Azərbaycan-Ermənistan sərhədində döyüşlər: hər iki ölkədə insanlar itkilərin çox, məlumatların azlığından narazıdır
Fərid Həsənov, İzolda Ağayeva, Alexey Manvelyan
BBC News Azərbaycanca

Şəklin mənbəyi, AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalar nəticəsində hər iki tərəfdən itkilərin sayının çox olması cəmiyyətlərdə geniş müzakirələrə səbəb olub.
Azərbaycanlı siyasi fəallar döyüşlərlə bağlı sosial şəbəkələrdə yayılan videolara istinadla iddia edirlər ki, “erməni diversiya qrupu Azərbaycan postlarına girib, oradakı hərbçiləri öldürüb”. Onların fikrincə, buna cavab olaraq, Azərbaycan tərəfi Ermənistanın sərhədboyu ərazilərdə yerləşən hərbi obyektlərinə “hücum əmri verib”.
Ermənistanda isə düşünürlər ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın zəif olduğunu bilən Azərbaycan “hər fürsətdə uğurlarını artırmaq istəyir” və bunu əsas gətirərək, onlar sərhəddəki döyüşlərin “Azərbaycanın təxribatı” olduğuna inanırlar.
Rəsmi Bakı və Yerevan da bir-birlərini ittiham edir: Azərbaycanın Müdafiə Nazirliyi çərşənbə axşamı yaydığı məlumatda döyüşlərin başlama səbəbini Ermənistan silahlı bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində “genişmiqyaslı təxribatlar” törətməsi ilə əlaqələndirib, Ermənistan tərəfi isə bu iddiaları rədd edərək, baş verənlərə görə Azərbaycanın “məsuliyyət daşıdığını” bildirib.
Hər iki ölkədə döyüşlərlə bağlı istər ictimai, istərsə də sosial şəbəkələrdə gedən müzakirələrdə insanların ən çox cavab tapmağa çalışdığı nüans “bu qədər hərbçi nəyin uğrunda həlak oldu” sualıdır.
BBC Azərbaycancaya danışan azərbaycanlı siyasi təhlilçilər hesab edir ki, diversiya qrupunun “təxribat əməllərinə” görə Ermənistanla sərhəddəki bütün ərazilərdə döyüşlərə başlanılması “inandırıcı deyil”.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Azərbaycanlı hərbi ekspertlər isə məsələyə bu konteksdə yanaşmağın doğru olmadığı qənaətindədirlər. Onların fikrincə, “təxribatların fərqli rayonlarda geniş ərazini əhatə etməsi” döyüşlərin də coğrafiyasının yayılmasına səbəb olub.
Sərhəddə baş verən döyüşləri “lokal əməliyyat” adlandıran millət vəkili Zahid Oruc deyir ki, burada əsas məqsəd Azərbaycan hökumətinin müəyyən etdiyi “Böyük qayıdış” (işğaldan azad edilmiş ərazilər nəzərdə tutulur-red.) siyasətinə mane olan təxribat əməllərini neytrallaşdırmaqdır”.
Ermənistandan olan təhlilçilər isə hesab edir ki, sərhəddə baş verənlər, Azərbaycanın "Zəngəzur dəhlizi ideyasını reallaşdırmaq cəhdinin" tərkib hissəsidir.
Bu həftə Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində danışan Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bu, "region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır".
İnformasiya “qıtlığı”
Siyasi təhlilçi Alya Yaqublu döyüşlərin başlanması ilə bağlı Müdafiə Nazirliyinin açıqladığı səbəbin yetərli olmadığını deyir.
Onun sözlərinə görə, hökumətin baş verənlərlə bağlı ictimaiyyətə “dolğun məlumat verməməsi haqlı olaraq müəyyən suallar” yaradır ki, bu da nəticədə yayılan şayiələri “daha inandırıcı” edir.
“Axı diversiya qruplarının zərərsizləşdirilməsi nəyə görə genişmiqyaslı müharibəyə çevrilməlidir? Bununla bağlı məntiqi açıqlama yoxdur. Yəni Azərbaycanın suverenliyi üçün, sərhədlərimizin qorunması üçün nə boyda təhlükə yarandı ki, bir günün içində biz bu qədər şəhid verdik?” – Alya Yaqublu sual edir.
