Obama Ukraynaya görə Putini sanksiyalarla hədələyib

Putin, Obama

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Barak Obama anladıb ki, Rusiyanın Ukrayna hadisələrinə aidiyyəti olduğunda şübhələnmir

Bazar ertəsi axşamı Barack Obama ilə Vladimir Putin arasında telefon söhbəti əsnasında ABŞ prezidenti deyib ki, əgər Moskva Ukraynada öz hərəkətlərinə son qoymasa, onu hökmən əlavə sanksiyalar gözləyir.

“Prezident Rusiya hökuməti tərəfindən Ukrayna hökumətinin mövqelərini zəiflədən və vəziyyəti sabitsizləşdirən silahlı rusiyapərəst separatçıların hərəkətlərinin dəstəklənməsi ilə bağlı dərin narahatlıq israr edib”, - iki liderin telefon söhbətinin yekunları üzrə Ağ Evin yaydığı rəsmi bəyanatda deyilir.

Buna Vladimir Putin cavab verib ki, Ukraynanın cənub-şərqində Rusiya müdaxiləsi ilə bağlı ABŞ-ın narahatlığı “qeyri-mötəbər informasiyaya əsaslanır”.

Onun sözlərinə görə, şərqi Ukrayna regionlarının hadisələri “Kiyevdəki hakimiyyətin əhalinin rusdilli hissəsinin maraqları ilə hesablaşmaq istəməməsi və buna qabil olmamasının” nəticəsidir.

Daha əvvəl Ağ Evdə mətbuat konfransı zamanı mətbuat katibi Jay Carney Rusiyanın öz hərəkətləri üçün “ödəməli” olacağını bəyan edib.

O, eyni zamanda Amerika tərəfindən Ukraynaya döyüş silahı tədarükü məsələsinin hələ nəzərdən keçirilmədiyini bildirib.

Aİ sanksiyaları genişləndirir

ukraine_putin

Şəklin mənbəyi, .

Şəklin alt yazısı, Ukraynanlılar Putindən "dayanmağı" xahiş edirlər

Eyni zamanda Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Ukrayna situasiyası üçün təqsirli şəxslərə qarşı fərdi sanksiyalar siyahısının daha da artırıldığını bəyan ediblər, Lüksemburq XİN başçısı Jean Asselborn deyib.

Onun sözlərinə görə, sanksiyalara eyni prinsiplər əsasında əməl ediləcək – vizalar qadağası və aktivlərin dondurulması.

Hələlik söhbət siyahının artırılması haqqında prinsipial qərardan gedir, konkret adlar hələ müəyyən edilməyib, Asselborn əlavə edib.

Bu qərar Lüksemburqda Aİ xarici işlər nazirlərinin görüşü əsnasında qəbul olunub.

Britaniya xarici işlər naziri William Hague jurnalistlərə bəyan edib ki, onun fikrincə, şərqi Ukrayna şəhərlərində binaların zəbt edilməsi Rusiya tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Moskva Ukrayna böhranına aidiyyəti olduğunu inkar edir.

Aprelin 10-da Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilən rusiyalı adlarının sayı 107-yə çatıb. Onların arasında az qala bütün Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, eləcə də bir neçə jurnalist vardır.

İqtisadi yardım

Nazirlər həmçinin Ukraynaya 1 milyard avro məbləğində yardım göstərmək üzrə tədbirlər paketini təsdiq edib.

Onlar eləcə də Ukrayna mallarının Aİ ölkələrinə ixracatı üçün gömrük rüsumlarının müvəqqəti olaraq aşağı salınması, hətta tamamilə ləğv olunması lehinə çıxış ediblər.

Eyni zamanda Vaşinqtonda Ukraynaya 1 milyard dollar məbləğində kredit ayırmaq haqqında müqavilə imzalanıb. Bundan öncə ABŞ maliyyə naziri Jacob Lew öz ukraynalı həmkarı Aleksandr Şlapakla görüşüb.

BMT-nin çağırışı

Ukraynanın şərqində etirazlar dalğası artmaqdadadır. Rusiyapərəst fəallardan ibarət dəstələr bölgənin müxtəlif şəhərlərində inzibati binaları nəzarət altına almaqda davam edirlər.

Bazar ertəsi bu dəfə Donetsk yaxınlığındakı Qorlivka şəhərində daha bir polis şöbəsi ələ keçirilib.

Hadisə şahidlərinin sözlərinə görə, izdiham binaya müdaxilə edib və nəzarəti altına alıb.

Ukraynanın şərqində fəaliyyət göstərən silahlı dəstələr Kiyev hakimiyyətinin çağırışları və ultimatumlarına əhəmiyyət vermirlər.

Ölkə prezidenti vəzifəsini icra edən Aleksandr Turçinovun sözlərinə görə, hakimiyyət bir sıra şəhərlərdə hökumət binalarını saxlamaqda davam edənlərə qarşı terrorçuluğa qarşı əməliyyatlar hazırlayır.

Lakin ultimatumların müddəti bir-birinin ardınca başa çatır, Kiyev isə əvvəlki kimi qəti addımlara əl atmayıb.

Cənab Turçinov Rusiyanı təcavüzdə ittiham edib və deyib ki, BMT Ukraynaya terrorçuluğa qarşı əməliyyat keçirməkdə yardım edə bilərdi.

Lakin bu, çətin ki, mümkün olsun, çünki Rusiya BMT-nin Təhlükəsizlik Şurasında veto hüququna malikdir. Buna riayət etməyərək təşkilat silahlı münaqişələrdə iştirak edib-etməməsi haqqında qərar qəbul edə bilməz.

Bazar ertəsi ABŞ nümayəndələri Rusiya qırıcı təyyarəsinin Qara Dənizdə ABŞ-ın hərbi gəmisi üzərindən uçduğunu bəyan ediblər.