Rusiya yeni Ukrayna prezidenti ilə "dialoqa hazırdır"

Putin

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Bundan əvvəl Vladimir Putin Ukraynada səsvermənin nəticələrini tanımağa hazır olduğunu bildirmişdi

İlkin nəticələr Petro Poroşenkonun seçkilərdə qalib gəldiyini göstərərkən Rusiya deyib ki, Ukraynanın yeni prezideünti ilə "dialoqa hazırdır".

Eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, şərqdə separatçılara qarşı hərbi əməliyyatlar dayandırılmalıdır.

Cənab Poroşenko yaxın gələcəkdə Rusiya liderlərilə görüşəcəyini bildirsə də deyib ki, silahlı separatçılara dözümlü olmayacaq.

Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib: "Biz Kiyev nümayəndələrilə, Petro Poroşenko ilə dialoqa hazırıq".

Onun sözlərinə görə ABŞ və Aİ vasitəçiliyinə ehtiyac olmayacaq, amma o rəsmi Kiyevə xəbərdarlıq edib ki, separatçılara qarşı hərbi əməliyyatın davam etməsi "böyük səhv" olacaq.

"Prezidentimizin [Vladimir Putin] dediyi kimi, Ukrayna xalqının istəyinə hörmətlə yanaşacağıq", cənab Lavrov deyib.

Cənab Poroşenko deyib ki, Rusiya liderlərilə gələn ayın əvvəlində görüşmək ümidindədir. Bundan əvvəl o, Polşada ABŞ və Aİ liderlərilə görüşəcək.

Rusiya mətbuatı

Mətbuat səhifələrində Ukraynada keçirilmiş prezident seçkilərinin nəticələrilə bağlı birmənalı olaraq kəskin mənfi rəylər bildirilməyib.

Ötən həftənin sonunda Peterburqda keçirilən İqtisadi Forumda çıxış edən prezident Vladimir Putin elan etmişdi ki, Moskva Ukraynada səsvermənin nəticələrini tanımağa hazırdır.

"Biz Ukrayna xalqının seçiminə hörmətlə yanaşacayıq və formalaşan hakimiyyət orqanları ilə işləyəcəyik", Vladimir Putin Ukraynada səsvermə günü ərəfəsi bildirib.

Rusiya hökümətinin rəsmi qəzeti sayılan "Rusiya qəzeti" redaksiya materialında qeyd edib ki, ukrayna seçiciləri əslində seçim etməkdən məhrum edilmişdilər.

"Bazar günü keçirilmiş seçkilərdə ukraynalıların seçim etmək imkanı yox idi. Onlar sərbəst seçim hüququndan məhrum edilmişdilər", qəzet yazır.

Qəzetdəki məqaləyə əsasən, ukraynalıların əvəzinə seçim artıq "Vaşinqton və ABŞ siyasətçiləri tərəfindən edilmişdi".