Ukrayna: 25 may prezident seçkiləri - seçkiqabağı vəziyyət

Şəklin mənbəyi, UNIAN
Ukraynalı seçicilər mayın 25-də devrilmiş president Viktor Yanukoviçin xələfini müəyyən edəcəklər. O, Moskvanın qurduğu iqtisadi strukturun xətrinə Aİ ilə ticari müqavilədən imtina etməsi nəticəsində başlamış və bəzən zorakılığa çevrilən uzun sürən etirazlardan sonra fevral ayında devrilmişdi.
Prezident seçkilərinə Ukraynada hazırlıq hadisələrin dramatik inkişafı fonunda keçirilir. Ölkə ərazisinin bir hissəsi - Krım yarımadası - Rusiya tərəfindən ilhaq edilib.
Çoxları hesab edir ki, Kreml ölkənin şərq regionlarında separatçılığı qızışdıraraq seçkini pozmağa çalışır.
Namizədlərin uzun siyahısı
Yanukoviç ölkəni tərk etdikdən sonra bərpa edilmiş Konstitusiyaya görə Ukrayna parlament-prezident respublikasıdır. Bu səbəbdən yeni prezidentin qüvvəsi sələfindən xeyli az olacaq.
Yeni prezident XİN rəhbərini və Müdafiə nazirini təyin edə biləcək, lakin hökümətə təsiri olmayacaq. Höküməti parlament çoxluğu formalaşdıracaq. Prezident, eləcə də Baş prokuror və Ukrayna Təhlükəsizlik Xidməti başçısı vəzifəsinə namizədləri irəli sürə biləcək.
Bugünədək qeydiyyata alınan 23 namizəddən 3 nəfəri namizədliklərini geri götürüb: rusiyapərəst deputat Oleh Tsaryov, keçmiş Sosial Siyasət üzrə nazir Nataliya Korolevska və avropapərəst fəal Zoryan Shkiryak.
Prezidentliyə namizədlərin hazırkı siyahısına bir-birinə bənzəməyən siyasətçilər daxildir: heç kimə qoşulmayan Radikal Partiyasının lideri Oleh Lyashko, Yanukoviç əleyhinə mitinqlərdə iştirak etmiş dermatoloq və mahnı ifaçısı Olha Bohomolets, mütəşəkkil cinayətkarlıq və insan haqlarının pozulmasında iştirakı olduğu iddia edildiyinə görə ABŞ-a girişi yasaqlanan Baş Prokurorun keçmiş 1-ci müavini Renat Kuzmin.

Şəklin mənbəyi, AP
Qalanlar arasında keçmiş Baş nazir müavini Yuriy Boyko; Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Mykola Malomuj; Ukrayna Yəhudi Konqresinin lideri Vadim Rabinoviç; Vətəndaş Mövqeyi platformasını təmsil edən deputat Anatoliy Hritsenko; Ukrayna Xalq partiyasından Oleksandr Klimenko; Ukrayna Xalq Hərəkatından Vasil Kuybida; Ukrayna Antiinhisarçılıq komitəsinin keçmiş rəhbəri Vasil Tsuşko; keçmiş deputat Valeri Konovalyuk; və az tanınan iş adamları Volodımır Saranov və Andri Hrinenko kimi fiqurlar var.
Xarizmatik lakin birmənalı qarşılanmayan keçmiş Baş nazir Yuliya Timoşenkonun namizədliyi Batkivşina partiyası tərəfindən irəli sürülüb. Hazırda Ukrayna de-fakto bu partiya tərəfindən idarə olunur, partiyanı isə Yuliya Tymoshenko idarə edir.
Qatı sağçı olan Oleh Tyahnıbok Azadlıq partiyasının namizədidir. Guman edildiyinə görə, o, qələbə çalmayacağını bilsə də, seçkilərə partiyasını populyarlaşdırmaq üçün qatılıb.
Petro Symonenko Kommunist Partiyasının namizədidir.
Yanukoviç dövründə prezident partiyası sayılan Regionlar Partiyası Xarkov regionun keçmiş qubernatoru və Xarkovun keçmiş meri Mykhaylo Dobkinin namizədliyini irəlü sürüb, lakin bu yaxınlarda partiyadan xaric edilmiş deputat Serhi Tıhıpko da seçkidə fərdi namizəd kimi iştirak edir.
Yanukoviçin devrilməsində aparıcı rol oynamış və Rusiyada axtarışa verilən ultra-millətçi “Sağ Sektor” partiyasının lideri Dmıtro Yaroş seçkidə müstəqil namizəd qismində iştirak edəcək.

Şirniyyat fabrikinin və “5 Kanal” populyar televizya xəbər kanalının sahibi, oliqarx Petro Poroşenko–nun namizədliyini populyar siyasətçi, keçmiş DİN rəhbəri Yuri Lutsenko və Kiyev meri seçkilərində iştirakına bütün gücünü vermək üçün prezident seçkisindən çıxmış boksçu Vitali Kliçko dəstəkləyirlər.
