Azərbaycan və Ermənistan arasında gərginlik yenə yüksəldi: səbəb nədir?

Şəklin mənbəyi, Getty Images/BULENT KILIC
- Müəllif, Elçin Süleymanov
- Vəzifə, BBC Azərbaycanca
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir.
Çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində atəşkəsin pozulması nəticəsində iki hərbçisinin yaralandığını, "erməni hərbçilərini tərksilah etməklə" saxlandığını bildirib.
Ermənistan Azərbaycan ordusuna qabağa getməyə "imkan verilmədiyini" deyib. Rəsmi Yerevan 1997-ci il ikitərəfli müqaviləsinə uyğun olaraq, ölkə suverenliyinin müdafiəsi çağırışı ilə Moskvaya müraciət edib.
Bazar ertəsi isə Ermənistan Azərbaycanı "şərq sərhədlərindən içəri daxil olmaqda" ittiham edib - Baş nazir Nikol Paşinyan bu xəbəri vermək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb. Azərbaycan bu bəyanatı təkzib etməyib və ona cavabında XİN sözçüsü Leyla Abdullayeva "Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq müvafiq tədbirlər həyata keçirilib",- deyə bildirib.
Noyabrın 15-də səhər Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində Azərbaycan ordusunun mövqelərinin, hətta infrastruktur tikintisində işləyən nəqliyyat vasitələrinin intensiv atəşə tutulduğunu bəyan edib. Bu, ötən həftədən bəri davam edən silsilə gərginliklərdən biridir.
Hazırda tərəflər arasında gərginliyə səbəb ola biləcək əsas mövzu ''Zəngəzur dəhlizi'' hesab olunur. Azərbaycan üçün mühüm siyasi və logistik əhəmiyyət daşıyan, Azərbaycanı Naxçıva və Türkiyə ilə birləşdirə biləcək belə bir dəhlizin açılmasına Ermənistan razılıq vermir.
Gorus-Qafan yolu
Son hadisələr iki ölkə arasında yaranmış kövrək münasibətləri korlaya, indiyədək əldə olunmuş "müsbət irəliləyişləri" zədələyə bilər, ermənistanlı siyasi şərhçi Riçard Giraqosyan belə hesab edir.
"Daha geniş kontekstdə diqqəti çəkən odur ki, bu son gərginliyin nə Dağlıq Qarabağ münaqişəsi, nə də Rusiya sülhməramlılarının mövcudluğu ilə birbaşa əlaqəsi var. Əksinə, gərginlik Ermənistanla Azərbaycan arasındadır və müharibədən sonrakı qarşıdurmanın ikitərəfli ölçüyə keçməsi ilə yeni problem yaradır", o deyir.
Yerevandakı Regional Tədqiqatıar Mərkəzinin direktoru Riçard Giraqosyanın sözlərinə görə, son eskalasiya və ara-sıra baş verən toqquşmalar dövlət başçıları arasındakı diplomatiyanın ən yüksək səviyyəsində müsbət irəliləyiş əlamətləri ilə yerli səviyyədə baş verən hadisələr arasında əlaqənin pozulduğunu "aşkara çıxarır".

Şəklin mənbəyi, Riçard Giraqosyan
"Bu əlaqənin kəsilməsi xüsusilə narahatlıq doğurur, çünki yerlərdəki qüvvələr gərginliyi azaltmaq və sabitliyə nail olmaq üçün liderlərin səylərinə ciddi şəkildə əngəl törədə bilər", - Riçard Giraqosyana deyir.
Onun fikrincə, tərəflər arasındakı eskalasiya nəqliyyat əlaqələrinin bərpasına dair gözlənilən ilkin razılaşmanın həyata keçirilməsi ilə bağlı "narahatlıqdan irəli gələ" bilər.
Son günlərdəki mübahisələr mərkəzində yenidən Gorus-Qafan yolu da olub. Ermənistan bu yolun Azərbaycandan keçən hissəsində gömrük məntəqələrinin yaradılacağını deyib. Ermənistanın Baş naziri hökumət iclasında bildirib ki, Gorus-Qafan yolunda Azərbaycan postlarının qurulmasından qaçmaq olardı, amma bu, "dəhliz məntiqi" bahasına başa gələrdi.
"Sual yarana bilər: bu yolda Ermənistan Respublikası vətəndaşlarına və yüklərinə sərhəd nəzarətinin olmaması üçün danışıqlar aparmaq olmazdımı? Olardı, ancaq bu, bizə dəhliz məntiqi [bahasına] başa gələrdi ki, bu da qəbuledilməzdir", - Nikol Paşinyan cümə axşamı günü bildirib.
Rəsmi Bakının Paşinyana cavabı bəlli deyil, lakin "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluya əsasən, gömrük məntəqələrinin qoyulacağı barədə Ermənistanda səslənən açıqlamanın təhlili Yerevanın Bakıdan "müəyyən siqnallar" aldığını göstərir.

