Əliyev-Paşinyan-Putin görüşü: Soçidə nədə razılığa gəlindi?

Şəklin mənbəyi, President.az
Bu günün xəbərləri: Azərbaycan, Ermənistan və Rusiya liderləri Soçidə görüşdü. Azərbaycan cümə günü bir hərbçi və bir mülki şəxsi Ermənistana təhvil verib, Rusiyanın Kemerovo vilayətində yerləşən "Listvyajnaya" mədənində metan qazının partlaması nəticəsində 52 nəfər ölüb - ətraflı BBC News Azərbaycancanın icmalında.
Soçidə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinib.
"Bu ilin sonuna qədər bunu etməyə razılaşdıq", Rusiya mediası Prezident Vladimir Putinə istinadən yazıb.
"Ümid edirəm ki, bu ən yaxın zamanda baş verəcək. bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur", Rusiya Prezidenti deyib.
Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüşdən sonra üç ölkə lideri mətbuata bəyanatla çıxış ediblər.
Görüş ötən il imzalanmış 10 noyabr Bəyanatının birinci ildönümünə həsr edilib.
3 saata yaxın davam edən görüşdə sabitliyin güclənməsi istiqamətində atılmalı addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilib.
Görüşdə Prezident Əliyev bildirib k, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində "maksimum konstruktivlik" nümayiş etdirib.
"Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib".
O həmçinin Azərbaycanın Ermənistana təklifləri barədə danışıb.
"Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq."
Nikol Paşinyan İlham Əliyevin 10 noyabr Bəyanatının yerinə yetirilməsi barədə dedikləri ilə razılaşmadığını bildirib.
"Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir", Paşinyan deyib.
O həmçinin deyib ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır.
"Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq."
Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin gələn ay baş tutmalı olan Brüssül görüşünü yada salıb və bunu alqışladığını qeyd edib.
"Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir.... Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun."
İki nəfər Ermənistana təhvil verilib

Şəklin mənbəyi, Getty Images
Azərbaycan noyabrın 26-da bir hərbçi və bir mülki şəxsi Ermənistana təhvil verib, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası açıqlayıb.
Məlumatda deyilir ki, həmin şəxslər 2021-ci il noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlər zamanı yaralı vəziyyətdə saxlanılan 1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviç və Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılan 2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernestdir.
Qurum bildirib ki, aparılmış ilkin araşdırmalar nəticəsində Mihran Musaelyanın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib.
Ermənistan iki nəfərin təhvil verildiyini təsdiq edib.
15 və 16 noyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində tərəflərin artilleriya və döyüş texnikası da istifadə etdiyi atışmalarda Ermənistan tərəfindən altı, Azərbaycan tərəfindən yeddi hərbçi həlak olub.
Azərbaycan 10, Ermənistan 4 döyüşçüsünün yaralandığını bildirib.
Ermənistan əvvəlki açıqlamasında bu döyüşlər nəticəsində 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirmişdi. Ermənistan tərəfi "itkin" hərbçilər haqqında deyib ki, onların "taleyi məlum deyil, intensiv axtarış işləri aparılır".
Daha sonra, noyabrın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi açıqlamada deyib ki, dəqiqləşdirilməmiş məlumatlara görə, əsir düşmüş hərbçilərin sayı 32-yə çatır.

Şəklin mənbəyi, AFP
Cümə axşamı günü Rusiyanın Kemerovo vilayətində yerləşən "Listvyajnaya" mədənində metan qazının partlaması nəticəsində 52 nəfər ölüb, rəsmilər bildirib.
"İlkin məlumatlara görə, mədəndə sağ qalan olmayıb. Dağ-mədən xilasediciləri də daxil olmaqla 52 nəfər həlak olub", - TASS agentliyi öz mənbəsinə istinadən yazır. Onun məlumatına görə, cəsədlərin əksəriyyəti mədəndə qalıb və temperatur sabitləşdikdən və metan qazının konsentrasiyası azaldıqdan sonra mədəndən çıxarılacaq.
Kuzbass əyalətinin qubernatoru 49 nəfərin xəsarət aldığını, onlardan dördünün vəziyyətinin ağır olduğunu bildirib.
Rusiyanın Baş prokurorunun müavini Dmitriy Demeşin bildirib ki, faciəyə səbəb metan qazının partlaması olub.
"Çox güman ki, bu, partlayışa və dinamik təsirə səbəb olan hansısa qığılcımın olması səbəbindən yaranan metan partlayışı olub. Bu, çölə çıxa bilməyən insanlara xəsarət yetirib", - TASS Demeşinə istinadən yazır.
Qəza zamanı mədəndə 285 mədənçi olub, onlardan 239-u səthə qaldırılıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər mədənçilərin axtarışlarına çıxıblar.
Məlumatda deyilir ki, altı nəfərdən ibarət qruplardan biri ilə əlaqə itdikdən sonra 3 xilasedicinin cəsədi mədəndən çıxarılıb.
"Təəssüf ki, xilasedicilər ölüb. Onların balonlarında kifayət qədər oksigen olmayıb. Onların cəsədləri tapılıb", - Belovo şəhərinin təcili yardım xidmətindəki mənbə "İnterfaks" agentliyinə bildirib.
Digər üç xilasedicinin taleyi son ana qədər naməlum olsa da, artıq onların da öldüyü ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, mədəndə metan qazının yenidən yüksəlməsi ilə bağlı gecə ərzində axtarış işlərini dayandırmalı olublar.
Cümə axşamı günü Rusiyanın İstintaq Komitəsi "Listvyajnaya" mədəninin 47 yaşlı direktoru, onun 59 yaşlı birinci müavini və 36 yaşlı sahə müdirinin saxlanıldığını açıqlayıb.
Hadisə ilə bağlı "iki və daha çox şəxsin ölümünə səbəb olan sənaye təhlükəsizliyi tələblərinin pozulması" maddəsi ilə cinayət işi açıb.







