Rüstəm Muradov Bakıdan Yerevana erməni hərbçinin meyitini çatdırıb

Şəklin mənbəyi, RIA Novosti/Sergey Averin
Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini Rüstəm Muradov çərşənbə günü Bakıdan Yerevana bir erməni hərbçinin meyitini aparıb.
Bununla Ermənistanın noyabrın 16-dakı döyüşlərdə rəsmi açıqladığı itkisi 2-yə çatıb.
Azərbaycan 7 hərbçisinin həlak olduğunu bildirib.
Azərbaycan-Ermənistan sərhədində bazar ertəsindən başlayan və dünən intensivləşən qanlı döyüşlərdə hər iki tərəf atəşkəsin pozulmasında və vəziyyətin gərginləşməsində bir-birini ittiham edir.
Aramsız döyüşlər Rusiyanın vasitəçiliyi ilə noyabrın 16-da gecə saatlarında dayanıb. Rəsmi Moskva vəziyyətin sabitləşdiyini bildirib.
Sputnik Armenia nəşrinin məlumatına görə, general Rüstəm Muradov Bakıdan Yerevana sərhəddə baş vermiş döyüş əməliyyatları zamanı ölmüş bir erməni hərbçisinin meyitini gətirib. General-leytenant Rüstəm Muradovun təyyarəsi noyabrın 17-də axşam saatlarında Bakıdan Yerevana uçub, Ermənistan mediası bildirib.
General Muradov bu ilin avqustunadək Qarabağdakı Rusiya kontingentinin komandanı vəzifəsini tutub.
Azərbaycan ilə Ermənistan arasında əsir və digər saxlanılan şəxslərin və eləcədə mina xəritələrinin mübadiləsi ilə bağlı indiyədək həyata keçirilmiş missiyaları Moskva bir qayda olaraq məhz Rüstəm Muradova həvalə edib.
Azərbaycan noyabrın 16-da Ermənistanla sərhəddə baş vermiş döyüşlər nəticəsində 7 hərbçisinin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirib.
Ermənistan bu döyüşlər nəticəsində 13 nəfərin əsir düşdüyü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirilib. Nazirliyin açıqlamasında deyilir ki, onların "taleyi məlum deyil, intensiv axtarış işləri aparılır".
Ermənistan iki döyüş mövqeyinin Azərbaycanın nəzarəti altına keçdiyini də deyib.
Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin nizamlanması və erməni hərbçi əsirlərin qaytarılması ilə bağlı danışıqlar aparılır, Ermənistan MN-nin məlumatında deyilir.
Qurum onu da əlavə edib ki, atəşkəs haqqında razılaşmaya ümumən riayət olunur.
Azərbaycan 13 hərbçinin əsir götürülməsi və iki döyüş mövqeyini nəzarətə götürülməsi ilə bağlı Ermənistanın dediklərini nə təsdiq, nə təkzib edib.
ABŞ və BMT-dən Azərbaycan və Ermənistana çağırış
ABŞ Azərbaycan və Ermənistanı gərginliyi azaltmaq və daha da gərginləşdirməmək üçün "dərhal konkret addımlar atmağa" çağırıb.
ABŞ dövlət katibi Antony Blinken-in çərşənbə axşamı verdiyi bəyanatda deyilir ki, ABŞ Azərbaycan və Ermənistan arasında intensiv döyüşlərin getdiyi barədə məlumatlardan "dərin narahatlıq keçirir".
"Biz, həmçinin, tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla bütün həll edilməmiş məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq.
Minsk Qrupu həmsədrlərinin noyabrın 15-də verdiyi bəyanatda qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan arasında gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır", - Antony Blinkenin bəyanatında qeyd olunur.
BMT-dən tərəflərə çağırış
Birləşmiş Millətlər Təşkilatı Azərbaycan və Ermənistanı problemləri dialoq vasitəsilə sülh yolu ilə həll etməyə və təmkinli olmağa çağırıb.