Şəklin mənbəyi, Elxan Şahinoğlu/Facebook
"Onların sözlərindən belə çıxır ki, əgər Zəngəzur dəhlizinə razılaşsa idilər, Bakı da belə qərarı verməzdi, yəni 21 kilometrdə (yolun Azərbaycandan keçən hissəsi - red.) gömrük xidməti yaratmazdı, bizdə onlara koridor kimi istifadəyə imkan verə bilərdik". Elxan Şahinoğlu Ermənistan tərəfinin "bu sövdələşməyə" getmədiyini deyir. Onun sözlərinə görə, bu, tərəflər arasında proseslərin gərgin keçdiyini göstərir.
Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar Ermənistanın daxilində də gərginlik yaradıb. "Məğlubiyyət simvolu olan hökumət danışıqlar yolu ilə növbəti güzəştə getdi․ Azərbaycan Gorus-Qafan yolunu tam nəzarətə götürüb", - sabiq Prezident Robert Koçaryanın başçılıq etdiyi "Hayastan" blokunun cümə axşamı günü yaydığı bəyanatda deyilir.
Siyasi şərhçi Şahin Cəfərliyə əsasən, Rusiya vasitəçiliyi ilə hazırlanan razılaşmalara qarşı etirazların başında Moskvaya yaxınlığı ilə tanınan sabiq Prezident Robert Koçaryanın olması "təəccüblü" görünür. Halbuki, onun fikrincə, Rusiya kommunikasiyaların açılması ilə bağlı Ermənistanın "narahatlıqlarını" aradan qaldırmaq üçün iş aparır:
"Rusiyanın üçtərəfli işçi qrupundakı nümayəndəsi, Baş nazirin müavini Aleksey Overçuk bildirib ki, dövlətlərin suverenliyindən çıxarılmış dəhlizlərin yaranmasından söhbət getmir".
Şahin Cəfərli tərəflər arasında ən yüksək səviyyədə nəzərdə tutulan görüşün hələ də baş tutmamasında Ermənistandakı etirazların rolunu da mümkün sayır.
Razılaşmalar
Azərbaycanla Ermənistan bir-birini razılaşmalara əməl etməməkdə ittiham edir. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş naziri Əli Əsədov MDB ölkələri hökumət başçılarının son onlayn iclasında bu barədə bəyanatla çıxış ediblər.
Lakin sərt bəyanatlara rəğmən tərəflər arasında təmaslar davam edir. Ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə regionda gərginliyin azaldılması yollarını müzakirə ediblər.
Riçard Giraqosyan bu görüşləri diplomatiyaya qayıdışın mühüm əlaməti kimi dəyərləndirir. O, eyni zamanda, bölgədə hərbi qüvvə ilə təmsil olunan Rusiyanın ATƏT Minsk Qrupu çərçivəsindəki danışıqların bərpasında "ən vacib diplomatik" qüvvə kimi görüldüyünü düşünür.
"Beləliklə, qarşıda duran vəzifə Rusiyanın tətbiq etdiyi hazırkı atəşkəs rejimini daha davamlı və dayanıqlı sülh prosesinə çevirmək naminə rəsmi diplomatik danışıqlara keçmək üçün bu diplomatiyaya qayıdışdır".
Riçard Giraqosyanın sözlərinə görə, hazırkı gərginliyin artması müharibədən sonrakı "normal vəziyyətə qayıdış" istiqamətində əldə olunan bəzi nailiyyətlərin əhəmiyyətini azaldır. Belə bir vəziyyət isə Ermənistan və Azərbaycan arasında qarşılıqlı diplomatik fəaliyyətin bərpasının və etimad tədbirlərinin qurulmasının uğuru üçün "mühüm ilkin şərtdir".
Çərşənbə günü Parisdə keçirilən ATƏT Minsk qrupunun təşkil etdiyi görüşdə bir sıra mümkün deeskalasiya tədbirləri, o cümlədən bu formatda gələcək görüşlər və həmsədrlərin regiona səfəri müzakirə olunub.
"Daha geniş kontekstdə diqqəti çəkən odur ki, bu son gərginliyin nə Dağlıq Qarabağ münaqişəsi, nə də Rusiya sülhməramlılarının mövcudluğu ilə birbaşa əlaqəsi var. Əksinə, gərginlik Ermənistanla Azərbaycan arasındadır və müharibədən sonrakı qarşıdurmanın ikitərəfli ölçüyə keçməsi ilə yeni problem yaradır".
Riçard Giraqosyanın sözlərinə görə, son eskalasiya və ara-sıra baş verən toqquşmalar dövlət başçıları arasındakı diplomatiyanın ən yüksək səviyyəsində müsbət irəliləyiş əlamətləri ilə yerli səviyyədə baş verən hadisələr arasında əlaqənin pozulduğunu "aşkara çıxarır".
Ötən həftəsonu Şuşa şəhərinin yaxınlığında xidmət göstərən Azərbaycan və Rusiya hərbçilərinə doğru atılmış əl qumbarası üç nəfərin xəsarət almasına səbəb olub.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Şuşa yaxınlığında "Dağlıq Qarabağdan olan" işçilərə Azərbaycan tərəfindən atəş açıldığını və bir nəfərin həlak olduğunu bildirib.
Elə ötən həftə Azərbaycan Qaragöl istiqamətində təxminən 60 erməni hərbçisini "mühasirəyə aldığını", sonradan Rusiyanın xahişi ilə onların geri dönməsinə şərait yaratdığını bildirib. Hərçənd Ermənistan bunu təkzib eləyib.
Həmçinin oxuyun:







