Türkiyə: mədən operatoruna etiraz edənlərə qarşı gözyaşardıcı qaz

Soma

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Əsgərlər Somadakı kömür mədəninin qarşısına düzülüb

Türkiyə polisi çərşənbə axşamı 300-ə yaxın mədən işçisinin öldüyü Soma şəhərində minlərlə etirazçıya qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Nümayişçilər anti-hökümət şüarlar səsləndirib.

Etiraz mədəni idarə edən şirkət mətbuat konfransında etinasızlığa yol verdiyi barədə ittihamları rədd edəndən sonra başlayıb.

Ölkə tarixində ən dəhşətli mədən fəlakətinə çevrilən hadisə baş verəndən sonra son üç gün ərzində Türkiyənin bir çox hissəsində anti-hökümət etirazları keçirilib.

Cümə günü "Soma xalqı, mədənçilərə həmrəylik göstərin" şüarı səsləyən minlərlə nümayişçi Somada toplaşıb.

Polis müdaxilə edəndə onlar dalanlara keçib.

Daha əvvəl Soma Holding nümayəndələri fəlakətə cavab tədbirləri müdafiə edərək mətbuat konfransında demişdilər ki, prioritetləri adamları xilas etmək idi.

Onların sözlərinə görə şaxtada naməlum səbəbdən artan temperatur mədənin çökməsinə səbəb olub.

Şəklin mənbəyi, BBC World Service

Enerji naziri Taner Yıldız deyib ki, mədənin içində yanğın davam etsə də "azalmaqdadır".

Mədəndə təhlükəsizliyə etinasızlıqla yanaşan hər hansı şəxs cəzalandırılacaq, cənab Yıldız əlavə edib. "Biz onların gözyaşlarına baxmayacağıq".