Soma mədəninin sahibləri: etinasızlığa yol verilməyib

Soma

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Soma mədənində xilasetmə işləri davam etdirilir.

Türkiyədə qəzaya uğramış Soma şəhərindəki mədəni idarə edən şirkət etinasızlığa yol verdiyi barədə ittihamları rədd edib.

Soma Holding fəlakətlə bağlı atdığı addımları müdafiə edərək qəza vaxtı adamların xilas edilməsinə üstünlük verildiyini deyib.

Soma qəzası Türkiyədə hökumət əleyhinə etirazlara təkan verib.

Şirkətin nümayəndəsinə əsasən şaxtada naməlum səbəbdən artan temperatur mədənin çökməsinə səbəb olub.

"Qəzaya gəlincə, bizim tərəfdən etinasızlıq olmayıb”, - jurnalistlərlə görüşən mədənin meneceri Akin Celik deyib.

"Mən 20 il ərzində bu kimi insidentlə üzləşməmişəm”.

Somadakı qəzadan sonra şaxtada 18 işçinin qaldığı güman edilir.

Onların həyatda qalıb-qalmadığı məlum deyil.

280-dən artıq adamın ölümünə səbəb olmuş qəza ilə bağlı Türkiyənin müxtəlif şəhərlərində etiraz çıxışları keçib.

Şəklin mənbəyi, BBC World Service

Bu arada qəza ilə bağlı davam edən matəm günlərində hadisədən salamat çıxa bilənlər acı təəssüratları ilə bölüşürlər.

“Tüstü iyisini duyub yuxarı qalxarkən partlayış səsini eşitdik”, Ferhat Ay BBC Turkçeye bildirib.

Onun sözlərinə görə yenidən aşağı enib dostlarını xilas etməyə çalışsa da şaxtada hava çatışmazlığından buna müvəffəq olmayib.

“Oğlum, haqqını halal et”, - Hurriyet qəzeti mədəndən çıxarılmış bir nəfərin ovucundakı kağız parçasında bu sözlərin yazıldığını bildirir.

Bu arada Somada matəm mərasimi davam edir. Ötən günlər ərzində yerli qəbiristanlıqda yeni məzarlar qazınıb.

Xilasetmə işləri davam etdirilsə də şaxtada salamat qalanların tapılmasına dair ümidlərin cüzi olduğu bildirilir.