"Amansız dostlar"
48 yaşlı milyarder Poroshenko, Ukraynada “şokolad kralı” kimi ad çıxarıb. O, seçkinin lideri sayılır. 53 yaşlı Timoşenko reytinqə görə 2-ci yerdədir.
Son rəy sorğularına əsasən, Poroşenko Timoşenkoya elə seçkilərin ilk turunda qalib gələ bilər.
Səsvermədə iştirak edəcəklərini deyən respondentlərin 55%-i Poroşenkoya səs verəcəklərini bildiriblər, Tmoşenkonu isə yalnız 9.6% dəstəkləyib.
Serhi Tıhıpko - 6.7% , Hrıtsenko - 6.5%, Lyashko - 5.4% səviyyəsində respondentlərin dəstəyini qazana biliblər.
Qalan namizədlərdən heç biri 5%-dən yuxarı dəstək almayıb.
Lakin 2-ci turun da keçiriləcəyi ehtimalı istisna edilmir. Beləki, həmin rəy sorğusuna görə, 18 yaşından yuxarı olan Ukraynalıların 33.7%-i Poroşenkonu dəstəkləyir, Timoşenkonu isə respondentlərin 5.9%-i.
İkinci turun mümkünlüyünün digər bir səbəbi isə Ukraynada vəziyyətin qeyri-müəyyənliyi və dəyişgənliyilə bağlıdır.
Ukraynanın populyar Fokus həftəlik nəşri qarşıda gələn president seçkilərini “amansız dostların dueli” kimi səciyyələndirib.
Vəd bolluğu
Namizədlər reytinqinə başçılıq edən dörd iddiaçının seçki proqramları və şüarları bol vədlərlə doludur.
Poroşenko seçicilərə "yeni həyat tərzi” vəd edir.
Onun seçkiqabağı proqramı “yeni həyat yaşamaq” adı daşıyır.
Poroşenko bundan əvvəl Milli Təhlükəsizlik rəhbəri, Milli Bankın yüksək rütbəli rəsmisi, Xarici İşlər naziri və İqtisadi İnkişaf naziri kimi vəzifələrdə çalışıb.
Öz proqramında o, konstitusiya səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməyi və regionlara daha çox səlahiyyət verəcəyini, Ukraynanın unitar dövlət strukturunu qoruyacağını vəd edib.
O, mətbuatın sərbəstliyini qoruyacağını, Ukraynalıların ana dilində azad danışacağını, lakin Ukrayna dilinin ölkənin yeganə dövlət dili olacağını bəyan edir.
Poroşenko, eləcə də ilin sonunadək Aİ ilə tam hüquqlu üzvlük barədə danışıqlara başlayacağını vəd edir. Eyni zamanda qeyd edir ki, Rusiya ilə münasibətlərdə kompromislər tapılmayanadək ukraynalılar özünü təhlükəsiz hiss edə bilməyəcəklər.
Timoşenko: "Putin bir nömrəli düşməndir".
TV çıxışlarında keçmiş baş nazir Timoşenko "oliqarxiyanın bel sütününü qıracağını" və korrupsiya ilə mübarizə aparacağını, regionlara əlavə səlahiyyət veriləcəyini, vergi yükünü yüngülləşdirəcəyini vəd edib.
Krımın ilhaqından sonra Timoşenko Putini “bir nömrəli düşməni” elan edib. Keçmiş Baş nazir yarımadanın azaq olunmasına nail olacağına, Ukrayna üçün Moskvadan kompensaiya tələb edəcəyini, ölkəsinin enerji və digər sahələrdə ədavətli qonşusundan asılılığını azaltmağa çalışacağını vəd edir.
O, eləcə də yeni hərbi doktrina hazırlanacağını və hərbi qüvvələrə xüsusi diqqət yetiriləcəyini vəd edir.
Tıhıpko: "Diqqət cənub-şərqə yönəlməlidir"
Bank sektorunda və hökümət vəzifələrində çalşmış 54 yaşlı milyarder Serhi Tıhıpko, idərəçiliyin mərkəzsizləşdirilməsi yolu ilə biznesi dəstəkləmək planını irəli sürüb.
O, regionlara daha geniş mədəni və iqtisadi sərbəstliyin verilməsini dəstəkləyir və hesab edir ki, qubernatorlar yerli sakinlər tərəfindən seçilməlidir, daha Kiyevdən təyin olunmamalıdırlar.
Tıhıpko Rusiya dilinə Ukraynada iknci dövlət dili statusu verilməsinin tərəfdarıdır.
Onun digər təklifləri deputatın seçicilər tərəfindən geri çağırılması təşəbbüsünü və “Ukraynanın ərazi bötüvlüyünü bərpa etmək” planını əhatə edir.
Hrıtsenko: "Qanad açın!"
Öz proqramında 56 yaşlı keçmiş müdfiə naziri və müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komitəsinin keçmiş sədri, Anatoli Hrıtsenko Ukraynalıları “qanad açmağa” çağırıb.
Onun təbirincə, insanlara “əminamanlıq, təhlükəsiz və layiqli həyat tərzi” təmin etmək əzmindədir.
Digər rəqibləri kimi, Hrıtsenko da korrupsiyanın kökünü kəsəcəyini, məhkəmələri müstəqil edəcəyini və vergiləri liberallaşdıracağını vəd edib.
