Ukrayna böhranı: "Rusiya əsgərlərinin” fotoları nədən xəbər verir?

İddia olunur ki, Gürcüstan müharibəsi vaxtı və Ukraynanın şərqindəki olaylar gedişatında çəkilmiş fotoda eyni şəxs təsvir olunub.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, İddia olunur ki, Gürcüstan müharibəsi vaxtı və Ukraynanın şərqindəki olaylar gedişatında çəkilmiş fotoda eyni şəxs təsvir olunub.

Ukrayna hakimiyyəti ölkənin şərqində binaları ələ keçirmiş rusiyapərəst qüvvələr arasında rusiyalı hərbçilərin olduğunu təsdiqləyən şəkilləri ATƏT-ə təqdim edib.

Həmin şəkillər Dövlət Departamentinin internet səhifəsində dərc olunub.

BBC şəkillərin dəqiqliyini yoxlaya bilməyib. Rəsmi Moskva hələ ki, onlara münasibət bildirməyib.

Rusiyapərəst fəallar bir sıra inzibati binaları nəzarət altında saxlayırlar. Rusiya bu ərazilərdə hərbi qüvvəyə malik olduğunu dəfələrlə danıb.

ATƏT-ə təqdim olunmuş şəkillərdə Kramatorsk və Slovyansk şəhərlərindəki hərbi əməliyyatlarda iştirak etmiş saqqallı şəxsi görmək olar. Güman edilir ki, 2008-ci ildə Gürcüstandakı hərbi münaqişə vaxtı da həmin şəxsin şəkili çəkilib.

Ukrayna diplomatlarına əsasən Kramatorsk və Slovyanskdakı rusiyapərəst fəallar oxşar silah və avadanlığa malikdirlər,

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ukrayna diplomatlarına əsasən Kramatorsk və Slovyanskdakı rusiyapərəst fəallar oxşar silah və avadanlığa malikdirlər,

Lakin sonuncu təsvirlərdə hərbçinin qara saqqalı ağarmaq üzrədirsə, 6 il əvvəl çəkilmiş şəkil qırmızı saqqallı bir şəxsi əks etdirir.

İddia edilir ki, daha bir şəkil Kramatorsk və Slovyanskda çəkilmiş başqa bir silahlı şəxsin Rusiya spetsnazına (xüsusi qüvvələr) mənsub olduğunu göstərir.

Şəkillər Ukraynanın şərqindəki separatçı fəaliyyətin "təhriki və əlaqələndirməsində" Rusiyanın əli olduğuna dəlalət edən daha bir sübutdur, Ukraynanın ATƏT təşkilatındakı daimi nümayəndəsi deyib.

"Beynəlxalq ictimaiyyət Rusiya və şərqi Ukraynadakı bəzi silahlı fəallar arasında əlaqənin olması barədə fikrə şərikdir", - ABŞ Dövlət Departamentinin nümayəndəsi Jen Psaki deyib.

Ukrayna diqqəti silahlı fəallarla fotonun mərkəzindəki Rusiya hərbi kəşfiyyat zabitləri arasında oxşarlığa yönəldir.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ukrayna diqqəti silahlı fəallarla fotonun mərkəzindəki Rusiya hərbi kəşfiyyat zabitləri arasında oxşarlığa yönəldir.

"Ötən həftə ukraynalıların təqdim etdiyi şəkillər bunun əlavə təsdiqidir".

ABŞ diplomatı deyib ki, hazırda Moskva gərginliyin azaldılması üçün öz nüfuzundan istifadə edə bilər.

Rusiya Ukraynanın şərqində qeyri-sabitliyin yaranmasında əli olduğuna dair ittihamları rədd edir. Eyni zamanda Moskva öz xəbərdarlığında rusiyapərəst fəallara qarşı güc işlətməkdən çəkinməyə səsləyir.

Ukraynanın şərqində Rusiya hərbi hissələri, xüsusi xidmət əməkdaşları və təlimatçıları mövcud deyil, Rusiya prezidenti cümə axşamı bildirib.

Bununla yanaşı Vladimir Putin Krımdakı referendumun keçirilməsində Rusiya hərbçilərinin iştirakını etiraf edib. Daha əvvəl o, rusiyalı hərbçilərin hadisələrdən kənar durduğunu bildirib.