10 noyabr bəyanatında hansı bəndlər yerinə yetirilməyib, öhdəliklərin "vaxt limiti" varmı? 5 suala cavabda

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images
Bu gün 44 günlük İkinci Qarabağ müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın qəbul olunmasından bir il ötür.
10 noyabr bəyanatının əhəmiyyəti nədir?
Azərbaycan üçtərəfli bəyanatı öz qələbəsinin son nəticəsi kimi görür. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında tez-tez bu bəyanata istinad edir.
Politoloq Zərdüşt Əlizadə deyir ki, sənədin əsas əhəmiyyəti qanlı döyüşləri saxlaması və bir neçə rayonu Azərbaycana itkisiz qaytara bilməsi olub.
O düşünür ki, bəyanat imzalanmasaydı, Ağdam, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün daha çox hərbçi həyatını itirə bilərdi.
Cənab Əlizadə hesab edir ki, üçtərəfli bəyanat Azərbaycana öz qələbəsini qanuniləşdirmək imkanı verib:
"Üçtərəfli bəyanat əsasında Azərbaycan artıq sərhədlərin delimitasiyası, gələcəkdə demarkasiyası, bütün kommunikasiyaların açılması məsələsini qaldırıb. O cümlədən Ermənistan ərazisindən keçərək Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan arasında müstəqil əlaqələrin yaradılması da gündəlikdədir".
10 noyabr bəyanatı nəticəsində regionda kommunikasiyaların açılacağı və bunun sayəsində Ermənistanda iqtisadiyyatın canlanacağı ümidlərini doğurub. Ölkənin Baş naziri Nikol Paşinyan bəzi çıxışlarında regionda nəqliyyat kommunikasiyalarının açılmasının zərurətini vurğulayıb və bunun, xüsusilə Rusiya ilə əlaqələrə müsbət təsir göstərəcəyindən danışıb.
Amma 10 noyabr bəyanatı tərəflər arasında hələ də sülh razılaşmasına gətirib çıxarmayıb: Ermənistan erməni əhalinin Qarabağda yaşadığı bölgə üçün ayrıca status tələb edir, Azərbaycan status məsələsini birmənalı rədd edir.
Artıq bir müddətdir ki, tərəflər bir-birlərini sülhə hazır olmamaqda təqsirləndirirlər. Sülh müqaviləsi ilə bağlı Yerevandan cavab gözlədiyini deyən İlham Əliyevin bəyanatına reaksiyasında Nikol Paşinyan sülh təklifinin Azərbaycanın "monopoliyası" olmadığını bildirib.
Ermənistan Azərbaycanı 10 noyabr Üçtərəfli Bəyanatın müddəalarını "təhrif etməkdə" ittiham edib. Azərbaycan buna hələ ki, reaksiya verməyib, amma Azərbaycan XİN-i bundan əvvəl yaydığı məlumatda bildirib ki, bölgədə gələcək sülh və təhlükəsizliyin təminatı üçün hazırkı mərhələdə üçtərəfli Bəyanatların tam şəkildə icrası vacibdir və Azərbaycan bu istiqamətdə atdığı addımlara Ermənistan tərəfindən qarşılıq verilməsini gözləyir.

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images
Bəyanatda hansı maddələr hələ də yerinə yetirilməyib? Niyə?
Rusiya Xarici İşlər Nazirliyi noyabrın 9-da üçtərəfli bəyanatın ildönümü ilə bağlı yaydığı bəyanatda sənədin "ümumilikdə yerinə yetirildiyini" bildirib.
Amma Azərbaycan hesab edir ki, bəzi maddələr hələ də yerinə yetirilməyib.
Rəsmi Bakını narahat edən məsələlərdən biri 10 noyabr razılaşmasının 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin hələ də bölgədən çıxarılmamasıdır. Razılaşmaya görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.
Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu maddənin yerinə yetirilməsi üçün Rusiyaya müraciət edib.
Ermənistan isə hesab edir ki, bu bənd azad olunmuş yeddi rayona aiddir.
Daha bir məsələ razılaşmanın hərbi əsir, girovlar və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsinə aid 8-ci bəndlə bağlıdır. Azərbaycan ötən ilki müharibədən sonra saxlanılıb mühakimə edilən bir qrup şəxsdən başqa bütün erməni hərbçilərin qaytarıldığını bildirir.
İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan ölkə ərazisinə girən 62 erməni hərbçini saxlamış, onları Azərbaycan Cinayət Məcəlləsi əsasında mühakimə etmişdi, sonradan onların bəziləri ölkələrinə geri qaytarılıb.
