Ukrayna: Slovyanskda silahlılar iki dövlət binasını zəbt edib

Silahlılar şərqi Ukraynadakı Slovyansk şəhərində polis məntəqəsini və təhlükəsizlik orqanları ofisini zəbt ediblər, rəsmilər deyib.

Polis deyir ki, Rusiya ilə sərhədin yaxınlığındakı şəhərdəki binaları ələ keçirmək istəyən dəstə atəş açıb və işıq-səs qumbaralarından istifadə edib.

Daxili işlər naziri Arsen Avakov silahlı dəstəni "terrorçular" adlandırıb və deyib ki, xüsusi qüvvələr hücumu dəf edəcək.

Rusiyapərəst etirazçılar şərqi Ukraynanın bir çox yerlərində dövlət binalarını ələ keçiriblər. Rəsmi Kiyev deyir ki, iğtişaşlar Moskvadan təşkil edilir.

Slovyanskdan 130km məsafədə yerləşən Donetskdə etirazçılar bir neçə gündür ki, hökümət binalarını işğal edib Rusiyaya qoşulmaq barədə referendum tələb edirlər.

Krımda baş verən oxşar hadisələr nəticəsində ötən ay Rusiya yarımadanı anneksiya etdi. ABŞ və Aİ bu prosesdə aparıcı rolu olan rusiyalı və krımlılara qarşı sanksiyalar tətbiq edib.

Rusiya şərqi Ukraynada başlayan etirazlar üçün məsuliyyəti inkar etsə də Qərb ölkələri Rusiya-Ukrayna sərhədində Rusiya əsgərlərinin artması barədə narahatlıq bildiriblər.

Slovyansk etirazçısı

Şəklin mənbəyi, BBC World Service

Daxili İşlər Nazirliyi deyib ki, hücumun məqsədi polis məntəqəsindəki silahları ələ keçirmək idi. Burada saxlanılan sursat arasında 40 avtomatik tüfəng və 400 tapança də var idi.

Polis binasını zəbt edənlərdən biri deyib ki, dəstə müvəqqəti Prezident Oleksandr Turçinovun qeyri-leqal hökümətinin təmsilçilərinə qarşı mübarizə etmək üçün Slovyanska gəlib, YouTube şəbəkəsində yayılan videoda göstərilir.

O deyib ki, iştirak edənlər "faşistlər deyil", dinc Donbass sakinləri idi.

Cümə günü müvəqqəti Baş nazir Arseniy Yatsenyuk Donetskə səfər edib və anti-hökümət dəstələrini sakitləşdirmək üçün söz verib ki, rus dilinə qarşı heç bir məhdudiyyət qoyulmayacaq.

Regional polis sözçüsü İhor Dyomin deyib ki, Slovyanskdakı polis məntəqəsinə silahlılar avtobusla gətirilib.

"Altı-yeddi naməlum şəxs (avtobusdan) çıxdı. Onlar göyə bir neçə güllə atıb polis şöbəsini zəbt etməyə cəhd etdilər", o deyib.

Cənab Dyomin əlavə edib ki, "kamuflyaj formalı, silahlı adamlar" binanın içində idilər.

Şərqi Ukrayna etirazçıları

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Rusiyapərəst fəallar "Rədd olsun ABŞ və Aİ" və "Obama, Ukraynadan əllərini çək" şüarları ilə şərqi Ukraynadakı dövlət binalarını blokadaya almağa davam ediblər

Daxili işlər naziri Arsen Avakov söz verib ki, hücumçularla məşğul olacaq.

"Cavab çox sərt olacaq çünki etirazçılarla terrorçular arasında böyük fərq var", cənab Avakov Facebook səhifəsində yazıb.

Donetskdə yerli hökümət binası hələ də rusiyapərəst qrupların işğalı altındadır.

Donetskdə rusiyapərəst fəallar

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Şənbə günü səhər saatlarında bir qrup müvəqqəti olaraq Donetskdəki prokurorluğu zəbt edib