Azərbaycan Avropa Olimpiya Oyunlarına hazırlaşır

Şəklin mənbəyi, president.az
Prezident İlham Əliyev ilk Avropa Olimpiya Oyunlarının (AOO) Bakıda keçiriləcəyini Azərbaycanın iqtisadi imicinin artması ilə izah edir.
"Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir" deyən Əliyev, bu amillərin Bakının namizədliyinin qəbul edilməsində rol oynadığını bildirib.
Oyunlarla bağlı Təşkilat Komitəsi iclasında cənab Əliyev böyük miqyaslı tədbirlərin keçirilməsində "yeni standartların, Azərbaycan standartları"nın tətbiq olunduğunu qeyd edib.
"Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir".
Azərbaycan idmançılarının müsabiqələrdə iştirakını "uğurlu" adlandıran prezident, bunun da AOO-nu Bakıya gətirilmə səbəblərindən olduğunu söyləyib.
Oyunlara hazırlığa iki il qaldığını xatırladan Əliyev, ehtiyac yaranarsa, "əlavə idman obyektinin tikilməsinin 2015-ci ilə qədər həll edəcəyini" bildirib.
Hələlik isə yarışların keçirilmə yeri kimi, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzi seçilib, AOO-nun təşkilat komitəsinin rəhbəri Mehriban Əliyeva deyib.
"2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub".
Xanım Əliyeva yarışların təxmini vaxtını da açıqlayıb, "I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub".
Təxminən beş min nəfərə qədər idmançının iştirak edəcəyi tədbirlərdə rəsmi nümayəndə heyəti min ola bilər, iki min jurnalist isə hadisələri işıqlandıra bilər.
İlk belə yarış keçirildiyindən, loqo, şüar, simvol və himni də ilk dəfə hazırlanır. İlk hazırlıq iclası ötən şənbə keçirilən Təşkilat Komitəsi bu il yanvarın 17-də yaradılıb.