Ermənistan isə onları hərbi əsir sayaraq Azərbaycanı 10 noyabr razılaşmasına əməl etməməkdə ittiham edir.
Son bir il ərzində yəqin ki, ən çox mübahisə edilən məsələlərdən biri də "Zəngəzur dəhlizi" məsələsidir.
10 noyabr bəyanatının 9-cu, sonuncu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur. Bu bənddə ikinci cümlə Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsinin təşkilindən və Ermənistanın hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanətindən bəhs edir.
Amma razılaşmadan bir il ötsə də, tərəflər nəqliyyat dəhlizlərinin açılmasında heç cür razılığa gələ bilməyib.
Erməni liderləri dəfələrlə deyiblər ki, nə Azərbaycan, nə də Türkiyə tərəfi Meğri vasitəsilə Ermənistanın yurisdiksiyasından kənarda olacaq "ayrı" dəhliz almayacaq. "Zəngəzur dəhlizi" layihəsini tənqid edən erməni ekspertlərinə əsasən, onun reallaşması ölkənin İranla birbaşa ticarət aparmaq imkanına əngəl olacaq, çünki dəhlizə başqa dövlətlər nəzarət edəcək.
Hazırda bu məsələ Moskvada Rusiyanın iştirakı ilə keçirilən üçtərəfli işçi qrupunda müzakirə olunur. Ötən ay Ermənistan hazırda keçmiş Sovet İttifaqının cənub sərhədi boyunca, xüsusən, Yerevan, Naxçıvan, Mehri və oradan şərqə uzanan dəmiryolunun açılmasının müzakirə edildiyini deyib.
Qarabağdakı sülhməramlıların gələcəyi necə olacaq?
Əldə olunmuş razılaşmaya əsasən, müharibədən sonra Rusiya sülhməramlıları atəşkəsin qorunmasını təmin etmək üçün Qarabağa yerləşdirilib. Orada həm də Rusiya-Türkiyə birgə monitorinq mərkəzi yaradılıb.
Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağa 5 il müddətinə yerləşdirildiyi və bu müddətin sonunda tərəflərdən birinin etiraz etməyəcəyi təqdirdə daha 5 il müddətinə uzadılacağı qeyd olunur.
Azərbaycan son dövrdə Rusiya sülhməramlılarının fəaliyyətində bəzi narazılıqlar barədə Rusiyaya rəsmi müraciətlər edib. Bu müraciətlər, əsasən xarici yük maşınlarının və xarici vətəndaşların Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə girməsiylə bağlı olub.
Prezident İlham Əliyev çıxışlarında bu kimi halları tənqid etsə də, ümumilikdə Rusiya sülhməramlılarının işindən məmnun olduğu mesajını verib.
Politoloq Zərdüşt Əlizadə Rusiya sülhməramlılarının Qarabağdan yalnız Azərbaycan və erməni xalqlarının barışdığı halda gedəcəyini düşünür:
"Bütün dünya görməyincə ki, ermənilər Azərbaycanda xəta-bəlasız, təhlükəsiz yaşayırlar, ruslar getməyəcəklər. Bu da bizim özümüzdən asılıdır. Barış potensialını işə salmaq lazımdır".
O hesab edir ki, həm yerli, həm də beynəlxalq təşkilatların fəallığını artırmaq şərti ilə iki xalq arasında müstəqil əlaqələrin qurulmasına şərait yaratmaq lazımdır.
Cənab Əlizadə deyir ki, erməni qanunsuz hərbi birləşmələrinin Qarabağı tərk etməsi üçün həm barış, həm də Azərbaycanın "sözünə hörmət edilən mövqedə olması" lazımdır.
Ermənistan Prezidenti Armen Sarkisyan noyabrın əvvəlində Rusiyanın "Arqumentı i faktı" qəzetinə müsahibəsində deyib ki, Rusiya sülhməramlıları Qarabağda "həmişəlik" qalmalıdırlar.
"Rusiya ordusu on illərlə, yüz illərlə bu ərazidədir. Onun burada olması son dərəcə vacibdir. Sülhməramlıların burada etdiklərinin həm regional siyasət, həm Qarabağın statusu və bu regionun gələcəyi üçün, sabah müharibə olmaması haqqında ehtimal olunan danışıqlar üçün böyük əhəmiyyəti var", - Sarkisyan deyib.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Qennadiy Anaşkin noyabrın 10-da Xankəndində deyib ki, Qarabağ əhalisi Rusiya sülhməramlılarının həmin əraziyə yerləşdirilməsi qərarını "dəstəkləyir", TASS agentliyi yazır.
