Erməni və azərbaycanlı təhlilçilər cəbhədəki gərginliyə görə Rusiyanı suçlayırlar

Şəklin mənbəyi, AFP
Ermənistan və Azərbaycan təhlilçiləri bu yaxınlarda sərhəddə gərginliyin kəskin artmasının səbəbini Rusiyada görürülər.
Son bir neçə həftə ərzində Ermənistan-Azərbaycan münaqişəsi zonasında zorakı hücumların sayı durmadan artıb.
Sonuncu dəfə, yanvarın 26-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan qoşunlarının "təxribatının" qarşısını alarkən münaqişə zonasının çoğrafiyası qeyd edilməyən sahəsində 3 əsgərinin həlak olduğunu xəbər verib.
Cəbhədəki gərginliyin təsiri liderlərin çıxışlarında da hiss olunur.
Rəsmi bəyanatlar
Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 26-da hücumlara "assimerik cavabın" veriləcəyini vəd edib.
Buna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyindən ölkənin "ərazi bütövlüyünü bərpa etmək üçün son damla qanınadək vuruşacağını" bildiriblər.
Hər iki tərəfin rəsmiləri qarşılıqlı ittihamlarla çıxış edib.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan gərginliyin artmasına görə Azərbaycanı ittiham edərək Ermənistanın hücumlara cavabını müdafiə edib.
Azərbaycan XİN sözçüsü Hikmət Haciyev Ermənistanı "cəbhə xəttində təxribatlar törətməklə münqaişənin həllinin qarşısını almaqda" ittiham edib.
Ermənistan: Rusiya günahkardır
Modus Vivendi təhlil mərkəzinin rəhbəri Ara Papyan sərhəddə gərginliyin artmasında Rusiyanı günahlandıraraq bunun səbəbini Yerevanın Avrasiya İqtisadi İttifaqına birləşməsilə əlaqələndirib.
Lragir.am nəşrinə müsahibəsində Papyan deyib ki, Yerevanın Moskva ilə yeni ittifaqı "Azərbaycanın cilovlanması məsələsində Ermənistanı Rusiyanın ümidinə buraxıb".
Onun sözlərinə görə bu qərar Azərbaycanın əl-qolunu açıb.
O, eləcə də MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu quruma üzv olan Ermənistana "təcavüz" qarşısında kifayət dərəcədə yardım göstərməməkdə ittiham edib.
Təhlilçi Hranuş Xaratyan, Ermənistan XİN-in cəbhədəki eskalasiya ilə bağlı mövqeyini tənqid edərək həmin mövqeyin Azərbaycanı həvəsləndirdiyini deyib.
"Hərəkətsizlik və passivlik hərbi münaqişəni mürəkkəbləşdirir və sərhəddə vəziyyətin eskalasiyasına səbəb olur", Hranuş Xaratyan mətbuat konfransında bəyan edib.
O, eləcə də Ermənistan XİN-i "Rusiya Xarici İşlər Nazirliyinin quyruğu" adlandırıb.
Jamanak qəzeti yanvarın 27-də Ermənistan XİN rəhbəri Edvard Nalbandyanı da "passivliyə" görə tənqid edib.
"Ermənistan Xarici İşlər Nazirliyi yuxuya getdiyi halda ordu əsgərlərin həyatı hesabına Ermənistanı qoruyur", qəzet yazıb.
Azərbaycan: Rusiya-ABŞ qarşıdurmasının təzahürü
Azərbaycanda siaysi təhlilçilər Bakı ilə Yerevan arasında münaqişədə böyük güclərin marağını qeyd edirlər.
Azərbaycanlı siyasi ekspert Vəfa Quluzadənin sözlərinə görə "cəbhədəki gərginlik Rusiya-ABŞ münasibətlərində qarşıdurmanın güclənməsilə bağlı ola bilər", müxalif Azadlıq qəzeti yanvarın 27-də yazıb.
Azərbaycanla Ermənistanın cəbhə xəttinin məhz Moskvadan idarə olunduğunu düşünən Vəfa Quluzadə hesab edir ki, "bu əməliyyat Ermənistanın imkanları xaricindədir".
"Çünki hər belə əməliyyat sürsatın işlənməsi deməkdir. Bu isə maliyyə vəsaitidir", Quluzadə vurğulayıb.
Azadlıq qəzetinin həmin sayı hərbi ekspert Üzeyir Cəfərovun da cəbhədəki eskalasiyanın arxasında Rusiyanın durduğunu düşündüyünü qeyd edir.
Cəbhədə atəşkəsin pozulmasında Rusiya izinin ola biləcəyini istisna etməyən ekspert hesab edir ki, "Kreml Ermənistan daxilindəki problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün belə bir addım ata bilər".
Bu arada mühacirətdə yaşayan Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid yanvarın 27-də Facebook səhifəsində bunları yazıb: "100 faiz belədir ki, cəbhə xəttindəki son atəşkəs pozulması və diversiya rusların işidir".
O, davam edib:"Gümrüdə və ümumiyyətlə Ermənistanda ruslara qarşı hərəkat başlayan kimi belə bir diversiya törətdilər".
Məlumat BBC Monitoring tərəfindən hazırlanıb




