Ukrayna ordusu Donetsk aeroportuna nəzarəti "bərpa edib”

Şəklin mənbəyi, Reuters
Ukraynanın Daxili İşlər Nazirliyi bildirir ki, qanlı toqquşmalar ardınca ordu bölmələri şərqdəki Donetsk şəhərinin aeroportu üzərində tam nəzarətə malikdirlər.
Rusiyapərəst qüvvələr döyüşdə 30 adamın öldürüldüyünü bildirib. Kiyev itki vermədiyini bəyan edir.
Bazar ertəsi silahlı separatçılar hava limanını ələ keçirməyə cəhd ediblər.
Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko ölkənin şərqindəki separatçı qüvvələrə qarşı “aylar yox saatlar ərzində” addım atılacağını vəd edib.
Çərşənbə günü Rusiyanın Xarici İşlər Naziri Ukrayna şərqindəki əməliyyatların təxirə salınmadan dayandırmağa və aprel ayında Cenevrədə işlənilən sülh planının tətbiqinə səsləyib.
Moskvada yerli və xarici jurnalistlərlə görüşən Sergey Lavrov Donetsk və Luhansk regionlarında “əsl müharibənin” getdiyini bildirib.
Donetskdəki döyüş nəticəsində ən azı 30 adam öldürülüb, separatçılar bildirirlər.
Hava zərbələri

Şəklin mənbəyi, BBC World Service
Bazar ertəsi Ukrayna hərbçiləri “Donetsk Xalq Respublikası”nı (DXR) elan etmiş separatçıların ələ keçirdikləri Donetsk beynəlxalq hava limanına havadan zərbə endiriblər.
“Yerində ekspert-mütəxəssislər işləyir. Ölənlər haqqında rəsmi rəqəmlər onlar meyitxanaya daşınmağa başlayanda olacaq”, - bundan əvvəl İnterfaks-Ukrayna agentliyi vilayət administrasiyasına istinadən yaydığı xəbərdə bildirib.
Zərər çəkənlər arasında uşaq olduğu və ona yerində tibbi yardım göstərildiyi də bildirilir.

Şəklin mənbəyi, AP
Aeroportun mətbuat katibi daha əvvəl BBC müxbirinə aeroportda “tammiqyaslı anti-terror əməliyyatı” başlandığını deyib.
Əməliyyatın informasiya qrupunun rəhbəri Vladislav Seleznyov öz Facebook səhifəsində yazıb ki, separatçılara təslim olmaq ultimatumu verilib.
“Terrorçular Ukrayna güc strukturlarının tələblərini yerinə yetirməyiblər, terrorçuların mövqelərinə aviasiya zərbəsi endirilib. "Əvvəlcə terrorçuları şərtləri yerinə yetirməyə məcbur etmək üçün SU-25 təyyarəsi xəbərdarlıq atəşi açıb. Yaraqlılar arasında çaxnaşma düşüb. Bundan sonra MiQ-29 təyyarəsi terrorçuların toplaşdığı yerə zərbə endirib”, - Seleznyov yazıb.
Seleznyov vertolyot atəşilə separatçıların zenit qurğusunun ləğv edildiyini də bildirib.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, AFP
Evakuasiya
Bazar ertəsi silahlı separatçıların həmləsi səbəbindən aeroportda uçuşlar səhərdən dayandırılıb.
“Saat 3 radələrində aeroport ərazisinə onlarla silahlı DXR nümayəndələri gəlib və aeroportun daxili perimetrində keşik çəkən Ukrayna hərbçilərinin çıxmasını tələb ediblər”, - aeroportun mətbuat xidmətində söyləyiblər.
Mətbuat xidmətində həmçinin aeroportun DXR nəzarəti altında olmadığını, lakin separatçılar tərəfindən terminalın ələ keçirildiyini bildiriblər. Sərnişinlərin və aeroport əməkdaşlarının evakuasiya edildiyi mildirilir.

Şəklin mənbəyi, AFP
Tanınmamış DXR liderlərinin Tweetter qeydləri doğrudursa, aeroportun ətrafındakı yaşayış rayonlarının sakinləri evakuasiya olunur.
Onlar Donetskdə xüsusi əməliyyatda iştirak edən Ukrayna hərbçiləri arasında çoxlu snayper olduğunu da bildirirlər. RİA Novosti agentliyinin məlumatına görə, aeroportda bir qrup jurnalist də atəşə məruz qalıb.
İlkin yekunlara görə, Ukrayna prezident seçkilərində qalib gələn Petro Poroşenko bazar ertəsi günü Ukraynanın şərqində xüsusi əməliyyatın davam etdirilməsini dəstəklədiyini bəyan edib. O hesab edir ki, əməliyyat “daha effektiv olmalı və daha qısa müddətdə keçirilməlidir”.
Rusiya XİN-i ATƏT-ə müraciət edib
Rusiya Xarici İşlər Nazirliyi Donetskdə baş verən hadisələr barədə müfəssəl məlumat təqdim etməyi tələb edir və müvafiq ərizə ilə ATƏT rəhbərliyinə və Ukraynada fəaliyyət göstərən monitorinq missiyasına müraciət edib. Bu barədə Rusiya XİN-in rəsmi saytında deyilir.
“ATƏT nümayəndələrindən bu barədə tam və obyektiv məlumat, Kiyev hakimiyyətindən isə öz əhalisinə qarşı hərbi əməliyyata son qoyulmasını gözləyirik”, - Rusiya XİN-də deyiblər.




