İslam Dövləti Kobani şəhərinə hücumu gücləndirir

Tütrkiyə-Suriya sərhədi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Suriya sərhədində Türkiyə qoşunlarının bəzi hissələri İD mövqelərindən uzaq olmayan məsafədə yerləşir

Türkiyə sərhədi yaxınlığında, Suriyanın Kobani şəhərinə doğru irəliləyən İD döyüşçülərilə kürd silahlıları arasında şiddəti toqquşmaların baş verdiyi bildirilir.

Türkiyə ərazisində olan BBC müxbiri sərhədin qarşı tərəfində partlayışlar və artlilleriya atəşinə məruz qalan binaların üstündən göyə qalxan qalın tüstünün müşahidə edildiyini xəbər verir.

Son günlər ərzində cihadçıları Kobani şəhərindən məsafədə saxlamağa çalışan ABŞ qüvvələri İD mövqelərinə davamlı hava zərbələri endiriblər.

Son xəbərlər cıhadçıların Kobani şəhərindən bir neçə kilometr aralı olduğuna dəlalət edir.

Cümə günü Türkiyənin baş naziri Ahmet Davudoğlu deyib ki, Suriyanın sərhəd bölgəsindəki Kobani şəhərinin İD döyüşçülərinin nəzarətinə keçməsinin qarşısını almaq üçün ölkəsi əlindən gələni edəcək.

Hərçənd ki, Türkiyənin müdafiə naziri İsmet Yilmaz təcili addımların gözlənilmədiyini bildirib.

Əsasən kürd azlığının yaşadığı Kobani şəhəri müntəzəm İD həmlələrinə məruz qalır. Cümə günü şəhər ətrafında yenidən partlayış səsləri eşidilib.

Cənab Davutoğlunun bəyanatından bir gün əvvəl Türkiyə parlamenti ordusunu İraq və Suriyaya daxil olmağa, eynilə xarici əsgərlərə əməliyyatlarında onun ərazisindən istifadə etməyə izn verən qətnaməni dəstəkləyib.

Bu qərarın lehinə 298, əleyhinə isə 98 səs verilib. Məsələnin müzakirəsi vaxtı parlament qarşısında qərar əleyhdarlarının nümayişi keçirilib.

Türkiyə indiyədək İslam Dövləti (İD) təşklilatına qarşı döyüşmək istəmirdi, beləki, ölkənin 46 diplomatı girov saxlanırdı. Bu girovlar ötən ay azad edilib.

Bununla belə, Türkiyə İD-in mümkün cavab zərbəsindən narahatdır və döyüşlərdə iştirak edən kürdlərə dəstək verilməsindən ehtiyat edir. Müzakirələr başlayandan öncə parlamentin qarşısında etiraz aksiyası keçirilib.

Ölkənin Suriya ilə 900 kilometrlik sərhədi dəlmə-deşik və zəifdir.

Türkiyə uzun müddətdir ki, cihadçıların və onlar üçün silah-sursatın Suriya ərazinsə keçirilməsinə, həmçinin İD-in zəbt etdiyi ərazilərdən çıxarılan neftin ixracına imkan yaratmaqda günahlandırılırdı.

Ərdoğan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Prezident Erdoğan İD yaraqlılarına qarşı hərbi tədbirlərin görülməsinə Turkiyə parlamentinin icazəsini alıb

Ankara bu ittihamları həmişə təkzib edib.

Millət vəkilləri sözü gedən qərara səs versələr, ABŞ cihadçılar üzərinə hava zərbələri üçün Türkiyənin cənubundakı İncirlik hərbi hava bazasından istifadə edə biləcək.

Ötən çərşənbə günü parlamentdə çıxış edən prezident Recep Tayyip Erdoğan Qərbi, Suriya və İraqdakı vəziyyətlə bağlı uzunmüddətli həll tapmağa çağırıb və bildirib ki, İD-in üzərinə “tonlarla bomba” tökməklə problemin həlli yalnız müvəqqəti ləngidilə bilər.

