Türkiyə: kürdlərin etiraz aksiyasında azı 19 adam ölüb

Şəklin mənbəyi, AFP
Türkiyədə kürd etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində ən azı 19 adam ölüb, məlumatlarda deyilir.
Onlar Suriyadakı Kobani şəhərinin İslam Dövləti döyüşçülərinin hücumlarına qarşı müdafiəsində Türkiyənin "fəaliyyətsizliyi" barədə narazıdırlar.
Bir sıra şəhərdə çevik polis dəstəsi gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. İğtişaş ölkənin bir çox yerinə, o cümlədən Ankara və İstanbula da yayılıb.
Əhalinin əksəriyyəti kürd olan bir neçə şəhərdə komendant saatı müəyyən edilib. Bu, daha çox Türkiyənin cənub-şərqində baş verib.
İğtişaşlar ən azı altı şəhərə yayılıb. Etirazların ən çoşğun nöqtələri - Mardin, Siirt, Batman və Muş olub.
Məlumata görə, Diyarbakirdə ən azı beş adam öldürülüb. Muşda isə bir 25 yaşlı etirazçı öldürülüb.

Şəklin mənbəyi, AP
Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan deyib ki, Türkiyə Kobani üçün "mümkün olanı" edir.
Onun sözlərinə görə, Türkiyənin Kobani sakinləri üçün heç nə etməməsi "böyük yalandır".
Türk əsgərləri və tankları sərhəddə dayanıblar amma Suriyaya keçməyiblər.
Kobani şəhərini 160 mindən artıq qaçqın tərk edib. Onların əksəriyyəti kürdlərdir.




