İD Türkiyə-Suriya sərhədindəki Kobanini "almaq üzrədir"

Kobani

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şəhərin üzərindəki təpədə daha bir İD bayrağı dalğalanıb

Suriya-Türkiyə sərhədindəki mühüm Kobani şəhəri bir azdan İslam Dövləti (İD) qruplaşması döyüşçülərinin nəzarəti altına düşə bilər, bu şəhərdən olan rəsmi BBC-ə deyib.

Belə görünür ki, İslam Dövlətinə məxsus bayraq Kobaninin şərq hissəsində dalğalanıb.

BBC-ə danışan rəsmi İdriss Nassan deyib ki, şəhərin üstündəki strateji Mistenur təpəsi artıq İD nəzarəti altındadır.

Son üç gün ərzində Kobanidə şiddətli döyüşlər intensivləşib. Suriyalı kürdlər şəhəri müdafiə etməyə çalışırlar.

ABŞ qüvvələri İD mövqelərinə hava zərbələri endirərək onları ləngitməyə çalışıb.

Kobani

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Kobani yaxınlığındakı təpədə Türkiyə qoşunları var

İD döyüşçüləri üç həftədən çoxdur ki, şəhəri mühasirəyə alıb. Hücum başlayandan sonra əksəriyyəti kürdlər olan 160 000-dən çox suriyalı sərhədin o biri tərəfinə qaçmalı olub.

İD həmçinin Ayn al-Arab kimi tanınan şəhəri ələ keçirsə, Suriya-Türkiyə sərhədi tamamilə bu qurumun nəzarəti altında olacaq.