Paşinyan: "Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıb"

Nikol Paşinyan

Şəklin mənbəyi, Getty Images

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıb.

O, çərşənbə axşamı günü jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında söyləyib ki, hər iki ölkə 30 il öncə MDB-nin yaradılması prosesində iştirak edib və qarşılıqlı tanınma həmin vaxt imzalanan bəyannamə və dövlətlərarası saziş əsasında baş tutub.

"Konkret terminlərlə nəyi nəzərdə tutduğumuzu başa düşmək lazımdır. O vaxt artıq Qarabağ məsələsi var idi? Var idi. Amma sual budur: Qarabağ problemi ərazi problemidirmi? Bizim anlayışımıza görə, bu, ərazi problemi deyil. Qarabağ məsələsi hüquq məsələsidir və ərazi məsələsi ilə heç bir əlaqəsi yoxdur", - Paşinyan deyib.

O söyləyib ki, Ermənistanın hazırki rəhbərliyi Qarabağ məsələsinin "təhrif olunduğunu" bəyan edəndə həm də qeyd edilən bu məsələ nəzərdə tutulur.

"Çünki MDB-nin 1991-ci il sənədlərinə əsasən, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb. Bəyəm bu, Qarabağ məsələsinin olmaması demək idimi?" - Paşinyan sual verib.

Paşinyan Qarabağın müstəqilliyinin tanınması haqqında 

Paşinyan söyləyib ki, Qarabağın müstəqilliyinin tanınması 30 ildir ki, müzakirə olub, lakin heç bir qərar qəbul olunmayıb.

"Çünki hamı anlayırdı ki, Ermənistan birinci və yeganə ölkə olmamalıdır [Qarabağın müstəqilliyini tanıyan]. Biz anlamalıyıq ki, Qarabağın müstəqilliyinin tanınması nə verəcək".

O, Qarabağ məsələsində önəmli olan bir amilin nəzərə alınmadığını - bu məsələnin "beynəlxalq məsələ" olduğunu və tək Ermənistanın mövqeyi ilə həllinin mümkün olmadığını qeyd edib.

"Artsax [Qarabağ] ermənilərinin hüquqları nəzərə çarpdırılmalıdır", - Paşinyan deyib. 

Qarabağın statusu və yolların açılması

Ermənistan Baş Naziri Nikol Paşinyanın sözlərinə görə, Dağlıq Qarabağın statusu və regional kommunikasiyalar üzərindən blokadanın götürülməsi məsələləri 3+3 formatında müzakirə olunmayacaq. 

"Bu, məsələlərlə artıq başqa formatlar çərçivəsində məşğul olurlar və bunların başqa müstəviyə keçirilməsinə ehtiyac yoxdur", Paşinyan bildirib.

O, Qarabağ probleminin tənzimlənməsinin ATƏT-in Minsk Qrupunun səlahiyyətində olduğunu, kommunikasiyalar üzərindən blokadanın götürülməsi məsələsinin həyata keçirilməsi üçün isə Ermənistan, Azərbaycan və Rusiya baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli işçi qrupun yaradıldığını bildirib. 

"Başqa formatların gündəmində olmayan məsələlər müzakirə olunmalıdır. Belələri varmı? Deyə bilmərəm, gələcək göstərər, lakin deyə bilərəm ki, regional əməkdaşlığa aid çoxlu diqqət yetirdiyimiz məsələlər var", - Paşinyan deyib. 

Türkiyə və Azərbaycan prezidentləri tərəfindən təklif olunan 3+3 formatı üç Cənubi Qafqaz ölkələri ilə Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur.

Demarkasiya və delimitasiya haqqında sənəd

Paşinyanın sözlərinə görə, sərhədin delimitasiya və demarkasiyası ilə Dağlıq Qarabağ məsələsi müxtəlif müzakirə metodları tələb edən ayrı-ayrı məsələlərdir.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında mümkün imzalanacaq sənəd sözügedən prosesin yekunlarına deyil, delimitasiya və demarkasiya məsələləri üzrə işçi komissiyanın yaradılmasına aid olacaq.

Paşinya bildirib ki, hər iki tərəfin sözügedən sənədi imzalamağa hazırlaşdıqları barədə "yanlış fikir" mövcuddur.

"Bu, belə deyil. Möhtəməl sənəddə qeyd olunacaq ki, Ermənistan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası üzrə işə başlayan komissiya yaradırlar. Sənəddə sərhədin konkret buradan, ya buradan keçdiyi göstərilməyəcək", - Paşinyan izah edib. 

Paşinyan yeni müharibə və itkin düşənlər barədə

Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında yeni müharibə təhlükəsinin olub-olmaması ilə bağlı suala cavabında deyib ki, "müharibə təhlükəsi hələ də qalmaqdadır".

"Azərbaycanın aqressiv davranışı var ki, bunun beynəlxalq ictimaiyyət də daxil olmaqla, qarşısı alınmalıdır", - o əlavə edib.

Nikol Paşinyan noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə danışarkən söyləyib ki, əsir düşmüş erməni hərbçilərinin sayı əvvəl açıqlandığından çoxdur.

O söyləyib ki, dəqiqləşdirilməmiş məlumatlara görə, əvvəl ölmüş hesab edilən bəzi hərbçilərin də əsir düşdüyü düşünülür.

"Başa düşürəm ki, belə danışmaq yersizdir... Amma 6 ölü, 24+8 məhbus var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, məhbuslar arasında yaralılar da var", Paşinyan deyib.

15 və 16 noyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində tərəflərin artilleriya və döyüş texnikası da istifadə etdiyi atışmalarda Ermənistan tərəfindən altı, Azərbaycan tərəfindən yeddi hərbçi həlak olub.

Azərbaycan 10, Ermənistan 4 döyüşçüsünün yaralandığını bildirib.

Ermənistan əvvəlki açıqlamasında bu döyüşlər nəticəsində 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirmişdi. Ermənistan tərəfi "itkin" hərbçilər haqqında deyib ki, onların "taleyi məlum deyil, intensiv axtarış işləri aparılır".

Azərbaycan əsir məsələsini indiyə kimi nə təsdiq, nə təkzib edib.