Ermənistan MOK nümayəndələri Bakıya gedir

thomas_bach-serj_sarkisyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach Ermənistanın Bakıda Avropa Olimpiya Oyunlarında iştirakı məsələsini prezident Serj Sarkisyanla müzakirə edib

Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Hraçya Rostomyan və Ermənistan MOK idarə rəhbəri Vağinak Qalstyan noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya yola düşüb.

Bu məlumatı Ermənistan MOK-dan BBC Azərbaycancaya təsdiqləyiblər.

Sessiyanın əsas gündəlik məsələsi 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq məsələsidir.

Ermənistan nümayəndələrinin Bakıya səfəri Ermənistanda etirazla qarşılanıb. Bəzi təhlilçilər Azərbaycanın erməni helikopterini vurmasından sonra Bakıya ermənilərin səfərini tənqid edib.

Bakıda tanışlıq

“Yığıncaq iştirakçıları Avropa Olimpiya Komitəsinin prezidenti (AOK) Patrick Hickey ilə birlikdə Oyunların keçirilməsi üçün inşa edilən idman bazalarına baş çəkib hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar”, məlumatda deylir.

Ermənistan idmançılarının Bakıda Birinci Avropa Olimpiya Oyunlarında iştirak etməsinə dair oktyabrın əvvəlində AOK prezidenti Patrick Hickey və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach-ın Yerevana səfərləri əsnasında razılıq əldə edilib.

AOK və BOK rəhbərləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra Ermənistan MOK rəhbəri Qaqik Tsarukyanla birgə mətbuat konfransında Avropa Olimpiya Oyunlarında Ermənistan idmançıları üçün bütün lazımi şəraitlərin təmin ediləcəyini bəyan ediblər.

Vədlər

Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün 8 dekabr 2012-ci ildə Romada AOK-un 41-ci sessiyasında səsvermədə Ermənistan nümayəndə heyəti iştirak etməyib və son aylaradək Ermənistanın gələn il keçiriləcək Bakı Oyunlarında iştirakı şübhə altında idi.

eoc-chief-patrick-hickey

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, AOK prezidenti Patrick Hickey Ermənistan idmançılarına "Bakıda hörmətlə yanaşılacağını və təhlükəsizlik qarantiyalrı" vəd edib

Ermənistan nümayəndə heyəti Azərbaycanda keçirilən tədbirlərdə başqa ölkələr kimi sərbəst iştirak etmək üçün şərait olmayacağından və xüsusilə təhlükəzisliyindən narahatdır.

Yerevan görüşlərindən sonra AOK və BOK prezidentləri Ermənistan nümayəndə heyətinə “müvafiq qarantiyalar” vəd ediblər.

“Biz Ermənistan idmançılarına Bakıda hörmətlə yanaşılacağını və təhlükəsizlik qarantiyalrı veriləcəyini vəd edirik”, - mətbuat konfransında AOK prezidenti Patrick Hickey deyib.

Ermənistan MOK rəhbəri Qaqik Tsarukyan isə Ermənistan nümayəndə heyətinin Bakıya getməsinə “razı” olduğunu bəyan edib.

“Mən bizim Bakıda Avropa Oyunlarında iştirak etməyimizə razıyam. Lakin həmçinin idmançıların və ictimaiyyətin rəyini dinləməliyən”, - deyə Tsarukyan, Azərbaycan MOK prezidentinə xitabən, əlavə edib ki, “qonşu ölkələr mövcud problemləri danışıqlar yolu ilə həll etməlidirlər”.

Etirazlar

Lakin hadisələrin gedişi “ictimaiyyətin rəyinə” müsbət təsir edəcəyini gözləməyə ümid qoymur.

Dağlıq Qarabağda iki Azərbaycan vətəndaşı “ağır cinayətlər törətməkdə” ittiham olunur və bu iş üzrə məhkəmə prosesi başlayıb. Azərbaycan isə Dilqəm Əsgərovla Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürüldüyünü deyir, “qondarma qurumun qondarma məhkəməsini" tanımadığını deyir və onların sərbəst buraxılmasını tələb edir.

hrachia_rostomyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Hraçya Rostomyan noyabrın 21-də Bakıda AOK-un 43-cü sessiyasında iştirak edəcək

Erməni tərəfi Dağlıq Qarabağda ermənilərə məxsus hərbi helikopterin “təlim uçuşu zamanı” Azərbaycan tərəfindən vurulduğuna və pilotların meyitlərini qaytarmağa imkan verilmədiyinə etiraz edir.

Bəziləri “daha sərt cavab hərəkətlərə” çağırır.

Lragir.am qəzetin icmalçısı Hakob Badalyan - “Belə olan halda, Ermənistan MOK nümayəndəsinin Bakı yığıncağında iştirak etməsi nə dərəcədə məntiqəuyğundur?” – deyə sual edir.

Siyasi icmalçı hesab edir ki, helikopterin vurulması “Bakı ilə olimpiya ideologiyasının tamamilə bir araya sığışmaz” olduğunu bəyan etməyə əsas verir.

O, Ermənistanı Bakıda Avropa Olimpiadasını keçirməyin məqsədəuyğunluğunu şübhə altına qoymağa çağırır.

“Olimpiada sülh, xalqlar dostluğu, ədalətli yarış və rəqabət bayramıdır. Bakı öz hərəkətləri ilə bu prinsipləri tapdalayır. Belə olan şəraitdə Bakıda nəinki Ermənistan nümayəndə heyətinin, bütün dünya olimpiya hərəkatının görəcək bir işi yoxdur”, - Hakob Badalyan yazır.