu göstərir. Hazırda Yerevan Azərbaycanda 33 erməni hərbi əsirin olduğunu bildirir. Bunu Ermənistan xarici işlər naziri ATƏT-in Daimi Şurasının xüsusi toplantısı zamanı bəyan edib.

Ararat Mirzoyan “mübahisəedilməz faktlara əsasən”, Azərbaycanda daha 20-dən artıq hərbi əsir olduğunu, lakin rəsmi Bakının bunu təkzib etdiyini bildirib. Azərbaycanda saxlanan əsir və girov məsələləri ilə məşğul olan Artak Zeynalyan hüquq müdafiəçilərinin hesablamalarına görə, 80 erməni hərbi əsiri saxlandığını iddia edir.

Müntəzəm olaraq Azərbaycanda saxlanan ermənilərə baş çəkən Beynəlxalq Qırmızı Xaç Komitəsi malik olduğu rəqəmləri açıqlamır, çünki bu, təşkilatın prinsiplərinə ziddir. “44 günlük müharibə başa çatdıqdan bu günədək Azərbaycan Respublikası 181 nəfəri Ermənistana təhvil verib.

Onların 140-ı hərbçi, 41 nəfəri mülki şəxs, o cümlədən 5 qadın olub”, - Azərbaycanın Əsir və Girov Məsələləri üzrə Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. 13 Ermənistan vətəndaşını Azərbaycan tərəfi hərbi əsir kimi tanımır.

Bu hərbçilər 2020-ci il noyabrın sonunda, İkinci Qarabağ müharibəsi artıq bitəndən sonra, Hadrut rayonunun Hin Tağer (Köhnə Tağlar) kəndində mühasirəyə alınıb saxlanılmışdılar. 2021-ci ildə Bakı məhkəməsi onlar barəsində həbs qərarı çıxarıb.

Erməni hərbçiləri terrorçuluqda, qeyri-qanuni silah daşımaqda, sərhədi qeyri-qanuni keçməkdə, eləcə də “silahlı birləşmələr” yaratmaqda ittiham olunur.

Bəzi ekspertlər hesab edirlər ki, əsir əsgərlər Azərbaycan üçün danışıqlarda mübadilə amilidir. Onların bir qismi ərazinin minalanmasını əks etdirən xəritələrin müqabilində Ermənistana təhvil verilib.

Bundan bir neçə il əvvəl Avropa Şurası Parlament Assambleyasında ölkə nümayəndə heyətinə başçılıq edən Azərbaycan siyasətçisi Səməd Seyidov demişdi ki, Bakı “terrorçuların” qaytarılması məsələsini müzakirə etməyə hazırdır”, əgər Ermənistan sülh sazişini imzalamağa razı olsa.