Müqəddəs Qarabağ. Keçmişin müqədəsləşdirilməsi Azərbaycanla Ermənistan arasında sülh prosesinə necə mane olur

Müqəddəsləşdirilən Qarabağ
    • Müəllif, Məhərrəm Zeynalov
    • Vəzifə, BBC, Bakı

Martda Azərbaycanla Qarabağ erməniləri arasında birbaşa danışıqlar – münaqişə tərəfləri arasında ilk açıq dialoq – başlandı.

Onlar tanınmamış Dağlıq Qarabağ Respublikasının - Bakının müstəsna olaraq öz dövlətinin bir hissəsi kimi gördüyü ərazilərin və onlarda yaşayan, Azərbaycana inamsızlıq və qorxu ilə birləşən insanların gələcəyini həll etməyə çalışırlar.

Otuz ildən bir qədər artıq müddətdə, tək hakimiyyətlərin deyil, həm də şair, yazısı və musiqiçilərin səyləri nəticəsində öz ömürlərini artıq Qarabağsız təsəvvür etməyən ilk xalq arasında uçurum yaranıb.

Fevralın 26-da Azərbaycanda, birinci müharibədən əvvəl Qarabağın əksərən azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərindəki faciənin növbəti ildönümünü qeyd etdi. 1992-ci ilin fevralında şəhərin yüzlərlə dinc sakini hücum edən erməni qüvvələri tərəfindən öldürülüb – Azərbaycanda bu hadisələri "soyqırım" adlandırırlar. Bunu siyasi diskursa həkk ediblər, bu barədə xəbərlərdə xatırladırlar, bundan ilham almış uşaqlar isə hadisəyə öz rəsmlərini həsr edirlər.

2018-ci ilin fevralında mən oğlumu rəsm kursuna aparırdım, dəhlizdə ən yaxşı uşaq işləri nümayiş etdirilirdi – bəzi rəsmlərdə karandaşla çəkilmiş qarın üstündə yıxılmış uşaq meyitləri əks olumuşdu. Biz o kursa daha getmədik.

Bundan beş il keçdi, Azərbaycan ikinci Qarabağ müharibəsindən qələbə ilə çıxdı və tərəflər arasında dialoq yarandı. Uşağı viktorina komanda oyununa aparmışdım, başlamazdan əvvəl aparıcı, Xocalı kütləvi qırğınının “erməni terrorçuluğu” nümunəsi olduğunu qeyd edərək, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Zorla boynuna bağlanan düşmən obrazı anlayışından yayınmaq mümkün deyil – taksidə, məsələn, bütün yol boyunca vətənpərvərlik mahnıları çalınır. 20 il əvvəl dəbdə olan “Ya Qarabağ, ya ölüm” adlı ən məşhur rep-hitlərdən birində belə sözlər var: “Gənc, ixtiyar, qadın, qız durmadan qırılmaqda/ Qolları kəsilməkdə, gözləri oyulmaqda/ Dalğa dalğa səmaya fəryadları yayılmaqda/ Bir şəhidin məzarı bir dənədən çox artıq”. İfaçılar klipdə: “Cihad!”, - qışqırır və Xocalı qurbanlarının kadrlarını nümayiş etdirirlər.

Xocalı faciəsi tam realdır, lakin siyasi manipulyasiya metoduna çevrilib, konkret qətllər və qəddarlıqlar üçün məsuliyyətin ümumiyyətlə bütün ermənilərin boynuna qoyulması üçün istifadə olunur.

Nisbətən daha demokratik Ermənistanda da əvvəllər olduğu kimi, “Azərbaycan terrorizmi” ilə qorxuzurlar. 1988-ci ildə onlarla ermənilərin öldürüldüyü, minlərinin qaçmağa məcbur olduğu Azərbaycanın Sumqayıt şəhərində erməni qırğını mövzusu da vaxtaşırı bütün azərbaycanlılara damğa vurmaq bəhanəsi olur.

Hər iki ölkədə də həlak olan dinc əhalinin xatirəsi siyasi məqsədlərlə istifadə olunur, Qarabağ münaqişəsini tədqiq edən Sergey Rumyantsev deyir: “Birinci Qarabağ müharibəsində, erməni tərəfi özünü türklərdən növbəti dəfə əzab çəkən yeganə qurbanı nümayiş etdirərkən, Azərbaycan informasiya müharibəsini uduzurdu. O müharibədə mülkilərin ən böyük kütləvi qətli olan Xocalı faciəsi Azərbaycan üçün onların da qurban olduğunu göstərməyə imkan verdi”.

Milli xəyallar obyekti

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Beləliklə, sosioloqun dediyi türk -Ermənistanda bəzən azərbaycanlıları belə adlandırırlar - o deməkdir ki, Qarabağ münaqişəsi ilə 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi öldürülməsi arasında paralellər aparılır.

“15 eşidəndə,/ İl yadıma düşür./ “Dağlıq” eşidəndə,/ Yadıma “Qarabağ” gəlir”, - tanınmış erməni şairəsi Silva Kaputikyan, alleqorik olaraq sonrakı sətirlərdə ədalət tələb edirdi.

Tədqiqatçılar Mane Qriqoryan və Bəhruz Səmədovun qeyd etdikləri kimi, bu qəbildən əsərlər – yüz il əvvəlki Osmanlı Türkiyəsi türkləri ilə müasir azərbaycanlılar arasında (baxmayaraq ki, əslində onların keçmişi Türkiyə ilə deyil, İran və Rusiya imperiyası ilə bağlıdır) bərabərlik qurmaq diskursunun bir hissəsidir – və yenidən travmatik keçmiş əzablar yaşanır.

Eyni zamanda Azərbaycan şairi Xəlil Rza Qarabağı “Azərbaycanın ziyarətgahı, qan damarı, ürəyi” adlandırır.

“Milliyyətçi ictimai təxəyyül Qarabağı müqəddəsləşdirərərk, onu milli xəyallar obyektinə çevirib”, - tədqiqatçılar yazır.

Qarabağın sakralizasiyası hakimiyyətlərin başına bəla olub: 2020-ci il müharibəsindən sonra Ermənistan rəhbərliyi Qarabağın müstəqilliyi ideyasından imtina etdi, ancaq cəmiyyətin bir hissəsi bununla barışmadı. “İndi “Qarabağı vermək – Ermənistan dövlətçiliyini itirmək” şüarı var, lakin niyə və bunun nə demək olduğunu – heç kəs bilmir”, - erməni jurnalist Mark Qriqoryan deyir.

Tədqiqatçı Mane Qriqoryan deyir ki, sovet dövründən əvvəl Qarabağın “sakralizasiyası” nümunəsini tapa bilməyib, sosioloq Sergey Rumyantsev isə qeyd edir ki, azərbaycanlılar üçün region əslində XX əsrin sonunda onun ətrafında münaqişə yaranan zaman müqəddəs yerə çevrilməyə başlayıb.

Qarabağın keçmiş paytaxtı Şuşa (ermənilər Şuşi deyir, buna görə Azərbaycanın rusdilli mətbuatı bu sözün yiyəlik halda yazılışından yayınmağa çalışır) hər iki xalq üçün də az qala müqəddəs vətən olub, baxmayaraq ki, XVIII əsrdə tikilib və yaşca bir çox ətrafdakı şəhərlərdən, Bakı və Yerevan da daxil, daha gəncdir.

Bu gün yenidən Azərbaycanın nəzarətinə keçmiş Şuşaya gedib, görkəmli yerlərin fonunda şəkil çəkdirib, şəkilləri sosial şəbəkələrdə sərgiləmək – yeni dəbdir. Birinci müharibədən qabaq azərbaycanlılar Şuşada əhalinin 90 faizini təşkil edirdi və onların oradan qovulması çoxları üçün ağır zərbə olmuşdu.

Mənim bir rəssam tanışım Şuşa mənzərələrini çəkir, baxmayaraq ki, orada bir dəfə də olmayıb. O, o yerləri birmənalı "müqəddəs" adlandırır, xüsusilə tanınmış musiqiçilərin əksəriyyətinin əslən oralı olduğunu qeyd edir. “Ora bizim qüdrət ocağımızdır”, - deyir.

Ümumi sakral keçmiş, tədqiqatçılar Səmədov və Qriqoryanın yazdıqları kimi, millətlərin siyasi birliyini təşəkkül edir, ancaq, əfsus, xarici düşmən obrazı, başlıcası - əbədi düşmən obrazı vasitəsilə.

Keçmişin hökmü altında

Ermənilər düşməndir, iranlılar düşməndir, türklər – dostdur. Bakıda bu barədə çoxları danışır, bunu müharibədən iki ildən artıq sonra yerli mətbuat da təkrar etməkdən yorulmur.

“İranlılar da ermənilər kimi məkrlidir”, - Bakıda yenicə radio ilə xəbərləri dinləyən taksi sürücüsü deyir. Biz tıxacda dayanmışıq, pəncərədən XVI əsrdə Şah İsmayıl Xətainin heykəli görünür. O, İran şahı olub, lakin şeirlərini azərbaycanlıların danışdığı dildə yazırmış, ona görə burada onu "özümüzünkü" sayırlar.

“O, türklərlə vuruşub”, - başımla heykələ sarı işarə edərək, sürücüyə deyirəm. “Yalandır, - taksi sürücüsü deyir. – Sən bunu yəqin internetdə oxumusan, orada isə çoxu feykdir”.

Bu gün Azərbaycan və Türkiyə müttəfiqdirlər, xalqları oxşar dildə danışır. Müharibədən bəri Azərbaycan paytaxtının hər tərəfində Türkiyə bayraqları asılıb (Ankara Azərbaycanın qələbəsində mühüm rol oynayıb), əsgərlər öz formalarına Azərbaycan bayrağının yanına Türkiyə bayrağını yapışdırırlar.

Eyni zamanda çoxları müasir reallığı keçmişə şamil edirlər və onlara “bizim” Şah İsmayıl Xətaimizin Osmanlı imperiya ilə müharibə etdiyinə inanmaq çətindir.

Bir çox müasir erməni və azərbaycanlılara qəribə görünər ki, hələ XVIII əsrdə Qarabağın hakimi Pənah-Əli Xan və yerli erməni feodalı Şahnazar uşaqlarını evləndirib, birlikdə döyüşüb və həmin Şuşanı tikiblər.

Millət və etnoslara aid olanların hazırkı zamandan keçmişə şamil edilməsinə elmdə primordializm deyirlər.

Ermənilərlə azərbaycanlıların münaqişəsi millətçilik ideyalarının yayılması ilə möhkəm bağlıdır və indi çoxlarına göründüyü kimi, o qədər də qədim deyil, 100 ildən bir qədər artıq yaşı var.

Tədqiqatçı Benedict Anderson öz “Xəyali icmalar” kitabında yazır ki, millətçilik milliyyəti zamanın dərinliklərindən gələn icma kimi, hansısa əbədi varlıq kimi təsvir edir, hərçənd əslində millətlər ideyası ancaq XVIII-XIX əsrlərdə doğulub. O cümlədən, sənayeləşmənin və bir çoxları üçün Avropada, sonra isə dünyanın başqa nöqtələrində də savadın yayılması sayəsində, eyniyyətin əsası din birliyi yox, dil birliyi olub: məsələn, insan özünü ilk növbədə macar və yalnız sonra katolik hesab edib.

