Ukrayna böhranı: rusiyapərəst işğalçılar Kiyevin tələbinə məhəl qoymurlar

Şəklin mənbəyi, AFP
Rusiyapərəst qüvvələr Ukraynanın şərqində hökümət binalarını tutmaqda davam edir, Kiyevin binaları tərk etmək tələbinə isə məhəl qoymur.
Ötən gün prezident səlahiyyətlərini icra edən Oleksandr Turçinov rusiyapərəst qüvvələrdən bazar ertəsi günü Bakı vaxtı ilə səhər saat 10:00-dək hökümət binalarını tərk etməyi tələb etmişdi.
Əks halda binaları zəbt edənlərə qarşı ordunun iştirakı ilə hərbi əməliyyat keçiriləcək, deyə cənab Turçinov vəd etmişdi.
Lakin Ukraynanın şərqində hökümət binalarını tutan qüvvələr Ukrayna prezidenti səlahiyyətləri icraçısının irəli sürdüyü vaxt ultimatumuna məhəl qoymayıb.
Müxbirlər Slovyansk şəhəri milis şöbəsi üzərində Rusiya bayrağnın hələ də dalğalandığını xəbər verirlər.
Şəhərin kənarında bazar günü rusiyapərəst qüvvələrlə Ukrayna hərbiçiləri arasında baş vermiş silahlı toqquşma nəticəsində ən azı bir Ukraynalı zabit ölüb.
BMT: Moskva tənqid edilir
BMT Təhlükəsizlik Şurasının təcili iclası Rusiyanın xahişilə çağırılmışdı, lakin Moskvanın mövqeyi iştirakçılar arasında dəstək tapmayıb.
BMT TŞ-da Rusiya nümayəndəsi Vitali Çurkin Ukraynanın şərqində ölkə rəsmiləri tərəfindən hərbi gücdən istifadə edilməsini Moskva üçün "qəbuledilməz" adlandırıb.
"Beynəlxalq birlik Maydan liderlərindən xalqa qarşı müharibə aparılmasına son qoymağı tələb etməlidir", - Rusiyanın BMT-də daimi nümayəndəsi Vitali Çurkin çıxışında tələb irəli sürüb.
Vitali Çurkin Ukrayna sərhədi yaxınlığında Rusiya qoşunlarının cəmləşməsi və rusiyalı agentlərin Ukraynanın şərqində baş verən hadisələrdə iştirak etməsi barədə xəbərləri qətiyyətlə təkzib edib.
Rusiya nümayəndəsinin ardınca çıxış edən ABŞ, Britaniya, Fransa və Avstraliya nümayəndələri Rusiyanı kəskin tənqid ediblər.
BMT-də ABŞ nümayəndəsi Samanta Pauer Rusiya nümayəndələrini yalan danışmaqda ittiham edib.
"Moskva yalan danışır"

Şəklin mənbəyi, AFP
ABŞ nümayəndəsi iclas iştirakçılarını Moskvanın bəyanatlarına "aldanmamağa" çağırıb.
"Bu hadisələrin arxasında kimin durduğunu biz bilirik. Krımda da eyni adamlar hərəkət edirdi", - Pauer deyib.
Onun sözlərinə görə, regionda buna bənzər hərbi əməliyyatı hazırlayıb həyata keçirməyə qadir olan yeganə qüvvə Rusiyadır.
Britaniya, Fransa və Avstraliya nümayəndələri də Rusiyanın Ukrayna hadisələrindəki rolunu kəskin tənqid ediblər.
Çin nümayəndəsi daha ehtiyatlı çıxış edərək, böhranlı vəziyyətdən dinc çıxış yollarının axtarışına çağırış edib.
İclasda çıxış edən Ukrayna nümayəndəsi Rusiya xüsusi xidmət orqanlarını Ukrayna ərazisində təxribatçı fəaliyyət göstərməkdə ittiham edərək, Kiyevin buna dair dəlil-sübutlara malik olduğunu vurğulayıb.