Ermənistan cəmiyyətində də eyni suallara cavab tapmağa çalışırlar. Çərşənbə günü paytaxt Yerevanda baş verən aksiyaları BBC Azərbaycancaya şərh edən siyasi təhlilçi Richard Giragosyan deyir ki, etirazların başlaması döyüşlərlə bağlı ölkədəki “məlumat qıtlığından” yaranıb.
“Paşinyan çıxışında yaxşı izahat verə bilməyib. Məlumatın olmaması isə yalnız dezinformasiyanı təşviq edir”, - o əlavə edib.

Şəklin mənbəyi, 5TV.AM
“Şəhidlər gəlir”
Azərbaycan və Ermənistan arasında bazar ertəsi gecə yarısı başlayan sərhəd döyüşləri cümə axşamı səhər saatlarından etibarən səngiyib və beynəlxalq təşkilatlar tərəflərin atəşkəsə əməl etdiyini bildirib.
Buna baxmayaraq, hər iki tərəf iki gün davam edən döyüşlərdə həlak olanlarla bağlı rəqəmlərin artmasına dair açıqlamalar verir. Azərbaycanın Müdafiə Nazirliyi cümə günü əlavə 6 hərbçisinin həlak olduğunu bəyan edib və bununla da Azərbaycan tərəfinin itkilərinin sayı 77-yə yüksəlib. Ermənistan tərəfi isə cümə günü daha 30 nəfərin öldüyünü açıqlayıb və beləliklə, sərhəd döyüşlərində ölən erməni hərbiçilərin ümumi sayı 135-ə çatıb.
Həm Azərbaycanda, həm də Ermənistanda itkilərin sayının çox olduğunu düşünürlər və bu, hər iki ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.
BBC Azərbaycancaya danışan siyasi şərhçi Richard Giragosyan Yerevan küçələrindəki nümayişlərə qatılanların “sülhə yox, insan itkisinə qarşı” etiraz etdiklərini bildirib.
“Aksiyalara təkan verən insan itkisi ilə bağlı qəzəb və məyusluq olub”, - erməni siyasi şərhçi vurğulayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycanın sərhəd döyüşlərində 77 hərbçini itirməsindən təssüfləndiyini bildirib.
“Əfsuslar olsun ki, İlham Əliyev Qarabağ münaqişəsinin bitdiyini elan etdiyindən iki il sonra da Azərbaycana şəhidlər gəlir, həm də çoxlu sayda”, - AXCP sədri BBC Azərbaycancaya deyib.
Hərbi ekspert Ədalət Verdiyev isə itkilərin çox olması iddiaları ilə razılaşmır və fikrini İkinci Qarabağ müharibəsinin ilk günlərində verilən itkilərlə müqayisə edərək əsaslandırır.
“İkinci Qarabağ müharibəsində ən çox itkilər birinci eşalonun yarılması zamanı qeydə alındı. İndi də iki ilə yaxın mənzilləndikləri və hazırlıq gördükləri yerlərdən Azərbaycana qarşı təxribat törədiblər, ona görə də həmin ön xətti yarmaq bir qədər çətin olub”, - hərbi ekspert bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan orta hesabla hər gün 70 nəfər hərbiçisini itirir və 110 kvadrat kilometr ərazini də azad edirdi.
O, bir gündə 50 hərbiçinin itirilməsinin orta rəqəmdən aşağı olduğunu və ələ keçirilən yüksəkliklərin strateji əhəmiyyətini əsas gətirərək, sərhəd döyüşlərini “uğurlu əməliyyat” adlandırıb.
Azərbaycan döyüşlərdən sonrakı gün 50 hərbçisinin şəhid olduğunu açıqlamışdı, artıq həlak olanların sayı, rəsmi rəqəmlərə görə, 77 nəfərdir.
İtkilər niyə çox olub?
Hərbi təhlilçi Üzeyir Cəfərov bildirib ki, hər bir döyüş oradakı şəraitə uyğun olaraq qiymətləndirilməli və bu zaman ərazinin relyefi, hava şəraiti, döyüş hazırlığı və digər amillər nəzərə alınmalıdır.
O, real vəziyyəti bilmədən qərar çıxarmağı doğru yanaşma hesab etmir.
“Heç kəs istəməz ki, müharibədə təcrübəli zabitini itirsin, amma bu, müharibədir və itkilər qaçılmazdır”, - Üzeyir Cəfərov qeyd edib.
Təhlilçi ona danışan mənbəyə istinadla bildirib ki, hazırda erməni silahlı dəstələrinin Azərbaycan mövqelərinə sızmasının və minaların basdırılmasının hansı şəraitdə baş verməsi araşdırılır.
Siyasi şərhçi Fuad Şahbazovun fikrincə, Azərbaycan ordusunun itirdiyi hərbçilərin əkasəriyyəti “əks tərəfdən açılan artilleriya zərbələri” nəticəsində həlak olub.
Bundan əlavə, o, döyüşlərin gecə saatlarında baş verdiyini əsas gətirərək, bu amilin də itkilərin sayının nisbətən çox olmasına təsir etdiyini bildirib.
Bu iddialarla bağlı Müdafiə Nazirliyindən şərh almaq mümkün olmayıb.
Millət vəkili Zahid Oruc BBC Azərbaycancaya müsahibəsində döyüşlərin ilk günündə həlak olan 50 hərbçidən “30-nun qeyri-döyüş şəraitində, erməni təxribatları nəticəsində şəhid edildiyini” deyib.
Ermənistanda yerləşən Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan isə azərbaycanlı təhlilçilərinin fikirləri ilə razılaşmır.
O hesab edir ki, Ermənistan tərəfi günahlandırılan əməlləri törətməsi üçün böyük hərbi potensiala malik olmalıdır.
“Lakin 2020-ci il müharibəsindən sonra Ermənistanın nə halda olması hamıya məlumdur”, - Ruben Mehrabyan deyib.
O, fikrini həm də onunla izah edir ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü “tələblərin həddi-hüdudu yoxdur”.
“Əvvəl Azərbaycan Qarabağdan danışırdısa, indi deyir: Zəngəzur Azərbaycandır, Sevan gölü Azərbaycandır, Yerevan Azərbaycandır. Sonra nə?... Daha nə?...”, - o əlavə edib.
O, hər iki tərəfdən itkilərin sayının çox olduğunu deyir və bunu “Azərbaycanın başlatdığı döyüş əməliyyatlarının nə dərəcədə intensiv və şiddətli” getməsi ilə izah edir.
İtkilərin sayını azaltmaq mümkün idimi?
Siyasi təhlilçi Fuad Şahbazov hesab edir ki, Azərbaycan tərəfi sırf itkilərin sayını azaltmaq üçün döyüşlərin ikinci günündə dronlardan daha çox istifadə edib.
“Daha əvvəlki gecə dronlardan istifadə bir qədər məhdud idi. Amma 50 nəfər itkidən sonra görünən odur ki, Azərbaycan tərəfi daha aktiv şəkildə drondan istifadə etməyə başladı. Sentyabrın 13-də yayılan videoların sayına nəzərən təxmin edə bilirəm ki, ikinci gündən etibarən Azərbaycan tərəfi drondan daha çox istifadə etməyə başladı. Bunu da itkilərin sayını azaltmaq məqsədi ilə izah etmək olar”, - o əlavə edib.
Fuad Şahbazov ehtimal edir ki, Azərbaycan tərəfi eskalasiyanın miqyasının bu dərəcədə olacağını təxmin etmədiyi üçün ilk gündən dronlardan geniş istifadə etməyib.
Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı sualı cavablandırmayıb.

Şəklin mənbəyi, ERMƏNİSTANIN MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan hərbiçiləri açıq hədəfdə olub?
Ermənistan mediasının yaydığı bir videoda azərbaycanlı həriçilərin olduğu iddia edilən bir qrup hərbi formalı şəxslərin gündüz vaxtı açıq ərazidə naməlum istiqamətdə hərəkət etdiyi və onlara qarşı snayper atəşi açıldığı əks olunub.
Geniş ictimai müzakirəyə səbəb olan həmin video tənqidçilər arasında “əməliyyat planının düzgün hazırlanmadığı” kimi iddiaların ortaya çıxmasına yol açıb.
Hərbi ekspert Ədalət Verdiyev BBC Azərbaycancaya bildirib ki, yayılan görüntülərin sərhəd döyüşlərində çəkildiyini hələlik heç kəs təsdiqləmədiyi üçün konkret fikir bildirmək yanlış olardı.
“Ermənistan tərəfi 12 sentyabrdan bəri əvvəlki əməliyyatlara aid ən azı 5 görüntünü yeni döyüş videoları kimi təqdim edib. Ona görə də bu videonun da ilk növbədə nə zaman çəkildiyi dəqiqləşdirilməlidir”, - ekspert əlavə edib.
