Putin Rusiya əsgərlərinin Ukraynadan çəkilməsinə göstəriş verib

Şəklin mənbəyi, AP
Rusiya prezidenti Vladimir Putin Ukrayna sərhədinin yaxınlığındakı qoşunların geri çəkilməsinə göstəriş verib, Kreml deyir.
Rostov, Belqorod və Bryansk regionlarındakı hərbi hissələr daimi bazalarına qayıtmalıdırlar, bəyanatda bildirilir.
Rusiya bundan əvvəl də oxşar bəyanatlar versə də, NATO heç bir dəyişiklik müşahidə etmədiyini bildirib.
Müxbirlər deyirlər ki, 40 000 Rusiya əsgərinin Ukrayna sərhədindən çıxarılması Ukrayna böhranını sakitləşdirə bilər.
Son həftələrdə regionda Rusiya əsgərlərinin çoxalması müşahidə olunduğundan diplomatik əlaqələr gərginləşib.
"Rostov, Belqorod və Bryansk regionlarında ... planlaşdırılmış hərbi təlimlərin tamamlanması ilə əlaqədar Putin müdafiə nazirinə bu təlimlərdə iştirak edən əsgərləri geri çağırmağa göstəriş verib", - Kremlin Rusiya agentliklərinə verdiyi bəyanatında deyilir.
"Heç bir işarə yoxdur"
Neçə əsgərin çıxarılacağı və bunun nə vaxt baş verəcəyi bəyanatdan aydın deyil.
"Hələ ki, heç bir geri çəkilmə görməmişik", NATO Baş katibi Anders Fogh Rasmussen Kremlin bəyanatına cavab olaraq deyib.
"Bunu çox təəssüflə deyirəm, çünki Rusiya əsgərlərinin geri çəkilməsi, böhranın sakitləşdirilməsində ilk mühüm addım ola bilər".
Pentaqon həmçinin Rusiya əsgərlərinin tərpənməsinə dair "heç bir işarə" görmədiyini bildirib, Reuters məlumat verir.
Ukraynanın kremlpərəst prezidenti Viktor Yanukoviç aylarla davam edən etirazlar nəticəsində fevralda devriləndən sonra Rusiya ilə Qərb arasında gərginliklər artmağa başlayıb.
Bundan sonra Rusiyanın Krımı ilhaq etməsinə görə əlaqələrdə böhran olub.
Eyni zamanda şərqi Ukraynada Ukrayna hökümətinin qüvvələri ilə rusiyapərəst separatçı silahlılar arasında toqquşmalar olub.