Azərbaycan Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsinin "müvəqqəti olduğunu" bəyan edib və qeyd edib ki, sülhməramlıların mandatı ilə bağlı hələlik heç bir sənəd imzalanmayıb.
2000-ə yaxın Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan dərhal sonra Qarabağda və eni 5 km olan Laçın dəhlizində yerləşdirilib.
Bəyanatda nəzərdə tutulan maddələrin icrasında "vaxt limiti" varmı?
Üçtərəfli bəyanatda təsnif edilən 9 maddənin bəzilərinin icrası ilə bağlı konkret tarix göstərilib: məsələn, tərəflərin atəşi dayandırılması saatı, Ağdamın, Kəlbəcərin və Laçının Azərbaycana qaytarılması günü.
Daxili məcburi köçkünlərin, qaçqınların Dağlıq Qarabağa və ətraf bölgələrə köçürülməsi nəzərdə tutulsa da, bunun nə vaxt icra ediləcəyi konkret olaraq göstərilmir.
Eləcə də, bəyanatda hazırda tərəflər arasında mübahisə predmetinə çevrilən nəqliyyat kommunikasiyalarının açılması üçün də konkret tarix nəzərdə tutulmayıb.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyir ki, üçtərəfli bəyanatda qeyd olunan bəzi maddələr "birdəfəyə yerinə yetirilən", bəziləri isə "daha sonrakı" proseslərdir:
"Hamı bu qətiyyətdədir ki, 10 noyabr sazişi bünövrə rolunu oynayır. Bundan irəli gələrək tərəflər sonrakı mərhələlərdə addım-addım normal, mehriban qonşuluq münasibətləri qurmağa doğru getməlidirlər".
Millət vəkili bəyanatda bəzi maddələr, xüsusilə nəqliyyat kommunikasiyalarının açılması üçün "vaxt limitinin" qeyd olunmamasının Azərbaycan üçün "hər hansı çətinlik yaratmayacağını" düşünür.
O deyir ki, Azərbaycanın əsas cavab istədiyi sual sülhməramlıların Qarabağda qalma müddəti ilə bağlı idi.
Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti bəyanarda 5 il göstərilib, amma tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq daha 5 il uzadılır.
"Kommunikasiyaların açılması üçün danışıqlar gedir. Azərbaycan Ermənistan tərəfinə mehriban qonşuluq təklif edir. Məcburi köçkünlərin geri qaytarılması ilə bağlı işlər aparılır. Bir qrup məsələlər var ki, onlar da mərhələ-mərhələ həll edilir",- Aydın Mirzəzadə deyib.
Beynəlxalq vasitəçilər üçtərəfli bəyanat haqqında nə deyirlər?
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında üçtərəfli razılaşmalarının ildönümü ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Ötən gün mətni Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda xüsusilə vurğulanır ki, 2020-ci il noyabrın 9-da (noyabrın 10-da - red.) imzalanmış üçtərəfli bəyanat "qan tökülməsinə son qoymaq və münaqişənin həlli prosesinə başlamaq" imkanı verib.
Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək edəcəyini", "sülh təşəbbüslərini dəstəkləyəcəklərini" bildirib.
Müharibənin başa çatmasının ildönümünə ABŞ da reaksiya verib. Dövlət Departamenti bildirir ki, ABŞ Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli və ya bundan qaynaqlanan bütün məsələləri həll etmələri üçün Minsk qrupunun himayəsi də daxil olmaqla, qarşılıqlı fəaliyyətlərini davam etməyə və intensivləşdirməyə çağırıb
Dövlət Departamentinin sözçüsü Ned Price yazılı bəyanatında vurğulayıb ki, ABŞ dövlət katibi müavininin Cənubi Avropa və Qafqaz siyasəti üzrə köməkçisi Erika Olson hazırda üç ölkə ilə əlaqəli məsələləri danışmaq və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün bölgədədir. (Erika Olson artıq Bakını tərk edib-red.)
Bundan əvvəl ATƏT Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Minsk qrupu həmsədrlərinin himayəsi altında keçiriləcək görüşə prinsipial razılıqları barədə bəyanatlarını təqdirlə qeyd edib.
ATƏT-in Minsk qrupu həmsədrləri tərəflərlə bu görüşün "şərtlərini və təfərrüatlarını" müzakirə etmək və bu prosesdə növbəti addımları müzakirə etmək üçün yaxın gələcəkdə regiona səfər etməyə hazır olduqlarını bir daha bəyan ediblər.