Siyasi təhlilçi Fuad Şahbazov da görüntülərin nə zaman qeydə alınması ilə bağlı məlumatsız olduğunu deyib, lakin ehtimal edir ki, Azərbaycan hərbçiləri “qarşı tərəfin reaksiyasının şiddətinin böyük olacağını hesablamayıb”.
“Çünki bundan əvvəlki sərhəd insidentlərində Azərbaycan tərəfi Ermənistan tərəfindən güclü bir müqavimət görmədiyi üçün ola bilər ki, şəhid olan hərbiçilərin də fikri düşmənin güclü reaksiya verməyəcəyi ilə bağlı olub. Görünən odur ki, bu zaman kəsiyində həmin sərhəd ərazilərində erməni tərəfinin kifayət qədər artilleriya qurğuları yığılıb”, - təhlilçi qeyd edib.
Milli Məclisin üzvü Zahid Oruc isə bildirib ki, əgər son günlər aparılan əməliyyatlarda hansısa boşluq olubsa, bu istiqamətdə “dərhal qiymətləndirmə aparılmalı və adekvat tədbirlər görülməlidir”.
Azərbaycanın Müdaifə Nazirliyi yayılan video ilə bağlı hələlik heç bir şərh verməyib.
“Müharibə bitibsə, bəs, bu döyüşlər nədir?”
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra verdiyi açıqlamalarda tez-tez Qarabağ münaqişəsini hərbi yolla həll etdiklərini bildirir.
Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında atəşkəs barədə üçtərəfli saziş imzalansa da, ötən iki il ərzində tərəflər arasında bir neçə dəfə silahlı toqquşmalar baş verib və müəyyən sayda hərbçilər həlak olub.
İki ölkə arasındakı sərhəddə baş verən son döyüşləri isə təhlilçilər həm itkilərin sayı, həm də döyüşlərə cəlb edilən silah-sursatın həcminə görə İkinci Qarabağ müharibəsindən sonra “ən böyük toqquşma” hesab edirlər.
Azərbaycan və Ermənistanda sadə insanları düşündürən isə “müharibə bitibsə, bu döyüşlər niyə olur” sualıdır.
Millət vəkili Zahid Oruc təəssüflə bildirib ki, Qarabağ müharibəsi başa çatsa da, iki ölkə arasında müharibə digər vasitələrlə davam edir.
Onun sözlərinə görə, son hadisələr onu göstərdi ki, Ermənistan digər ölkələrdən silahlar gətirib Azərbaycana müxtəlif ərazilərdə “hərbi itkilər yaşada bilər”.
“Ona görə də biz qəti şəkildə bu illuziyanı yaratmalı deyilik ki, ermənilərin ordumuzun hansısa taboruna qarşı lokal döyüşləri olmayacaq”, - Zahid Oruc qeyd edib.
Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan isə BBC Azərbaycancaya müsahibəsində erməni qoşunlarının hər hansı lokal hücumlar təşkil edəcəyi iddialarını “cəfəngiyat” adlandırıb.
Onun sözlərinə görə, Azərbaycan hökuməti bu cür açıqlamalarla növbəti hərbi hücumları üçün zəmin hazırlayır.
“Azərbaycanda 1919-cı ilin xəritəsi nümayiş etdirilir, təsadüfi deyil ki, o xəritədə bu günlər atəşə tutulan bütün ərazilər Azərbaycanın bölgələri kimi göstərilir. Azərbaycan tərəfindən hədəfə alınan ərazilər rəsmi Bakının Ermənistan üzərindən kommunikasiyaların açılması yox, dəhliz açmaq planlarının olduğunu sübut edir”, - Larisa Alaverdyan əlavə edib.
Millət vəkili Zahid Orucun fikrincə, nə qədər ki, sülh müqaviləsi yoxdur, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, sərhədlər müəyyənləşməyib, o zaman müəyyən ərazilərdə “lokal toqquşmalar davam edəcək”.
“Digər ərazilərdə də sərhəd xəttinin tanıdılması, təəssüflər olsun ki, sülh deyil, silahla müəyyənləşə bilər”, - parlament üzvü deyib.
Brüsseldə avqustun sonunda keçirilmiş, liderlərin sülhə ümid yaradan görüşündən iki həftə ötməmiş baş verən qanlı toqquşmalar həm də bu sualı yaradıb: iki ölkə arasında qanlı münaqişə yenidənmi başladı?








