Azərbaycan və erməni gəncləri: “Bizim siyasi qərarlara təsirimiz yoxdur”

Səadət Akifqızı, Aleksey Manvelyan

BBC News Azərbaycanca

Azərbaycan və Ermənistandan olan gənclərin görüşü

Şəklin mənbəyi, Şücaət Əhmədzadə

Şəklin alt yazısı, Azərbaycandan və Ermənitandan olan gənclər arasında görüş iyunun 6-dan 10-na kimi Strasburqda keçirilib

Azərbaycan və erməni gəncləri yenicə Fransadan görüşdən qayıdıblar.

Bu, Azərbaycan və Ermənistan liderlərinin sülh sazişi üzərində işləməyə razılaşmasından sonraya təsadüf edir və 44 günlük İkinci Qarabağ müharibəsindən sonra gənclər arasında ilk təmaslardır.

Gənclər Strasburqdaİkinci Dünya müharibəsindən sonra Fransız-Alman barışığı təcrübəsi ilə tanış olublar, həm də Azərbaycan və Ermənistan arasında sülhə necə töhfə verə biləcəklərini müzakirə ediblər, Fransa Xarici İşlər nazirliyinin yaydığı məlumatda deyilir.

Görüşdə Azərbaycanı təmsil etmiş Şücaət Əhmədzadəyə görə, iki ölkə arasında sülhün təməli ilk olaraq, dialoqdan keçir və bu görüşlərdə də onlar erməni yaşıdları ilə dialoq qura biliblər.

Ermənistanı təmsil etmiş Elonora Sarqsyanagörə, belə görüşlər iki xalqın bir-birində yaratdığıneqativ mifləri sındırmaq üçün faydalıdır, amma o belə təmasların sülh prosesinə hər hansı təsirinə inanmır.

Görüş iyunun 6-dan 10-na kimi Strasburqda keçirilib.

Azərbaycandan olan gənc tədqiqatçı

Şəklin mənbəyi, Şücaət Əhmədzadə

Şəklin alt yazısı, Şücaət Əhmədzadə: "Biz düşünürük, sülhə gedən yol birinci dialoqdan keçir”
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Cənubi Qafqaz region üzrə araşdırmaçı Şücaət Əhmədzadənin fikrincə, erməni gəncləri də ölkələr arasında sülhün əldə olunmasında maraqlıdırlar: “Hər iki tərəf bura sülh prosesinə töhfə vermək, ünsiyyət qurmaq və onun sülh prosesinə necə bir töhfə verəcəyini anlamaq üçün gəlmişdi. Biz düşünürük, sülhə gedən yol birinci dialoqdan keçir”.

Amma o deyir ki, bu gənclərin sülh müqaviləsinin hazırlanmasında birbaşa iştirakı yoxdur: “Bildiyiniz kimi, onlar diplomat deyillər”.

Şücaət Əhmədzadə onu da deyir ki, görüşdə iştirak edən gənclərin siyasi qərarlara təsiri yoxdur. Buna görə də, “gözləntiləri yüksək tutmaq lazım deyil”.

“Çünki [görüşdəki] gənclər siyasi fəal olmadıqlarına görə, onların birbaşa qərarvericiliyə də bir təsiri yoxdur. Ona görə də gənclərin oynaya biləcəyi ən ideal, ən yaxşı rol - iki dövlət arasında bir körpü rolunu oynamaqdır. Körpü də ona görə vacibdir ki, məsələn, sülh müqaviləsi ilə bağlı fikirləri öz icmalarına daha yaxşı, daha geniş çatdıra bilərlər”.

Şücaət Əhmədzadənin fikrincə, iki xalq arasındakı fikir-ayrılıqlarını bir qırağa qoyub, ortaq məsələlərə fokuslana və birgə layihələrlə bu dialoqu inkişaf etdirə bilərlər.

“Gənclərin siyasi iştirakçılığına imkan verilsə…”

Əhmədzadənin sözlərinə görə, keçilən görüşlərdə də elə məsələlərə diqqət yönəldilib ki, iki ölkənin gəncləri bir araya daha tez-tez gəlsin, daha çox əməkdaşlıqlar qurulsun, daha çox işlər görülsün ki, azərbaycanlılar və ermənilər bir-birlərini daha yaxından tanıya bilsinlər: “Əsas fokus qeyri-siyasi, daha çox mədəniyyət sahələridir”.

Ancaq o hesab edir ki, həm Azərbaycanda, həm Ermənistanda gənclərin siyasi proseslərdə iştirakını artırmaq vacibdir:

“Məhz gənclərin iştirakçılığına imkan verilsə, daha yaradıcı ideyaların şahidi olarıq, çünki gənclər yeni nəfəs olduğundan dövrün tələblərini daha yaxşı anlaya bilirlər”.

“Hər kəs bir-birini tanımaqda maraqlı idi”

Şücaət Əhmədzadə bildirib ki, görüşdə iştirak edənlərin bəziləri bir-birini əvvəldən tanısa da, ilk dəfə azərbaycanlı və ya erməni qonşusunu görən də vardı: “Amma hətta onların belə ünsiyyəti çox normal idi, pozitiviydi. Situasiya pozitivdir, hər iki tərəf biri-birini tanıyır, başa düşürdü ki, fərqliliklər olsa da, biz oxşarlıqlara daha çox diqqət yönəltmişik və buna görə də hər kəs bir-birini daha çox tanımaqda maraqlı idi”.

Amma Şücaət Əhmədzadə hesab edir ki, ilk dəfə iki ölkə liderinin sülh sazişi üzərində işləməyə razılaşması bu təmasların hər iki ölkə ictimaiyyətinə müsbət təsir edəcəyinə inamı artırır.

Alman-fransız barışığından azərbaycanlı-erməni sülhünə təcrübə olarmı?

İkinci Dünya müharibəsindən sonrakı Almaniya-Fransa sülh münasibətləri ilə Azərbaycan və Ermənistan münaqişəsini müqayisə edən araşdırmaçı deyir ki, İkinci Dünya müharibədən sonra həm Fransada, həm Almaniyada siyasilər sülhün vacibliyini daha çox dərk etdilər:

“Düşünürəm ki, bu da eynilikdir ki, İkinci Qarabağ müharibəsindən sonra, həm Azərbaycan, həm də Ermənistanda 2022-ci ilin aprelində sülh müqaviləsi üzərində işləməyə razılaşdılar”, Şücaət Əhmədzadə deyir.

Amma o, aradakı fərqliliklərdən yan keçmək istəmir: “Azərbaycan və Ermənistandan fərqli olaraq, Avropada o sülhü yaxınlaşdıran qeyri-dövlət institutları var idi. Avropada 1952-ci ildə daha sonra Avropa İttifaqına çevrilən Kömür və Polad təşkilatı yarandı. Bunlar iki dövlət arasında yaxınlaşmanı üçüncü tərəf vasitəsilə daha da stimullaşdırdı. Bizdə o kontekst yoxdu, çünki Azərbaycanla Ermənistan arasında birgə iştirak üçün vahid inteqrasiya platforması mövcud deyil. Bu əsas fərqlilikdir. Bizdə bir az inteqrasiya mexanizmləri də zəifdir”.

Görüşdə iştirak edən Ermənistan gənclərinin təmsilçisi Eleonora Sarqsyana görə, İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında yaxınlaşma prosesi üçün daha əlverişli, daha yumşaq şərait olub:

“Çünki onların dini, mədəni baxımdan oxşarlığı var və, niyə də ki yox – eyni etnik köklərdən törənir. Bizim halda bu amillər konteksti mürəkkəbləşdirir. Bizim aramızda bu və dəyərlər, həmçinin, dövlət idarəçilik sistemində fərqlər mövcuddur. Bütün bunlar bu prosesi çətinləşdirir.

Lakin belə nümunələr də az deyil ki, münaqişə şəraitində olan bir-birindən olduqca fərqli qonşu ölkələr zaman ərzində münaqişəni nizamlayıb və yanaşı dinc şəraitdə yaşamağa nail olublar”.

“Sülh müqaviləsinin qəbuluna təsir edə biləcəyimizi düşünmürəm”

Azərbaycandan və Ermənistandna olan gənclər görüşüb

Şəklin mənbəyi, Eleonora Sarqsyan

Şəklin alt yazısı, Eleonora Sarqsyan: "Təbii ki, hamımız sülh istəyirik və buna xidmət edən amillər çoxdur, ikitərəfli və çoxtərəflidir”

Hərçənd Eleonora Sarqsyan belə təmasların sülh prosesinə birbaşa təsir edə biləcəyinə inanmır: “Bir halda ki, nə Ermənistanı, nə də Azərbaycanı təmsil edən gənclər hökumət qərarlarının qəbul olunmasında iştirak edirlər, düşünmürəm ki, bizim bu görüşümüz sülh müqaviləsinin qəbul olunması işinə hər hansı şəkildə kömək edə bilər”.

Amma o düşünür ki, gənclər arasında bu kimi təmaslar, məsələn, mədəni əməkdaşlıq müsbət irəliləyişə xidmət edə bilər: “Bu kimi, üçüncü tərəfin təşkil etdiyi layihələr çox faydalıdır. Neytral meydanda görüşmələrimiz insan kimi bir-birimizi tanımağa imkan verir, stereotiplərin ləğv edilməsinə, hər iki tərəfin miflərinin puça çıxmasına əsaslı dəlillər əldə etmək üçün şərait yaradır”.

 Eleonora Sarqisyan deyir ki, gənclər qonşularla normal münasibətlər şəraitində yaşamaq istəyirlər: “Bunun baş tutacağına ümid edirik. Lakin bunun nə qədər tez baş tutacağını demək çətindir, bu, birtərəfli proses deyil”.

O düşünür ki, hazırda hər iki ölkə dövlət səviyyəsində qarşılıqlı münasibətlər şəraitində olmadığından hər hansı ictimai təşkilat nümayəndələrinin də nəyəsə təsir etmək imkanı azdır.

“Müharibədən əvvəl bir qədər sülh perspektivləri daha nikbin görünürdü, müharibə bu imkanı daha da geriyə atdı. Təbii ki, hamımız sülh istəyirik və buna xidmət edən amillər çoxdur, ikitərəfli və çoxtərəflidir”.

İkinci Qarabağ müharibəsindən əvvəl, münaqişə başlayandan sonra, 30 il boyunca müxtəlif platformalarda hər iki tərəfdən gənclərin təmasları olub.

Azərbaycan və erməni ictimaiyyət nümayəndələri arasında son görüş ötən ilin dekabrında Moskvada Rusiyanın vasitəçiliyi ilə olmuşdu.