"Biz son zorakılıqlarla bağlı hesabatları narahatlıqla izləyirik. Bu hesabatları yoxlamaq lazımdır. Biz bütün tərəfləri təmkinli olmağa, 9 noyabr 2020-ci il və bu il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlara uyğun hərəkət etməyə, bütün müvafiq narahatlıqları dialoq vasitəsilə sülh yolu ilə həll etməyə çağırırıq. Biz eskalasiyanın qayıtmasından qaçmaq istəyirik", - TASS agentliyi yazır ki, çərşənbə axşamı keçirdiyi brifinqdə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq deyib.

Şəklin mənbəyi, RIA NOVOSTI
Rusiya mediası Rusiya Müdafiə nazirliyinə istinadən, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşdiyini bildirib.
Rusiya mediası, o cümlədən TASS və RIA Novosti, Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə telefon danışıqlarından sonra Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşdiyi barədə xəbər yayıb.
TASS-a Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Kilsəli dağı rayonunda "vəziyyət sabitləşib."
"Hazırda Kilsəli dağı ərazisində döyüşlər dayandırılıb, vəziyyət normallaşıb və nəzarət altındadır", TASS agentliyi Rusiya MN-ə istinad edən bildirib.
Rusiya Müdafiə Naziliyinin saytında isə bu məlumat hələlik dərc olunmayıb.
Yalnız nazir Sergey Şoyqunun Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə telefon danışıqları apardığı barədə məlumat yayılıb.
"Sergey Şoyqu hər iki tərəfi vəziyyətin gərginləşməsinə səbəb olan hərəkətləri dayandırmağa çağırıb", - Rusiya Müdafiə Nazirliyinin vebsaytında dərc olunan məlumatda deyilib.
Telefon danışıqları: Ankara-Bakı, Moskva-Bakı, Moskva-Yerevan
Noyabrın 16-da Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə telefon danışığı olub, Azərbaycan MN-in mətbuat xidməti bildirib.
Zakir Həsənov Ermənistanla dövlət sərhədində olan vəziyyət barədə Hulusi Akarı məlumatlandırıb.
Hulusi Akar "Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib", məlumatda qeyd olunub.
Müdafiə Nazirliyi xəbər verib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı çərşənbə axşamı günü Zakir Həsənova Rusiyanın müdafiə naziri Sergey Şoyqu zəng edib.
Zakir Həsənov "iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib", məlumatda deyilib.
Sergey Şoyqu "hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib."
Bundan əvvəl Şoyqu Ermənistanın yeni müdafiə naziri Suren Papikyanla telefon danışığı aparıb, Ermənistan mediası xəbər verib.
Nazir Papikyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə Rusiya müdafiə nazirinə məlumat verib, xəbərlərdə qeyd oliunub.
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib, Azərbaycan Prezidentinin mətbuat xidmətii bildirib.
Məlumata görə, söhbət zamanı Prezident Charles Michel "Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib."
Prezident İlham Əliyev sərhəddəki hadisələrlə bağlı Charles Michel-ə bildirib ki, "dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu" noyabrın 16-da baş verib.
Prezident İlham Əliyev "Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyini vurğulayıb."
"Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib", Prezidentin mətbuat xidmətinin məlumatında deyilib.
Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel özünün Twitter səhifəsində Azərbaycan-Ermənistan sərhədində 16 noyabr tarixli hadisələri İlham Əliyev və Nikol Paşinyanla müzakirə etdiyini bildirib.
Charles Michel "vəziyyətin de-eskalasiyasına və tam atəşkəsə çağırış" edildiyini qeyd edib.
"Regionda vəziyyət mürəkkəbdir - Aİ çiçəklənən və sabit Cənubi Qafqaz naminə gərginliyin aradan qaldırılması üçün partnyorlarla birgə iş aparmağa sadiqdir", Charles Michel öz Twitter ssəhifəsində qeyd edib.
"Gərgin döyüşlər" barədə məlumatlar: ölənlər və yaralananlar var
Azərbaycan və Ermənistan çərşənbə axşamı sərhəddə gərgin döyüşlər getməsi ilə bağlı məlumatlar yayıb.
Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin yaralandığını, 12 hərbçinin isə əsir düşdüyünü bildirib. Nazirlik, həmçinin, ölənlərin olduğunu deyib, ama onların sayını açıqlamayıb.
Azərbaycan isə iki hərbçisinin yaralandığını deyib.
Hər iki tərəf regionda vəziyyətin gərginləşməsində bir-birini ittiham edir.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı son açıqlamada həmçinin deyilir ki, həlak olan sayı dəqiqləşdirilir, "iki döyüş mövqeyi itirilib".
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır və əlavə edib ki, erməni hərbçilərinin hücumu "dəf edilib".
Ermənistan XİN bildirib ki, Azərbaycan Silahlı Qüvvələri noyabrın 16-da Ermənistan mövqelərinə hücum edib, ölkə ərazisinə daxil olub və nəticədə insan itkisi baş verib.
Rəsmi Yerevan 1997-ci il ikitərəfli müqaviləsinə uyğun olaraq, ölkə suverenliyinin müdafiəsi çağırışı ilə Moskvaya müraciət edib, Ermənistan İctimai Televiziyasının efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Azərbaycan Müdafiə Nazirliyi hazırda bölgədə vəziyyətin gərgin olduğunu bildirib.
Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində atəşkəsin pozulması nəticəsində iki hərbçisinin yaralandığını, "erməni hərbçilərini tərksilah etməklə" saxlandığını bildirib.
Ermənistan Azərbaycan ordusuna qabağa getməyə "imkan verilmədiyini" deyib.
Bu arada Ermənistanın "Hraparak" qəzeti Müdafiə Nazirliyində öz mənbələrinə istinadən yazıb ki, Azərbaycan 6 erməni hərbçisini əsir götürüb.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində təxribat törətməkdə ittiham edib, yaralanan hərbçilərinin həyatları üçün təhlükə olmadığını bildirib.
Azərbaycan MN bildirib ki, erməni hərbçiləri bu gün səhər saat 11-dən etibarən dövlət sərhədində yüksəklikləri ələ keçirmək, əlverişli mövqelərə yiyələnmək istəyib və bu məqsədlə qəfil hərbi əməliyyata başlayıb.
Azərbaycan elan edib ki, Ermənistan öz ərazisində Basarkeçər və Qarakilsə rayonlarındakı mövqelərindən Azərbaycanın Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, əks həmlə etməklə "erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib".
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan hərbçiləri "irəliləməyə çalışıb", amma onların qarşısı alınıb. Ermənistan Azərbaycanı təxribat etməkdə ittiham edir.
Bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi demişdi ki, ötən gün axşam saatlarından bu gün səhərədək Ermənistan ordusu sərhəd boyunca Azərbaycanı atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin çərşənbə axşamı yaydığı açıqlamada deyilir ki, Ermənistan ərazilərindəki kəndlərdən Kəlbəcər, Gədəbəy, Tovuz və Ağstafa rayonunda yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub və "qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə adekvat cavab tədbirləri" görülüb.
Azərbaycan Müdafiə Nazirliyi atışma nəticəsində itkilər və ya yaralılar olması barədə məlumat verməyib, yalnız onu əlavə edib ki, hazırda atəşkəsin pozulduğu ərazilərdə "əməliyyat şəraitinə" nəzarət edilir.
Ermənistanın bununla bağlı şərhi məlum deyil, amma rəsmi Yerevan indiyədək Azərbaycanı regionda vəziyyəti gərginləşdirməkdə ittiham edir.
Bundan bir gün qabaq ölkənin Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan hərbçiləri onların ərazisinə giriblər.
Ermənistan Təhlükəsizlik Şurasının iclasından sonra yaydığı bəyanatına görə, Azərbaycan Silahlı Qüvvələri bölmələri zirehli texnika vasitəsilə Ermənistanın suveren ərazisinə müdaxilə etməsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinə məxsus dörd döyüş mövqeyi mühasirəyə düşüb. Lakin sonradan danışıqlar nəticəsində Azərbaycan hərbi texnikası və qoşunu Ermənistan ərazisini tərk edib.
