Ermənistan idmançıları Bakı olimpiadasına gedəcəklərmi?

hrachia_rostomyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ermənistan Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyan Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edib və Ermənistan komandasına “ən yüksək səviyyədə təhlükəsizlik qarantiyaları və obyektiv hakimlik” vəd edildiyini bildirir

Ermənistan Milli Olimpiya Komitəsi (MOK) bu ilin iyun ayında Bakıda ilk Avropa Olimpiya Oyunlarında Ermənistan idmançılarının iştirak edəcəyini elan edib.

Bu arada isə Ermənistan Taekwondo və Yunan-Roma Güləşi federasiyalarının Milli Olimpiya Komitəsinin qərarına tabe olmayacağı və atletlərini Bakıya göndərməyəcəyinə dair məlumatlar yayılıb.

Ermənistan MOK prezidenti Qaqik Tsarukyan Beynəlxalq və Avropa Olimpiya Komitələri tərəfindən erməni idmançılarına ən yüksək səviyyədə təhlükəsizlik zəmanətləri vəd edildiyini bildirib.

Ermənistan MOK İcraiyyə Komitəsinin üzvləri Ermənistan idmançılarının Bakı Avropa Olimpiya Oyunlarında iştirak etməsinin lehinə səs verib.

<link type="page"><caption> Həmçinin oxuyun: Bakı Oyunları: Azərbaycan bütün ölkələrin xərclərini ödəyəcək</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/02/150224_guardian" platform="highweb"/></link>

Eyni zamanda Ermənistan MOK prezidenti deyib ki, Bakıya gedib-getməmək məsələsində heç bir idmançı və məşqçiyə məcburiyyət yoxdur.

MOK rəhbərliyi razıdır, idmançılar fikirləşirlər

Ermənistan idmançılarının altı idman növündə yarışlaraq qatılacağı gözlənilir: sambo, atıcılıq, cüdo, güləş, boks və taekvando.

Ermənistan Güləş federasiyasından BBC Azərbaycancaya bildiriblər ki, güləşçilərin Bakıya gedib-getməyəcəyi barədə qərar məşqçilər və idmançıların iştirakı ilə müzakirələr nəticəsində həll olunacaq.

Boks federasiyasından da oxşar açıqlama verilib: kimin getmək istədiyi, kimin imtina etməsi yaxın bir neçə gündə məlum olacaq.

Yerli mətbuata açıqlamasında yunan-roma güləşi üzrə 2014-cü ildə dünya çempionu adını qazanmış Arsen Culfalakyan hələlik Ermənistan güləşçilər komandasında Bakı Oyunlarında “100 faiz iştirak etmək istəyənin” olmadığını bildirib.

<link type="page"><caption> Həmçinin oxuyun: Avropa Oyunları 2015 nədir, necə keçəcək, yarış nəyin uğrunda olacaq?</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/03/150305_baku_2015_european_games" platform="highweb"/></link>

Arsen Culfralakyan 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında iştirak edib. Və “şəxsi təcrübəsinə” əsaslanaraq deyir: “Təhlükəsizlik təmin olunur, lakin yarışa hazırlaşmaq və iştirak etmək üçün bərabər şəraitlər olmur”.

“Bizi məxfi qəbul edib, şəhərdə bizim avtobusun üstünə Türkiyə bayrağını asdırırdılar ki, avtobusa hücum edən olmasın”, - güləşçi deyir.

arsen_julfalakyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, 2007-ci ildə Bakıda dünya çempionatında iştirak etmiş güləşçi Arsen Julfalakyan deyir ki, təhlükəsizlik təmin edilsə də, bərabər şəraitlər təmin etmək çətindir (Şəkil - wrestling.com)

Onun sözlərinə görə, erməni idmançıların qaldığı mehmanxana təhlükəsizlik məqsədilə 2-3 kilometr radiusunda əhatəyə alınmışdı, dəniz kənarı boyunca “15 metrdən bir silahlı əsgər dayanırdı”.

“Mən soruşanda ki, bu qədər əsgər nə üçündür, dedilər – dənizdən hücum olmasın... Bu o deməkdir ki, həmişə təhlükə mövcuddur. Belə şəraitdə necə qələbəyə “köklənmək” olar?.. Nə dərəcədə bu idmana aid, nə dərəcədə siyasətdən uzaqdır?” – Culfalakyan deyir.

Ermənistan MOK baş katibi Hraçya Rostomyan, İcraiyyə Komitəsinin iclasında “qızğın mübahisələrə baxmayaraq, bütün üzvlərin Bakıya getmək qərarına” səs verdiyini geyd edir.

Hraçya Rostomyan noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edib və Ermənistan komandasına “ən yüksək səviyyədə təhlükəsizlik qarantiyaları və obyektiv hakimlik” vəd edildiyini bildirir.

Və siyasət

Ermənistan MOK baş katibi Rostomyanın sözlərinə görə, Ermənistan Bakı olimpiadasında iştirakı ilə “MOK və idmançıları qismində, dostluq və tolerantlıq ehtiva edən olimpiya ideyaları naminə böyük addım” atmış olur.

“Lakin biz eləcə iştirak etmək üçün yox, yüksək nəticələr qeyd etmək və Azərbaycan paytaxtı Bakıda üçrənglı bayrağımızı ucaltmaq üçün gedirik”, - o deyir.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick də Ermənistanın Bakıda Avropa Olimpiya Oyunlarında qatılmaq qərarını alqışlayıb.

james_warlick

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, James Warlick Ermənistanın Bakıda Avropa Oyunlarında iştirak etməsi haqqında "xoş xəbəri" alğışlayır

“Xoş xəbər: erməni idmançıları Bakıda Avropa Oyunlarında iştirak edəcəklər. Ümid edirəm ki, Azərbaycan ermənilərin bu qərarını alqışlayır”, - Warlick öz Twitter mikrobloqunda yazıb.