Millətçilik ideyası o zaman Rusiya imperiyası tərkibində quberniyalara (əsla milli mənsubiyyət əsasında deyil) bölünmüş Cənubi Qafqaza da müdaxilə etməyə başlayıb. Çox yerlərdə əhali qarışıq olub: azərbaycanlılar Yerevan əhalisinin əhəmiyyətli hissəsini təşkil edirdi, ermənilər isə - Bakının.

XX əsrin əvvəlində hər iki tərəfdən millətçilər zorakılığa əl atmağa başlayıblar: 1905-ci ildə Naxçıvanda ermənilərin və Şuşada (1920-ci ildə burada daha böyük miqyaslı yerli ermənilərə qarşı olacaqdı) azərbaycanlıların öldürülməsi halları olur, müasir Azərbaycan və Ermənistanın bütün ərazilərində silahlı dəstələr arasında toqquşmalar başlanır və nəhayət, 1918-ci ildə Bakıda ən qanlı toqquşmalar nəticəsində - mart ayında minlərlə azərbaycanlı, sentyabrda isə - ermənilər həlak olur.

Sovet zamanı milli məsələlər “gündəmdən çıxır” və artıq 1980-ci illərin sonunda yenidən özünü büruzə verir.

Tədqiqatçılar qeyd edir ki, hər şey ekoloji etirazlardan başlanır - Ermənistanda Metsamor AES-ə görə, Azərbaycanda isə - Qarabağda meşə ağaclarının qırılması şayiələrinə görə. Çox tez bir vaxtda ekoloji hərəkatlar milli hərəkatlara transformasiya olunur və Ermənistanda nümayişçilər Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsini tələb etməyə başlayırlar.

Yenə qırğınlar başlayır və nəticədə 1992-ci ildə artıq iki keçmiş sovet respublikası arasında tammiqyaslı müharibəyə gətirir.

Əbədi müharibə

O zamandan çox az adam xatırlayır ki, XX əsrə qədər bu xalqların mətbəxləri bir olub (bunun üstündə indi də mübahisə edirlər), musiqisi və ənənələri bir olub, onu da çox az adam xatırlayır ki, azərbaycanlılarda yaxın ermənini kirvə tutmaq kim ehtiramlı adət də olub. Təhqiqatçılar Səmədov və Qriqoryanın sözlərinə görə, hər iki tərəf öz mədəniyyətlərində bir-birinin obrazını “pis, hiyləgər və danışıq qabiliyyəti olmayan biri” kimi təqdim edirlər.

Vaxtilə Azərbaycan televiziya kanallaırndan biri illərlə öz xəbərlər proqramını “Azərbaycan ərazisinin 20 faizi işğal altındadır” sözləri ilə başlayırdı və deyirdi ki, “dünya birliyi bu ədalətsizliyə hələ də dözür”. Mən uşaqlıqdan bu ifadəyə öyrəşmişəm, bununla böyümüşəm və başqa uşaqlarla birlikdə dünya birliyinin bu məsuliyyətsizliyinə acıqlanırdım.

Hələ 1990-cı illərin sonunda Lissabonda Azərbaycan və Ermənistan Qarabağın Azərbaycanın tərkibində, lakin geniş muxtariyyətlə qalacağına qərar vermişdilər və razılaşmışdılar ki, xalqlar birlikdə yaşamalıdır. Bu nəticələr o zaman hamını sevindirməmişdi – o vaxt populyar olan ANS televiziyasındakı şou verilişlərin birində belə sözlərlə mahnı oxuyurdular: “Lissabon sammiti bizi aldadır/ Biz düşmənlə barışmağa layiq deyilik/ Gələcək nəsillər üzümüzə tüpürər”.

Münaqişənin başlanmasından 30 ildən artıq vaxt keçsə də Azərbaycanda müharibə haqqında yeni-yeni mahnılar bəstələnir, onlarda Türkiyə və Azərbaycan prezidentləri xatırlanır, Ermənistan baş naziri lağa qoyulur, kliplərdə son müharibə zamanı Azərbaycan pilotsuz uçuş aparatlarının zərbələri nümayiş etdirilir.