Eyni zamanda, Ermənistan TŞ-nin bəyanatına əsasən, həmin dörd döyüş mövqeyindən, həmçinin, Ermənistan SQ qüvvələri də çıxarılıb, lakin həmin sahədə hələ may ayında Ermənistan ərazisinə müdaxilə etmiş Azərbaycan SQ bölmələri qalmaqdadır.
Azərbaycan "Ermənistanın təxribatlarına müvafiq cavab tədbiri gördüyünü" bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib ki, Azərbaycan hərbçiləri hazırda Azərbaycanın "suveren ərazisində xidmət göstərir".
Ötən şənbə günü Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, "Qaragöl" istiqamətində "cəmləşən" erməni hərbçilərini mühasirəyə alıb, sonradan isə Rusiyanın xahişi ilə onları geri qaytarlıb.
Ermənistan isə yaydığı məlumatda Azərbaycan ordusunun "irəliləmək cəhdinin qarşısını" aldığını bildirmişdi.

Şəklin mənbəyi, Nikol Pashinyan/Facebook
Paşinyan: "Azərbaycan ordusu şərq sərhədlərimizdən içəri daxil olub"
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Azərbaycan ordusu Ermənistanın şərq sərhədlərindən içəri daxil olub. İranda zəlzələ nəticəsində ölən və yaralanan var, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, Azərbaycan ordusu Ermənistanın şərq sərhədlərindən içəri daxil olub.
O bunu bazar ertəsi bu məlumatla bağlı çağırdığı Təhlükəsizlik Şurasının iclasında deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Paşinyanın bu çıxışı ilə bağlı bildirib ki, "Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq müvafiq tədbirlər" həyata keçirilib.
Azərbaycan XİN-I Ermənistanı onun silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərinə yığışmaqda ittiham edir. Qurum onu da əlavə edir ki, noyabrın 13-də Kəlbəcər atəşə tutulub.
Leyla Abdullayeva bildirib ki, noyabrın 14-də Ermənistan silahlı qüvvələri iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribat törətrmək istəyib. O vurğulayıb ki, Azərbaycan hərbçiləri öz suveren ərazisində xidmət keçir.
Leyla Abdullayev mövcud gərginliyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını deyir.
Bu səhər Azərbaycan Kəlbəcər istiqamətində Ermənistan hərbçilərinin Azərbaycan hərbi mövqelərini intensiv atəşə tutduğunu bildirib.
Ermənistan bunları təkzib edir, əksinə, Azərbaycanı vəziyyəti ağırlaşdırmaqda ittiham edir.
Ermənistan Baş naziri həmin iclasda müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib və onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin edib.
Paşinyan deyib ki, "Azərbaycan ordusunun Ermənistanın şərq sərhədlərindən içəri daxil olması" məsələsi dünəndən bəri hökumət rəsmiləri ilə müzakirə edilir:
"Müzakirə mövzusu Azərbaycan qoşunlarının Ermənistan-Azərbaycan sərhədinin şərq hissələrinin birində Ermənistan ərazisinə müdaxiləsi faktı olub. Bu günkü iclasın məqsədi müzakirələrimizi yekunlaşdırmaq, eləcə də baş vermiş hadisələr haqqında ictimaiyyətimizə tam məlumat verməkdir".
İclasda TŞ üzvlərindən başqa, parlamentin sərdi Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Arayik Harutyunyan və iqtidar Vətəndaş Müqaviləsi parlament fraksiyasının rəhbəri Hayk Koncoryan iştirak ediblər.
"Biz, həmçinin, vəziyyəti araşdırıb və bir neçə istiqamətdə Ermənistanın təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsinə yönəlmiş qərarlar qəbul etməyə çalışarıq", - Ermənistanın Baş naziri bəyan edib.









