Əliyev və Paşinyan "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" debatında

Əliyev-Blinken-Paşinyan görüşü, Münxen, 18 fevaral 2023

Şəklin mənbəyi, President.az

Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antony Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə "birgə görüşü" keçirilib, Azərbyacan Prezidentinin mətbuat xidməti bildirib.

Əliyev, Paşinyan və Blinken Münxendə keçirilən Təhlükəsizlik Konfransında iştirak edirlər.

Bu danışıqlar Laçın yolu ətrafında son iki ay ərzində tərəflər arasında gərginliyin artması fonunda baş tutub.

Sonuncu dəfə Əliyev və Paşinyan arasında görüş Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə ötən ilin oktyabrın 31-də Soçi şəhərində keçirilib.

Ötən ilin dekabrın 7-nə təyin olunmuş və Avropa Şurasının iştirakı ilə keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü baş tutmadı. Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşündə Fransa prezidenti Emmanuel Macron-un da iştirak etməsində təkid etdi, Azərbaycan Prezidenti isə bu şərti qəbul etmədi.

Ötən ilin noyabrın 25-də Ermənistan XİN sözçüsü Vahan Unanyan TASS-a bildirmişdi ki, Baş nazir Nikor Paşinyan 7 dekabr Brüssel görüşünə yalnız Aİ Şurasının sədri Charles Michel ilə yanaşı Fransa Prezidenti Emmanuel Macron-un da iştirak edəcəyi təqdirdə qatılmağa razıdır.

Həmin məlumat Bakıda da təsdiqləndi. Belə ki, elə həmin gün, noyabrın 25-də ADA-da "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident Əliyev bildirdi ki, Aİ Şurasının Prezidenti Charles Michel-in ofisindən Bakıya verilən xəbərə görə, Nikol Paşinyan 7 dekabr Brüssel görüşünə Fransa Prezidentinin də iştirak edəcəyi təqdirdə qatılacağını bildirib.

"Bu o deməkdir ki, Brüssel görüşü baş tutmayacaq", - Əliyev o zaman deyib. Azərbaycan Prezidenti qeyd edib ki, oktyabrda keçirilmiş Praqa görüşündən sonra Fransa Senatının "anti-Azərbaycan" qərarları və Prezident Macron-un Azərbaycan əleyhinə fəaliyyəti Fransanın bir neytral vasitəçi kimi Ermənistanla Azərbaycan arasındakı sülh prosesində iştirakını mümkünsüz edib.

Münxendə Əliyev-Blinken-Paşinyan üçtərəfli formatda görüşün keçiriləcəyi barədə hadisədən əvvəl yalnız ABŞ Dövlət Departamenti xəbər vermişdi.

Bakı və Yerevan son anadək bu görüşün baş verəcəyini rəsmi sürətdə təsdiqləməmişdilər.

Ermənistan tərəfi bildirib ki, şənbə günü Münxendə keçirilmiş Əliyev-Blinken-Paşinyan görüşündə sülh müqaviləsi layihəsi üzərində işlərin gedişi müzakirə olunub.

“Baş nazir Paşinyan Ermənistan tərəfinin regionda uzunmüddətli sülh və sabitliyə həqiqətən təminat verəcək belə bir sazişin imzalanmasına nail olmaq əzmini bir daha təsdiqləyib”, - Reuters Ermənistan baş nazirinin saytında yerləşdirilən məlumata istinadən bildirib.

Reuters-ə görə, Paşinyan həmçinin regional nəqliyyat infrastrukturlarının açılması və iki ölkə arasında delimitasiyanın həyata keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirib.

Əliyev-Blinken-Paşinyan görüşünün ardınca Azərbaycan və Ermənistan liderləri Münxen təhlükəsizlik konfransı çərçivəsində təşkil edilmiş "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas müzakirələrində iştirak ediblər.

Bu, Azərbaycan və Ermənistan liderlərinin Münxen təhlükəsizlik konfransı çərçivəsində təşkil edilən debatlarda sayca ikinci birgə iştirakı idi.

Onların Münxen konfransında ilk dəfə debat formatında iştirakı İkinci Qarabağ Müharibəsindən əvvəl 2020-ci ilin fevralında olub.

Cənubi Qafqazdakı vəziyyətin təhlilinə həsr olunmuş bu dəfəki debata Gürcüstanın baş naziri İrakli Qaribaşvili də qatılıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin təsiri

Münxen debatı

Şəklin mənbəyi, Getty Images

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Aparıcının bu mövzuda sualına birinci cavab verən Prezident Əliyev deyib ki, "bizə birbaşa təsiri olmayıb, lakin birmənalı olaraq ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ola bilsin, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxtlara qayıtmasın".

