Rusiya Ukrayna seçkilərinin nəticələrinə "hörmətlə yanaşacaq"

Şəklin mənbəyi, AFP
Vladimir Putin Sankt Peterburq şəhərində keçən iqtisadi konfrans iştirakçılarına müraciətində Ukrayna seçkilərinin nəticələrinə hörmətlə yanaşacağını deyib.
Rusiya prezidentinin sözlərinə görə, onun ölkəsinin sərhədləri yaxınlığında “tam miqyaslı vətəndaş müharibəsi” gedir.
Bu arada Ukraynanın şərqindəki Donetsk şəhərində separatçılarla özünümüdafiə qüvvələri arasında toqquşma baş verib.
Donetsk və Luhansk şəhərlərindəki silahlı qarşıdurma prezident seçkilərinə hazırlıq işlərini pozub.
Mübahisəli referendumdan sonra müstəqilliyini elan etmiş hər iki regionun rəhbərliyi bazar günü keçiriləcək səsverməyə yol verməyəcəyini bildirib.
Luhansk və Donetskdəki referendumun nəticələrinə "hörmət etdiyini" bildirən cənab Putin "xalqın iradəsinin" dinc şəkildə "həyata keçirilməsinə" səsləyib.
Sankt Peterburq konfransında çıxış edən Vladimir Putin Ukraynanın şərqindəki zorakılığa aiddiyatı olmadığını deyib.
"Biz Ukrayna xalqının seçiminə hörmətlə yanaşacağıq. Təbii ki, nəyin baş verəcəyini izləyəcəyik", - prezident Putin deyib.
"Referendum keçirməklə yeni Konstitusiyanı qəbul etmək daha yaxşı olardı. Hazırkı Konstitusiyaya görə Viktor Yanukoviç hələ də hakimiyyətdə qalır".
Cənab Putin Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı məsələnin narahatlıq doğurduğunu deyib.
Bu bəyanatdan əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk Donetsk vilayətində ən azı 16 Ukrayna əsgərinin ölümü ilə nəticələnmiş blokposta hücumdan sonra ölkədə vəziyyətin pisləşməsində Rusiyanı ittiham edib.
Cənab Yatsenyuk hadisəni Ukrayna seçkiərini pozmaq cəhdi kimi dəyərləndirib.




