Luhansk separatçıları hərbi vəziyyət elan ediblər

Şəklin mənbəyi, AP
Tanınmamış “Luhansk Xalq Respublikası” (LXR) Luhansk vilayətinin ərazisində hərbi vəziyyət elan edib.
Luhansk separatçılarının lideri Valeriy Bolotov imzaladığı müvafiq sənəddə hərbi vəziyyətlə birlikdə tam səfərbərliyin həyata keçirilməsini əmr edib, İnterfaks-Ukrayna agentliyi xəbər verir.
"Hərbi vəziyyət mayın 22-dən elan olunur və Kiyev hakimiyyəti LXR ərazisindən qoşunlarını geri çəkənə kimi qüvvədə qalacaq”, - tanınmamış respublikanın mətbuat katibliyində İnterfaks-Ukrayna-ya bildiriblər.
Bolotov həmçinin əraziyə Rusiya sülhyaradıcı qüvvələrin yeridilməsinə səsləyib.
"Biz ümid edirik ki, sülyaradıcılar humanitar fəlakət baş verənə kimi yeridiləcək”, - RİA Novosti Bolotovun bəyanatından iqtibas gətirir.
Ukrainskaya Pravda qəzeti may ayının əvvəlində tanınmamış “LXR” ərazisində komendant saatının elan edildiyini bildirir.
Toqquşma
Ölkənin şərqindəki Donetsk vilayətində Ukrayna ordusunun hərbçilərinə hücum nəticəsində ən azı 8 adam öldürülüb, polis bildirir.
Ukraynanın Müdafiə Nazirliyi hadisənin baş verdiyi Volnovaxa bölgəsində blokposta həmlə zamanı bir neçə əsgərin öldürüldüyünü və xəsarət aldığını qeyd edir.
Associated Press agentliyinin jurnalisti hadisə yerində 11 cəsədin olduğunu deyib.
Rusiyanın Lifenews saytı hərbçilərin düşərgəsinə həmlə vaxtı 15 hərbçinin öldürüldüyünü və 35 adamın yaralandığını yazır.
Bundan əvvəl Luhansk vilayətindəki Rubejnoye şəhəri yaxınlığında hərbi karvanın atəşə tutulması nəticəsində bir ukraynalı hərbçi ölüb və iki nəfər xəsarət alıb.
Bu həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədindəki qoşunlara geri çəkilmək əmrini verib.