Azərbaycan Prezidentinin sözlərinə görə, bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər ola bilər.

Digər tərəfdən, Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır.

"Biz müharibənin nə olduğunu bilirik... biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun", Əliyev söyləyib.

"Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi" nümayiş etdirməsi zəruridir, Əliyev iclasdakı çıxışında qeyd edib.

“Biz hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrə birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər”, - Azərbaycan Prezidenti söyləyib.

Ermənistanın baş naziri Nikol Paşinyan həmin suala cavabında deyib ki, uzun müddət ərzində beynəlxalq ictimaiyyətin bütün diqqəti Ukraynada baş verən münaqişəyə cəmlənib.

"Bu münaqişə bizim region üçün yeni risklər yaradır. Beynəlxalq birliyin diqqətinin bizim region üzərində də saxlanılması çox vacibdir, çünki fikrimcə, burada idarə olunmalı çoxlu risklər var".

"Biz demokratik islahatların, demokratik təsisatların inkişafının, qanunun aliliyinin, insan haqlarının, müstəqil məhkəmə sisteminin və sair məsələlərin regionumuzda ümumi vəziyyəti daha da yaxşılaşdıracağına inanırıq", Paşinyan deyib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hesab edir ki, "sülhün alternativi yoxdur."

"Bu müharibə dayandırılmalıdır. Biz müharibəni və onun ölkəmizə təsirini 2008-ci ildə görmüşük. Çox insan tələf oldu və biz ərazilərimiz üzərində nəzarəti tam itirdik", Gürcüstanın Baş naziri söyləyib.

Həmçinin o bildirib ki, 2008-ci ildəki müharibədən sonra "Rusiyaya hər hansı sanksiyanın tətbiq edildiyini görmədik."

"Əksinə, gördük ki, işlər həmişə olduğu kimi davam etdi. Beləliklə, demək olar ki, çox pis siqnal verildi", Qaribaşvili vurğulayıb.

Ermənistan-Türkiyə münasibətlərində zəlzələ amili

Ermənistanın baş naziri Türkiyə zəlzələsinin Ankara ilə Yerevanın münasibətlərində "dəyişikliyə səbəb ola bilərmi?" sualına cavab verərkən bildirib ki, Türkiyəyə humanitar yardım və xilasedicilərin Türkiyəyə göndərilməsi qərarında erməni tərəfinin "yalnız humanitar motivləri olub".

"Ancaq bu müddət ərzində biz Türkiyə hökumətinin çox müsbət reaksiyasının şahidi olduq və əgər bu addımın siyasi nəticələri də olsaydı, bir o qədər yaxşı olardı", - Paşinyan deyib.

"Biz hesab edirik ki, bu humanitar dialoq kontekstində siyasi qərarlar qəbul etmək imkanları daha da yüksək olacaqdır."

"Biz irəliləməyə hazırıq və hesab edirik ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədimizin açılması təkcə regional vəziyyətimiz baxımından deyil, həm də beynəlxalq vəziyyət baxımından çox müsbət təsir göstərəcək", - Ermənistanın baş naziri qeyd edib.

Laçın yolunda vəziyyət

Ermənistanın baş naziri deyib ki, "Laçın dəhlizi artıq 70 gündür ki, bağlıdır."

"İndi əfsuslar olsun ki, Dağlıq Qarabağda humanitar böhran baş verir. Həmçinin enerji böhranı da baş verir, çünki Dağlıq Qarabağa elektrik enerjisinin təchizatı kəsilmişdir. Qaz təchizatı da kəsilmişdir", Paşinyan söyləyib.

Nikol Paşinyan hesab edir ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyannamədə "Laçın dəhlizi ilə əlaqədar çox dəqiq müddəalar var."

"Həmin Bəyannaməyə əsasən, Laçın dəhlizinin işlək vəziyyətdə saxlanılması Azərbaycan və Rusiya sülhməramlılarının öhdəliyidir", Ermənistanın baş naziri qeyd edib.

"Biz qorxuruq ki, vəziyyətin bu cür davam etməsi Dağlıq Qarabağdakı ermənilər üçün qarşısıalınmaz humanitar fəsadlara gətirib çıxara bilər", - Piaşinyan deyib.

Azərbaycan Prezidenti "blokadanın olmadığını göstərən" iki fakta diqqəti çəkib..

