Ukrayna: Donetsk aeroportunda xüsusi əməliyyat keçirlir

Donetsk

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Donetsk beynəlxalq aeroportunda döyüş davam edir

Donetsk beynəlxalq aeroportunda Ukrayna silahlı qüvvələrilə rusiyapərəst separatçılar arasında atışma davam edir.

"Anti-terror" əməliyyatının mətbuat katibi Vladislav Seleznyov Facebook səhifəsində separatçıların mövqeyinə "havadan zərbə endirildiyini" yazıb.

Onun yazdığına görə, separatçılardan Donetsk aeroportunun ərazisini tərk etmək tələb olunub, lakin onlar güc strukturlarının irəli sürdüyü həmin tələbi yerinə yetirməyiblər və aeroportun ərazisini tərk etməyiblər.

"Əvvəlcə SU-25 təyyarəsi xəbərdarlıq atəşi açıb, bundan sonra terrorçuların sıralarında panika başlayıb. Daha sonra MİQ-29 təyyarəsi havadan terrorçuların mövqeyinə zərbə endirib”, Seleznyov yazıb.

"Anti-terror əməliyyatı" mətbuat xidmətinə istinad edən Ukrayna mediası aeroporta vertolyotlarla desant qüvvələrinin endirildiyini bildirib.

Tanınmamış Donetsk xalq respublikasının (DXR) liderləri isə Twitter vasitəsilə aeroporta yaxın ərazilərdən yerli sakinlərin evakuasiyasına başlandığını bildiriblər.

Onlar eləcə də iddia ediblər ki, Donetskdə başlamış xüsusi əməliyyatın iştirakçıları olan Ukrayna hərbiçiləri arasında çoxlu sayda snayper var.

Bundan əvvəl Donetsk aeroportunun işinin orada tanınmamış DXR-in silahlı nümayəndələrinin peyda olmasına görə dayandırıldığı xəbər verilmişdi.

İlkin nəticələrə görə, prezident seçkilərində qələbə çalmış Petro Poroşenko bazar ertəsi günü səhər bildirib ki, Ukraynanın şərqində xüsusi anti-terror əməliyyatın keçirilməsini dəstəkləyir.

Lakin o, hesab edir ki, xüsusi əməliyyat daha effektiv olmalı və daha qısa müddət ərzində başa çatdırılmalıdır.