Donetskdə rusiyapərəstlər inzibati binalardan "getməyəcəklər"

Şəklin mənbəyi, AFP
Ukraynanın şərqindəki Donetsk şəhərində vilayət administrasiyası binasını ələ keçirib "Donetsk Xalq Respublikasını" elan edənlər, binadan çıxmayacaqlarını deyiblər.
Etirazçılar adından BBC müxbiri David Sternə danışan Aleksandr Qvozdilov deyib ki, Kiyevdəki hakimiyyət qeyri-legitimdir və nəticə etibarilə dövlət binalarını qanunsuz zəbt edib.
Fəal deyib ki, Donetsk administrasiyasının binası Kiyevdəki hakimiyyətin parlament və prezident administrasiyası binalarından çıxdığı təqdirdə boşaldılacaq.
Cümə axşamı Ukrayna böhranı ilə bağlı Cenevrədə keçən dörtərəfli danışıqlar iştirakçıları "gərginliyin azaldılması üzrə konkret addımlar" barədə razılığa gəliblər.
ABŞ dövlət katibi John Kerry-nin, Avropa diplomatiyasının rəhbəri Catherine Ashton-un və Ukrayna xarici işlər naziri Andrey Deşşitsanın iştirakı ilə 7 saatdan artıq davam edən görüş nəticəsində qəbul olunmuş bəyanatda Ukrayna regionlarının iştirakı ilə təxirəsalınmaz dialoqa çağırış əks olunub.
Sənəd həmçinin ölkə ərazisində qeyri-qanuni hərbi qurumların tərksilah olunmasını və bütün zəbt edilmiş binaların azad olunmasını nəzərdə tutur.
Danışıqlarda iştirak edən tərəflər qeyd ediblər ki, Ukrayna böhranını ukraynalıların özləri tənzimləməlidi.
