Ukrayna: Petro Poroşenko seçkilərdə "liderdir"

Şəklin mənbəyi, Reuters
Ukrayna prezident seçkilərində liderlik edən iş adamı Petro Poroşenko "müharibənin bitməsini və sülh istədiyini" bildirib.
İndiyə qədər bülletenlərin 50 faizini hesablayan Mərkəzi Seçki Komissiyası cənab Poroşenkonun səslərin 53.86 faizini topladığını açıqlayıb.
Poroşenkonun əsas rəqibi, keçmiş baş nazir Yuliya Timoşenko isə 13.10, Radikal partiyanın rəhbəri Oleq Lyaşko isə 8.46 faiz səslə onu izləyir.
MSK səsvermək hüququ olanların 60.41 faizinin səs verdiyini açıqlayıb.
"Ümid edirik ki, digər prezidentliyə namizədlər rəsmi nəticələrin açıqlanmasına problem törədəcək hər hansı məhkəmə işi qaldırmayacaq", Poroşenkonun ştab rəhbəri Vitaliy Kovalçuk deyib.
Həmçinin məlum olub ki, Kiyev meri seçkilərində UDAR partiyasının lideri Vitali Kliçko qalib gəlib.
Exit-pol nəticələrinə görə ilk mərhələdə seçicilərin 56 faizi Petr Poroşenkoya, 12 faizi isə keçmiş baş nazir Yuliya Timoşenkoya səs verib.
Poroşenko qeyd edib ki, prezident kimi ilk səfəri rusmeylli qüvvələrin nəzarət altına aldığı Donbass regionu olacaq.
Onun sözlərinə görə, Kiyev heç vaxt Rusiyanın Krımı "işğalını" tanımayacaq.
Ukraynada bazar günü erkən prezident seçkiləri keçirilib. Dövlət başçısı vəzifəsinə 21 namizəd iddia edib.
Seçkilər ölkənin şərqində vəziyyətin ciddi dərəcədə gərginləşməsi fonunda keçirilir.
Kiyev rəsmilərinin göstərişilə Dontesk və Luqansk vilayətlərində hökümət qüvvələrinin xüsusi əməliyyatı davam edir.
Həmin əməliyyatı Kiyev hakimiyyəti “antiterror əməliyyatı” adlandırıb.

Şəklin mənbəyi, AFP
Son bir neçə gün ərzində Ukraynada hökümət qüvvələrilə üsyançılar arasında baş vermiş silahlı toqquşmalar nəticəsində 20 nəfər həlak olub.
Ukrayna Təhlükəsizlik Qüvvələrinin başçısı Valentin Nalivayçenko seçki günü bildirirb ki, əməliyyat keçirilməyəcək.
"Məqsədimiz - ukraynalıların hamısının səsvermədə iştirak etməsinə imkan yaratmaqdır", Nalivayçenko deyib.
Tanınmamış Donetsk və Luqansk xalq respublikalarınıntərəfdarları səsverməni boykot etdiklərini bəyan ediblər.
Ukrayna prezidenti seçkilərində Rusiya tərkibinə daxil olunmuş Krım ilk dəfə olaraq iştirak etmir. Buna baxmayaraq yarmadada yaşayan Ukrayna vətəndaşları Ukraynanın digər ərazilərində səsvermədə iştirak edə bilərlər.
Seçkidə qələbəyə əsas namizədlər arasında "şokolad kralı" Petro Poroşenko, keçmiş Baş nazir Yuliya Timoşenko, millioner və keçmiş baş nazir müavini Sergey Tihipko, DİN-in keçmiş başçısı Anatoly Lutsenkonun adları çəkilir
Birinci turda qələbə çalmaq üçün namizədə 50%-dən çox səs toplamaq lazımdır, əks halda iyunun 15-də Ukraynada seçkilərin 2-ci turu keçiriləcək.




