Elmar Məmmədyarovla görüşdən sonra ATƏT bəyanat verib

Şəklin mənbəyi, AFP
Təmas xəttində hücumlar barədə məlumatlardan sonra ATƏT Minsk Qrupunun həmsədrləri Azərbaycan XİN başçısı Elmar Məmmədyarova "dərin narahatlıqlarını" bildiriblər, Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatda deyilir.
İqor Popov (Rusiya), James Warlick (ABŞ) və Pierre Andrieu (Fransa) cənab Məmmədyarovla Polşanın Krakov şəhərində görüşüblər. Görüşdə ATƏT-ə sədrlik edən Ivica Dacic-in şəxsi nümayəndəsi də iştirak edib, press-relizdə deyilir.
"Dağlıq Qarabağ sülh prosesində inamı artırmaq və irəliləyişlər etmək üçün ötən il başlayan zorakılıq [hallarında] artım dayanmalıdır", həmsədrlər deyib.
"Biz Azərbaycanı münaqişənin sülh yolu ilə həll olunması üçün öhdəliklərini yerinə yetirməyə çağırdıq. Biz həmçinin Ermənistanı gərginliyi azaltmaq üçün bütün tədbirləri görməyə çağırırıq", bəyanatda deyilir. "Atəşkəs sazişinin şərtlərinə bütün tərəflər riayət etməlidir".
Bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, Ermənistan Silahlı Qüvvələrinin "cəbhə boyu ... qəfil hücum cəhdi" nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusu şəhid olub və yaralananlar var.
ATƏT-in sədri Ivica Dacic həmçinin yaydığı ayrı bəyanatda Azərbaycan-Ermənistan təmas xəttindəki insidentlərə görə narahatlığını bildirib.
ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşməyi və regiona səfər etməyi planlaşdırdıqlarını bildiriblər.
