Böyük Yeddilər Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyib

Şəklin mənbəyi, Reuters

Ukrayna böhranı ilə bağlı görüşdə Böyük Yeddilərə (G7)daxil ölkələrin nümayəndələri Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi barədə razılığa gəliblər.

G7 bəyanatı sanksiyaların təfərrüatlarına varmır. Lakin ABŞ rəsmiləri konkret addımların bazar ertəsi elan oluna biləcəyini deyiblər.

Qərb Rusiyanı Ukrayna şərqindəki separatçıları dəstəkləməkdə ittiham edib. Moskva bu kimi iddiaları rədd edir.

Kiyevdəki keçid hökumətinin rəsmilərinə əsasən Şərqi Ukraynanın ən azı 7 şəhərində inzibati binalar rusiyapərəst qüvvələr tərəfindən zəbt olunub.

Təyyarələr

Tərəflər arasında mübahisənin dərinləşdiyi bir vaxtda ABŞ müdafiə nazirliyi cümə günü Rusiya hərbi təyyarələrinin Ukrayna hava məkanına daxil olduğunu bildirib.

Pentaqonun nümayəndəsi təfərrüatlara varmadan insidentlərin Ukrayna şərqində baş verdiyini qeyd edib.

Moskva bu xəbərləri şərh etməyib.

Ötən cümə günü Rusiyanın müdafiə naziri Ukrayna ilə həmsərhəd bölgədə təlimlərin başlanıldığını bildirib.

Sergey Şoyqu təlimlər vaxtı hərbi təyyarələrin döyüş manevrlərini keçirəcəyini də deyib.

Nazir Ukraynanın şərqindəki hadisələrin inkişafına “reaksiya vermək məcburiyyətində” olduğunu deyib. O, Ukraynadkı vəziyyəti belə izah edib: “Dinc əhaliyə qarşı Milli Qvardiya bölümləri və “Pravıy Sektor” ekstremistlərinin batalyonları fəaliyyət göstərir”.

ABŞ, Fransa, Kanada, İtaliya, Yaponiya, Britaniya və Almaniyadan ibarət G7 qrupu Rusiyanın “təhdidedici hərbi manevrlərini” pisləyib.

Cümə günü Ukraynanın daxili işlər naziri ATƏT təşkilatının 7 nümayəndəsi ilə yanaşı 5 ukraynalı hərbçinin hərəkət etdiyi avtobusun silahlı separatçılar tərəfindən saxlanıldığını bildirib.

Güman edilir ki, Slovyansk yaxınlığında saxlanılanlar Almaniya, Danimarka, Polşa, İsveç və Çexiyanı təmsil edən hərbi müşahidəçilərdi.

Slovaynsk şəhərindəki rusiyapərəst qüvvələr bildirirlər ki, avtobusda olanların şəxsiyyətləri müəyyən edilir.

Hazırda Rusiyaya qarşı tətbiq edilən ABŞ və Aİ sanksiyaları yüksək rütbəli rəsmi, biznesmen və maliyyə qurumlarını hədəfləyir.