Azərbaycan-Ermənistan sülh sazişi: "Bəzi maddələr üzrə razılıq əldə edilib"

Ceyhun Bayramov (solda) Antony Blinken (mərkəzdə) Arorat Mirzoyan (sağda)

Şəklin mənbəyi, Antony Blinken/Twitter

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri bəyan ediblər ki, iki ölkə arasında "sülh razılaşması layihəsində bəzi maddələr üzrə razılıq əldə edilib".

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin ayrı-ayrı yaydığı bəyanatlarında deyilir.

Görüşdən sonra hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər, məlumatda həmçinin deyilir.

Blinken

Şəklin mənbəyi, U.S. Department of State

Azərbaycan-Ermənistan arasında sülh danışıqları Washington-da ötən gün sona çatıb. ABŞ dövlət katibi Anthony Blinken deyib ki, Azərbaycan və Ermənistan son razılaşmaya yaxındır.

"İki tərəf bu son günlər ərzində çox çətin məsələləri müzakirə ediblər və davamlı sülh razılaşması barədə konkret irəliləyiş əldə ediblər", - cənab Blinken bəyan edib.

"Bu razılaşmanı əldə etmək yalnız tarixi deyil, həm də Azərbaycan və Ermənistan xalqlarının marağındadır", - Blinken deyib əlavə edib ki, razılaşmanın yalnız bu iki ölkədə deyil, onlardan kənarda da müsbət təsirləri olacaq.

Blinkenin sözlərinə görə, danışıqların gedişi göstərir ki, "biz razılaşmanın əldə olunmasına yaxınıq".

"İlkin sənəd imzalana bilər"

Bakıda mənzillənən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev BBC Azərbaycancaya bildirib ki, onun fikrincə, Blinkenin vurğuladığı "çox çətin məsələləri" həll etmək mümkündür.

Fərid Şəfiyevin sözlərinə görə, mövcud fikir ayrılıqlarına səbəb olan sərhədlərin delimitasiya və demarkasiyası, Qarabağ ermənilərinin müqəddəratı, bəzi Ermənistan ərazilərinə Azərbaycanın nəzarət etməsi kimi iddiaları kimi məsələlərdir və rəsmi Bakı və Yerevan bu məsələlərin daxil olmadığı və münasibətlərin normallaşdırılmasına xidmət edən ilkin sənəd imzalaya bilər.

"Hesab edirəm ki, proqres var və sadəcə, - bu da anlaşandı - prosesə qısqanc yanaşan Rusiya var. Əgər Washington-da bir sənəd razılaşdırılıbsa belə, bu, orda imzalanmayacaq, başqa bir ölkədə imzalanacaq. Prezident İlham Əliyev yaxşı bir təklif verib ki, vasitəçisiz yeni bir görüş keçirilsin. Bu zaman kimsə qısqanclıq etməyəcək", - Fərid Şəfiyev deyib.