Ukrayna Moskvanı seçkiləri pozmaq cəhdində ittiham edir

Şəklin mənbəyi, Reuters
Ukraynanın baş naziri Arseni Yatsenyuk Donetsk vilayətində ən azı 16 Ukrayna əsgərinin ölümü ilə nəticələnmiş blokposta hücumdan sonra ölkədə vəziyyətin pisləşməsində Rusiyanı ittiham edib.
Yatsenyukun sözlərinə görə, beləliklə Rusiya gözlənilən seçkiləri pozmağa çalışır.
Cümə axşamı səhər tezdən Volnovaxa şəhəri yaxınlığında həmlə zamanı ağır silahlardan istifadə olunub.
Ümumən gecə ərzində bu bölgədə dörd həmlə baş verib.
Onlarda kimin iştirak etdiyi məlum deyil, çünki, bir Ukrayna zabitinin sözlərinə görə, bu, separatçıların hərəkətlərinə oxşamırdı.
Seçki ərəfəsində
Ukrayna baş naziri vəzifəsini müvəqqəti icra edən Arseni Yatsenyuk BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmağı təklif edib. O, Rusiyanın bu həmlələrə aidiyyəti olduğunu sübut edən dəlillərin mövcudluğunu israr edir.
Kiyevdə ümid edirlər ki, bazar gününə təyin olunan seçkilər ölkədə siyasi gərginliyin səngiməsinə kömək edər.
Ukrayna hakimiyyəti bəzi şərq bölgələrində səsvermənin keçirilməsi çətin olacağını etiraf edirlər.
Bununla belə, Rusiya qoşunlarının həqiqətən Ukrayna sərhədindən çəkilməsinə ilk işarələr məlum olur. Bu hal Krım hadisələrinə bənzər hərbi müdaxilə riskini azaldır.
Bu barədə öz Tweetter-ində NATO-nun baş katibi Anders Fogh Rasmussen məlumat verib.
Prezident Putin hələ həftənin əvvəlində Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çəkilməsinə sərəncam verdiyini bəyan edib. Ekspertlərin fikrincə, 40 minlik hərbi birləşmənin sərhəddən uzaqlaşması Ukraynada gərginliyin səngiməsinə xidmət edərdi.