Prezident deyib ki, İD-ə qarşı “səmərəli vuruşmaq” Türkiyə üçün prioritet olsa da, “Dəməşq administrasiyasının” dərhal ləğv edilməsi də prioritet olaraq qalmaqda davam edəcək.

Cənab Erdoğan dəfələrlə Türkiyə sərhədi boyunca Suriya ərazisində bufer zonasının yaradılmasına və bu zonanın təhlükəsizliyinin uçuşlarsız hava məkanı elan edilməsi ilə təminatına çağırıb.

Təhlil: BBC müxbiri Mark Lowen, İstanbul

İkicə həftədə çox şeylər dəyişə bilərmiş.

Türkiyə əvvəlcə ABŞ-ın rəhbərliyi altında koalisiyada iştirak etməkdən imtina edirdisə, indi ölkə parlamenti Türkiyənin İraq və Suriyadakı müharibəyə qoşulmasına və ərazisindən eyni məqsədlə xarici qoşunların istifadəsinə icazə verən qərarı səsə qoymaq qərarına glib.

Bəs buna səbəb nə olub? Burda İD tərəfindən girov saxlanan 46 Türkiyə vətəndaşının azad edilməsi və Vaşinqtonun NATO üzrə müttəfiqinə təzyiqləri əsas rol oynayıb.

Hətta prezident Obama özünün türkiyəli həmkarını qısnamaq üçün ona Air Force One təyyarəsindən zəng edib.

Bununla belə çox az adam Türkiyənin silaha sarılacağına inanır. Türkiyə hər iki ölkə ilə uzun və kövrək sərhədə malikdir və Ankara mümkün cavab zərbələrindən ehtiyat edir. Suriyadakı Osmanlı türbəsini mühafizə edən Türkiyə qoşunları belə mümkün zərbələrin hədəflərindən biri ola bilər.

Digər tərəfdən Türkiyə İD-ə qarşı döyüşməklə özünün köhnə düşməni olan kürdləri ürəkləndirməkdən ehtiyat edir.

Amma Türkiyənin də məqsədləri az deyil. O, prezident Bəşər əl-Əsəd rejiminə qarşı müdaxilə etmək və qaçqın axınını tənzimləmək üçün Suriya ərazisində bufer zonasının yaradılmasını istəyir.

Lakin bunlar uzaq perspektivdəki məqsədlərdir. Türkiyə bu koalisiyada vacib oyunçudur, lakin onun nə qədər dərinə getmək istədiyi hələlik bəlli deyil.

Türkiyə

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Türkiyə ordusu İD irəliləməsilə bağlı zirehli hərbi texnikasını Suriya sərhədində yerləşdirib.

İD silahlıları Türkiyənin Suriya ilə sərhədində yerləşən Kobane kürd şəhərinin bir neçə kilometrliyinədək irəliləyə biliblər.

Hazırda həbsxanada olan kürd lideri Abdulla Ocalan Reuters agentliyinə bildirib ki, İD silahlılarının Kobanedə “qətliyam törətməsinıə yol verilərsə”, onun qruplaşması ilə Ankara arasındakı sülh danışıqları dayandırıla bilər.

İslam Dövlətinin sərhədə sıx yaxınlaşması minlərlə kürd qaçqının Suriyadakı döyüşlərdən yaxa qurtarmaq üçün Türkiyəyə pənah gətirməsinə səbəb olub. Hazırda Türkiyə ərazisində yarım milyondan artıq Suriya qaçqını var.

İD-in irəliləməsi həmçinin Suriya ərazisində Osmanlı imperiyasının banisi Birinci Osmanın babası Süleyman Şahın türbəsini mühafizə edən Türkiyə xüsusi qüvvələrinin vəziyyətini təhlükəli edir. Türbə Türkiyə sərhədindən 30 kilometrlik məsafədə, Suriya ərazisindəki anklavda yerləşir.

Cənab Erdoğan türbənin İD silahlıları tərəfindən mühasirəyə alındığı barədə xəbərləri təkzib edib.

Türkiyə

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Türkiyə suriyalı və kürd qaçqınlarının ölkəyə axının öhdəsindən gəlməyə səy göstərir.