Kobani: sakinlər küçələrdə döyüşlərin getdiyi şəhəri tərk edirlər

Kobani şəhərini mülkilər tərk edir.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Kobani şəhərini mülkilər tərk edir.

Suriyalı kürdlərlə küçə döyüşlərindən sonra İslam Dövlətinin cıhadçıları Türkiyə sərhədi yaxınlığında, Suriyanın Kobani şəhərinin üç rayonunu ələ keçiriblər.

Döyüşlərin getdiyi bir vaxtda şəhəri tərk edənlər Türkiyə sərhədinə üz tuturlar.

Üç həftə ərzində mühasirədə qalan Kobaninin ələ keçirilməsilə Turkiyə-Suriya sərhədinin uzun bir hissəsi İslam Dövləti qrupunun nəzarətinə keçmiş olacaq.

Kobani şəhərini 160 mindən artıq qaçqın tərk edib. Onların əksəriyyəti kürdlərdir.

Daha əvvəl şəhərin rəsmilərindən olan İdriss Nassan Kobaninin “tezliklə süquta uğrayacağını” deyib.

İdris Nassan şəhərin üstündəki strateji yüksəklik olan Mistenur təpəsinin artıq İD nəzarətində olduğunu deyib. BBC-ə danışan rəsmi Kobaninin şiddətli artilleriya atəşinə tutulduğunu bildirib.

İD qüvvələri Kobanini 3 tərəfdən mühasirəyə alıblar.

Çərşənbə axşamı ABŞ rəhbərliyi ilə yaradılmış koalisiya qüvvələri əraziyə hava zərbələri endiriblər. Lakin onların hədəfləri barədə məlumat verilməyib.

Suriya sərhədi yaxınlığında olan BBC müxbiri Paul Adams çərşənbə axşamı aparılan döyüşlərin ertəsi günlə müqayisədə bir qədər səngidiyini bildirir.

İd döyüşçüləri Kobani şəhərinin üstündəki strateji yüksəkliyi nəzarət altına alıblar.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İd döyüşçüləri Kobani şəhərinin üstündəki strateji yüksəkliyi nəzarət altına alıblar.

Yerli kürd hökumətinin Amerikadakı nümayəndəsi deyib ki, şəhərin İD nəzarətinə keçməsini fəlakət olardı.

"Bu davam edərsə və şəhər sakinləri habelə Kobani uğrunda vuruşan kürd döyüşçülərinə beynəlxalq yardım, hərbi yardım çatdırılmazsa şəhər İD nəzarətinə keçə bilər”, - Karvan Zebari BBC-ə bildirib.

Kürd nümayəndəsi Türkiyəni Kobani sakinlərinə yardım etməyə səsləyib.

Kobanidəki döyüşlər barədə BBC-ə danışan Suriya Kürdlərinin Demokratik İttifaqı partiyasının həmsədri şəhərdə çoxsayda mülki sakinlərin qaldığını bildirib.

"Şəhərdə hələ də minlərlə mülki sakin qalır. İD ağır silhlardan istifadə edir. Onların qarşını alan olmazsa böyük qırğın baş verəcək”, - bazar ertəsi gedən döyüşlər barədə Newshour proqramına məlumat verən Asya Abdullah deyib.

Kobani şəhərində kürdlərin sözçüsü AFP agentliyinə 2,000 kürd sakininin şəhərdən evakuasiya edildiyini deyib. Mustafa Bali bütün mülkilərə şəhəri tərk etmək əmrinin verildiyini qeyd edib.

ABŞ Mərkəzi Komandanlığı bazar ertəsi həyata keçirilən hava hücumlarında “Kobanidən cənubda yerləşən iki döyüş mövqeyinin məhv” edildiyini bildirir. Lakin xanım Abdullah zərbələrinin “qeyri-effektiv” olduğunu deyib.

"[İD] ağır silahlar və tanklara malikdir. Buna görə bizim müqavimətimiz məhduddur və daha çox hava zərbələrinə ehtiyyac var”.

Ötən həftə Türkiyə bəyan edib ki, Kobani şəhərinin İD döyüşçülərinin nəzarətinə keçməsinə yol verməyəcək. Bundan bir gün əvvəl isə ölkə parlamenti <link type="page"><caption> Suriyada hərbi əməliyyata izn verən qərarı</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/10/121004_turkey_syria.shtml" platform="highweb"/></link> dəstəkləyib.

Lakin belə görünür ki, Türkiyə kürdlərin çağırışlarına rəğmən bu qərarla bağlı əməli addım atmayıb.

Müxbirlərə əsasən Kobanidə döyüşən kürd qüvvələri Türkiyədə terrorçu təşkilatı kimi yasaqlanmış PKK qrupu ilə bağıdır. Bu səbəbdən Ankara kürd qüvvələrinə dəstək verməyə meylli deyil.