Birinci fakt kimi, İlham Əliyev Qarabağda rəhbər mövqe tutmaq üçün Rusiyadan “gizli yolla keçirilmiş" şəxsin "Qarabağda necə peyda olduğunu, Yerevana qayıtmağa, oradan Moskvaya və yenidən Yerəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu" heç kimin bilmədiyini qeyd edib.

"Təkcə bu fakt blokadanın olmadığını göstərir", Əliyev deyib.

Azərbaycan Prezidenti fikrini belə davam etdirib: "Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb."

"Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?!", - Əliyev sual edib.

Onun sözlərinə görə, "əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq."

Əliyev Ermənistanın baş nazirinin istinad etdiyi 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın, "əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktı" olduğuna da diqqəti çəkib.

"Müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi", - Əliyev qed edib.

Regiondakı duruma iki istiqamətli yanaşma

Əliyevin sözlərinə görə, ABŞ və Aİ təmsilçiləriylə ünsiyyət zamanı, habelə ABŞ Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyanla təşkil edilmiş üçtərəfli görüşdən ona aydın olub ki, “regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olması” hamıya aydındır.

“Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri”, Əliyev deyib.

Əliyevin sözlərinə görə, bu, iki istiqamətli həll faktiki olaraq Azərbaycanın Ermənistanla danışıqlarını Bakının Qarabağdakı ermənilərlə əlaqələri kimi Azərbaycanın "daxili məsələsindən" ayırır.

"Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq."

"Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə", Əliyev vurğulayıb.

Prezident İlham Əliyevin sözlərinə görə, "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır."

"Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq."

Əliyevin sözlərinə görə, o, şənbə günü Dövlət katibi Blinkenin qarşısında Ermənistanın baş nazirinə bu barədə deyib.

"Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin", - Əliyev vurğulayıb.

Münxen debatı

Şəklin mənbəyi, Getty Images

"Naqorno Karabax" toponimi haqqında

Debat zamanı Azərbaycan Prezidenti xatırladıb ki, "Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb".

"Əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur", qeyd edən Əliyev Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmağı xahiş edib. "Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var", İlham Əliyev vurğulayıb.

Bu məsələyə münasibətini bildirən Ermənistanın baş naziri 2020-cil 9 noyabr tarixli üçtərəfli Bəyanatı xatırlatdı.

"Həmin üçtərəfli Bəyanatda müddəa var, orada “Dağlıq Qarabağ” yazılıb və bu sənədin altında Azərbaycan Prezidentinin imzası var. Laçın dəhlizi var ki, sərbəst şəkildə işlək olmalıdır, yeri gəlmişkən, həmin üçtərəfli Bəyanata və Azərbaycan Prezidentinin imzasına əsasən, Azərbaycanın nəzarətində deyil", Paşinyan bildirib.

Sülh danışıqları platformaları və "keçmiş Minsk qrupu"

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar bir neçə platformanın olduğunu qeyd edib.

Onlardan birinin Brüssel formatı platforması olduğunu bildirən Əliyev deyib ki, Aİ Şurasının Prezidenti Charles Michel ilə görüş zamanı Bakı bir daha Brüssel prosesinə sadiq olduğunu təsdiqləyib.

“Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik“, - Əliyev əlavə edib.

Onun sözlərinə görə, "bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma var.“

Əliyev “keçmiş Minsk qrupundan müəyyən şeylərin qaldığını“ istisna etməyib.

“Bu qrup artıq kənara çəkilib, mövcud deyil”, - Azərbaycan Prezidenti deyib.

Eyni zamanda o, bu qrupun “ola bilər ki, yalnız kağız üzərində mövcud olduğunu“ söyləyərək, bu səbəbdən “keçmiş həmsədrlərin vəziyyətə hələ ki, nisbətən təsir edə bildiyini“ qeyd edib.

“Bu səbəbdən biz ABŞ, Rusiya və indi də Aİ tərəfindən təşkil olunmuş platformada bir araya gəlmişik“, Əliyev bildirib.

“Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz”, Azərbaycan Prezidenti vurğulayıb.

Sərhəddə keçid məntəqələri təklifi

Plenar iclasından əvvəl Münxendə Azərbaycan televiziya kanallarına danışan İlham Əliyev bildirib ki, Bakı Ermənistanla sərhəddə keçid məntəqələrinin yaradılmasını təklif edib.

"Eyni zamanda, bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi", Azərbaycan Prezidenti bildirib.