Türkiyə dağ-mədən sektoru: təhlükəsizliyin kədərli statistikası

Soma mədənində partlayış vaxtı 800-dək şaxtaçı olub.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Soma mədənində partlayış vaxtı 800-dək şaxtaçı olub.
    • Müəllif, Enis Senerdem
    • Vəzifə, BBC Turkçe

Türkiyə tarixində ən ölümcül mədən qəzasından sonra yaranmış suallara cavab axtranların diqqəti Soma şəhərindəki mədənin iş təhlükəsizliyi standartlarına yönəlməkdədir.

İş yerində təhlükəsizlik məsələsi çərşənbə axşamı baş verən fəlakətdən öncə də ölkənin siyasi gündəmində olub.

Bir neçə həftə bundan əvvəl ana müxalifət partiyası olan CHP dağ-mədən sənayesində əsaslı təftiş keçirməyə səsləyib.

"Mədənçilərin dəfninə baş çəkməkdən cana gəldik” deyərkən əlində mədənçi şlemini tutan CHP-dən millət vəkili Özgür Özel parlamentdəki həmkarlarına müraciət edib.

Lakin təklif əleyhinə əsasən hakim AK partiyasından gələn səslərə görə Özgür Özel-in təşəbbüsü rədd edilmişdir.

Statistika

Türkiyədə iş yerində baş verən qəzaların 10 faizdən çoxu mədənlərdə qeydə alınır. Bunların əksəriyyəti kömür şaxtalarıdır.

Türkiyənin Statistika Qurumuna əsasən ötən il 13 min mədənçinin qəza vəziyyətində olduğu qeydə alınıb.

2000-ci ildən bəri sənayedə ölümlə nəticələnən 1,308 qəza hadisəsinin baş verdiyi bildirilir.

Qaz partlayışı, şaxta çöküşü və dəm qazı ilə zəhərlənmə ölümlə nəticələnən qəzaların əsas səbəbi kimi qeyd olunur.

Türkiyə İqtisadi Araşdırmalar Fondunun hesablamalarına əsasən qəzalara səbəbindən orta hesabla hər 1 milyon ton kömür 7-dən artıq mədənçinin həyatı hesabına başa gəlir. Müqayisə üçün həmin əmsal Çində - 1, ABŞ-da isə 0.02-ə bərabərdir .

Türkiyədəki qəzalarda ölüm hallarının yüksək olmasının bir neçə səbəbi mövcuddur.

Bunun səbəbini istehsalat təhlükəsizliyinə ənənəvi laqeydlik bəslənməsində görənlər də var.

Özəlləşmə

İddialara görə mədənlərdə təhlükəsizlik şəraiti 2004-cü ildə sektordakı özəlləşmədən sonra pisləşib.

Həmkarlar İttifaqı mədən sahiblərini təhlükəsizlik texnikasına yatırım qoymamaqda suçlayır.

2013-cü ildə, atmosferə buraxılan metan tullantılarılanın azaldılması üzrə beynəlxalq Qlobal Metan Təşəbbüsü qrupu (Global Methane Initiative) Türkiyə sənayesinin problemli amilləri sırasında investisiya çatışmazlığı və özəlləşmədə qeyri-müəyyənliyi qeyd edib.

Dağ-mədən sektoru öz həcminə görə Türkiyə iqtisadiyyatının 1.2 faizini təşkil edir.

Mədənlərin çoxu Türkiyənin şımalındakı Zonquldaq əyalətində yerləşir. Bu bölgə zəngin kömür ehtiyatlarına malikdir. Lakin Zonquldaq Soma fəlakətindən əvvəl ən ölümcül mədən qəzası ilə də tanınıb.

1992-ci ildə yerli şaxtada baş vermiş partlayışda 263 adam həlak olmuşdu.

Bundan sonra maddi vəziyyətini yaxşılaşdırmaq arzusunda olan bir çox ailə Zonquldaqdan Somaya köçmüşdür.

İndi onlardan bir çoxları Zonquldağda yaşanmış fəlakətin acı xatirələrilə bir daha üzləşməkdədir.