2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan 1990-cı illərdən erməni işğalı altında olan Qarabağın bir hissəsi və onun ətrafındakı 7 rayonu qaytardı. İndi həmin ərazilərdə yeni aeroportlar, yollar və on illərlə xarabalıqda olan şəhərlərdə iri miqyaslı tikinti işləri gedir. Minalardan təmizlənmə işləri aparılır, bu torpaqlara tədricən azərbaycanlı qaçqınlar və onların nəvə-nəticələri qayıtmağa başlayır.

Bununla yanaşı Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası haqqında çətin danışıqlar gedir, tərəflər sülh sazişi variantlarını müzakirə edir. Lakin torpaqda sülh hələ uzaqdadır – sərhəddə və Qarabağın özündə atışma nəticəsində hələ də insanlar həlak olur.

Ermənistan Azərbaycana qarşı ərazi iddiasından imtina edib, Bakı isə təzəcə bilavasitə Qarabağ erməniləri ilə danışıqlara başlayıb. Eyni zamanda Qarabağın özü (üçtərəfli bəyanatın şərtlərinə əsasən, Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsi) artıq dördüncü aydır, özlərini ekofəallar adlandıran bir qrup azərbaycanlı tərəfindən bölgəni Ermənistanla birləşdirən yeganə yol bağlandıqdan sonra blokada şəraitində yaşayır. (Rəsmi Bakı tez-tez bidiriri ki, yol bağlanmayıb və Rusiya sülhməramlıları, o cümlədən "Qızıl Xaç" Beynəlxalq Komitəsi əməkdaşları yoldan dəfələrlə istifadə edib və hazırda edir. -BBC Azərbayanca)

Müharibədə qələbədən sonra Azərbaycan Qarabağ ermənilərinə hər hansı muxtariyyət verməkdən imtina edib, Prezident İlham Əliyev isə bəyan edib ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər bölgədən çıxıb gedə bilərlər.

Ölkə daxilində Azərbaycan qalibiyyət mövzusunu istismar etməkdə davam edir – keçən il rəsmən Şuşa ili elan olunmuşdu. “O ki Şuşa müqəddəs şəhərdir, az qala bizim öz Məkkəmiz olması – bütün bunlar [insanların şüuruna] aşılanır, – Qarabağ münaqişəsi üzrə ekspert Şahin Rzayev deyir.

"Artıq hər şeyi dayandırıb və bir neçə gediş irəli düşünmək, ermənilərlə azərbaycanlıların birgəyaşama variantlarını əsas tutmağın vaxtıdır”, - Şahin Rzayev əlavə edir.

2007-ci ildə Tbilisidə gəzərkən, mənim tanışım olan erməni qız barmaqlarını gərib məsələnin mahiyyətini mənə bədii surətdə izah edirdi. “Biz ermənilər ağac kimiyik, - əllərinə işarə edərək deyirdi. – Bax, Şuşa isə budaqcıqdır. Budaqcığı qoparmaq olmaz, çünki onda mən ölərəm”.

O, xoşxasiyyət, mehriban qızdır, ancaq azərbaycanlıları sevmir və təsəvvür edə bilmir ki, biz əvvəllər birlikdə necə yaşamışıq. Mən onun üçün yaxşı azərbaycanlı idim, başqalarından fərqli.

Bizim gəzintimiz zamanı mənə xalam zəng etdi; erməni qızı ilə gəzdiyimi bilib xəbərdar etdi: “Ehtiyatlı ol, o səni zəhərləyə bilər”.

Yaşlı nəsil, görünür, unudub ki, başqa zamanlar olub, yeni nəsil isə onu heç vaxt görməyib.

Xalam artıq yoxdur, tanışım isə bir müddət sonra mənimlə danışmağı dayandırdı.

Rəsmləri Məhərrəm Zeynalov çəkib.