Keçmiş ordu rəsmisi olan Hrıtsenko vurğulayılb kı, o ölkə rəhbəri olsaydı, Krımın ilhaq edilməsinə heç vaxt yol verməzdi.
Problemlər, risklər, narahatlıqlar
Ukraynada geniş yer alan söz-söhbətlərə əsasən, Moskva president seçkilərini pozmağa çalışır və Krımın ilhaqı, ölkənin şərq regionlarında separatçıların çıxışları bu planın bir hissəsidir.
Müvəqqəti president Oleksandr Turchınov və Milli təhlükəsizlik və müdafiə şurasının katibi Andri Parubi dəfələrlə bildiriblər ki, Rusiya Ukrayna sərhədinə qoşun toplamaqla, Dontesk və Luqanska agentlərini göndərməklə prezident seçkilərini pozmağa çalışır.
Rusiyapərəst fiqurlar da seçkinin baş tutmamasında maraqlı olduqlarını gizlətmirlər.
Özünü Slovyansk meri elan etmiş Vyacheslav Ponomaryov Rusiya mediasına aprelin 23-də bildirmişdi ki, onun tərəfdarları seçkinin qarşısını almaq üçün girovlara işgəncə verməyə belə hazırdılar.
Təxminən eyni vaxtda Rusiya XİN rəhbəri Sergey Lavrov demişdi ki, Ukrayna üçün seçkilərin keçirilməsi “dağıdıcı olacaq”. O, Kiyevə əvvəlcə Ukraynanın şərqi regionları ilə dil tapmağı məsləhət görmüşdü.
Mayın 11-də Ukraynanın Donetsk və Luqansk regionlarında deyildiyi kimi “müstəqillik referendumları” keçirilib. Bu referendumların nəticəsini Rusiyadan başqa heç bir ölkə tanımayıb. Həmin regionlarda Ukrayna qüvvələrinin antiterror əməliyyatı davam etdirildiyi dövrdə orada səsvermənin keçirilməsinin olduqca çətin olacağı güman olunur.

Şəklin mənbəyi, AFP
Kiyevin və Qərbin qanunsuz elan etdikləri referendumun keçirilməsindən əvvəl tanınmamış “Donetsk Xalq Respublikasının” lideri Denis Puşilin Moskva müxbirlərinə bildirmişdi ki, onun təbirincə “Kiyev xuntasının” mayın 25-də Dontesk regionunda seçki keçirmək cəhdi “çətin ki baş tutsun”.
Eyni ruhlu bəyanatı Luqansk separatçıları da səsləndirmişdilər.
Ölkənin şərqində fəaliyyət göstərən separatçı qruplar seçkini pozmaq məqəsdilə, xəbərlərə əsasən, seçki komissiyalarını hədələyir, onların binalarını tutur, sənədləri və avadanlığı məhv edirlər.
Seçkini müşahidə edəcək əsas təşkilatlardan biri Ukrayna Seçiciləri Komitəsinin rəhbəri İCTV kanalına müsahibəsində Donbasda mümkün təxribatlara yol verməmək üçün Slovyansk, Horlivka, Kramatorsk and Mariupol şəhərlərində səsvermə keçirməməyə çağırıb.
Ukrayna rəsmiləri isə seçkinin baş tutması üçün səylərini əsirgəməyəcəklərini bildirirlər. Hüquq mühafizə orqanları seçki günü səsvermə məntəqələrinin təhlükəsizliyini təmin edəcəklərini vəd edirlər.
MSK seçki günü 70 minlik polis qüvvəsinin hazr vəziyyə gətiriləcəyini elan edib.
ATƏT-in icraçı sədri Didier Burkhalter bəyan edib ki, Ukraynada seçkiləri müşahidə etmək üçün ATƏT-in çoxsaylı missiyası Ukraynaya göndəriləcək.
Krımlılar və ölkədən kənarda olanlar səs verə biləcəklərmi?
Çoxsaylı problemlərə baxmayaraq, Ukraynalı ekspertlər hesab edirlər ki, seçki baş tutacaq.
Ukrayna Seçicilər Komitəsi hətta səsvermə günü yüksək seçici fəallığını proqnozlaşdırır.
Bəzi ekspertlər hətta ölkənin şərq regionlarında da, ən azı bəzi ərazilərdə səsvermənin təşkil edilməsinin mümkünlüyünü qeyd edirlər.
Seçkini keçirmək mümkünsüz olan yeganə Ukrayna ərazisi Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasıdır.
Lakin təxminən 1.3 milyon Krım seçicilərinin çoxunda Ukrayna passportları qaldığından, Krımın tanınmamış rəsmiləri Ukraynanın qalan ərazisilə yarımadanın sərhədini bağlamasalar, Ukrayna pasportları olan Krım seçiciləri ölkənin qalan ərazisində səs verə bilərlər.
Mətbuatda başlanmış kampaniyadan sonra Ukrayna höküməti eləcədə ölkədən kənarda olan seçicilər üçün səsvermə qaydalarını xeyli yüngülləşdirib.




