Azərbaycan ordusu Qaragöl yaxınlığında "mühasirəyə aldığı 60-a yaxın erməni hərbçinin geri dönməsinə şərait yaradıb"

Şəklin mənbəyi, Armgeo.am
Azərbaycan Qaragöl yaxınlığında Ermənistanın "növbəti təxribata cəhd" etdiyini bildirib. Rusiyanın Qarabağdakı sülhməramlıları Şuşada baş vermiş insidenti araşdırır - ətraflı BBC News Azərbaycancanın icmalında.
Azrəbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, Ermənistan Azərbaycanla dövlət sərhədinin Laçın rayonu istiqamətində "növbəti dəfə təxribat törətməyə cəhd göstərib".
Azərbaycan Qaragöl istiqamətində təxminən 60 erməni hərbçisini "mühasirəyə aldığını", sonradan Rusiyanın xahişi ilə onların geri dönməsinə şərait yaratdığını bildirib.
Ermənistan Müdafiə Nazirliyi Qaragöl gölü ətrafında azərbaycanlı və erməni ordusu arasında "dava-dalaşın" düşdüyü və erməni hərbçilərinin mühasirəyə alınması barədə xəbərləri təkzib edib.
"Noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb", - Azərbaycan MN-in çərşənbə günü yaydığı açıqlamasında deyilib.
"Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb", - Azərbaycan MN-i bildirib.
Azərbaycan Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, "buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa", görüləcək tədbirlər "daha sərt və təsirli" olacaq.
"Azərbaycan ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - bəyanatda qeyd olunub.
"Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlik vurğulayıb.
Qaragöl ətrafı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında mübahisə yaradıb: Ermənistan iddia edir ki, Azərbaycan onun ərazisinə daxil olub, Azərbaycan isə bəyan edir ki, müharibədən sonra qanuni sərhədlərini bərpa edir.

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP via Getty Images
Rusiyanın Qarabağdakı sülhməramlıları Şuşada baş vermiş insidenti araşdırır
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistanla birlikdə Şuşada baş vermiş insidentlə bağlı araşdırma aparır, Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.
Nazirliyin çərşənbə axşamı günü yaydığı məlumatda iki gün öncə Şuşada atəşkəsin pozulduğu, Azərbaycan tərəfinin atəş açdığı deyilir. İnsident nəticəsində bir nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, adətən, bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir, amma qarşı tərəf bu dəfə belə bir məlumat verməyib.
Noyabrın 8-də Şuşada Azərbaycan Prezidentinin iştirakı ilə Zəfər bayramı qeyd olunurdu.
- Xankəndi 5 il sonra - nəzarət kimdə olacaq?
- Qarabağın statusu: O necə olacaq?
- Azərbaycan və Ermənistan arasında “Qarabağın statusu” çəkişməsi: "Bu xalqlar əvvəl-axır ortaq bir məxrəcə gəlməlidirlər"
- Qarabağda dron müharibəsi: Azərbaycan və Ermənistan arasındakı münaqişəni pilotsuz aparatlar necə dəyişib?
"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin bir dəfə pozulması qeydə alınıb. Noyabrın 8-də, Moskva vaxtı ilə saat 13:40-da Şuşa rayonu ərazisində Dağlıq Qarabağdan olan 4 nəfərdən ibarət işçi qrupu Azərbaycan tərəfdən atəşə tutulub, nəticədə 3 nəfər yaralanıb, 1 nəfər ölüb",- Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.
Noyabrın 8-də Ermənistan KİV-ləri Şuşa şəhəri yaxınlığındakı su boru kəmərində işləyən mülkilərə "Azərbaycan tərəfindən açılan atəş" nəticəsində bir nəfərin həlak olduğunu, daha üç nəfərin yaralandığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan tərəfinin yaydığı məlumat "ciddi suallar doğurur".
"Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər. Qeyd etmək istərdik ki, adətən, bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur", - çərşənbə axşamı günü Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir.
XİN bildirib ki, noyabrın 8-də Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə Şuşada tədbir həyata keçirilirib.
"Məlumdur ki, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır", açıqlamada deyilir.
Azərbaycan Müdafiə Nazirliyi Şuşada baş vermiş insidentdən bir gün sonra, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu, Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutduğunu bildirib.
Nazirlik Azərbaycan tərəfindən itkinin olmadığını açıqlayıb.
Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb. Bəyanatın imzalanmasından sonra Azərbaycanın Qarabağ bölgəsinə və Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edir. Bu ərazidə erməni əhali yaşayır.
Ötən ay sülhməramlıların məsuliyyət zonasında atəşkəsin pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən bir neçə hadisə qeydə alınıb.








