Ukrayna: Aİ və ABŞ Krıma qarşı sankisyalar tətbiq edir

Krım referendumdan sonra

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bazar günü Krımda minlərlə adam referendumun nəticələrini qeyd etmək üçün küçələrə çıxıb

Aİ və ABŞ Rusia və Ukraynadan olan bir sıra rəsmiyə qarşı sanksiyalar tətbiq edəcəyini elan edib. Sanksiyalar aktivlərinin dondurulması və səyahət qadağasından ibarətdir.

Bu qərar, bazar günü Krımda keçirilən referendumdan sonra alınıb. Rəsmilərə əsasən, referendumda səs verənlərin 97 faizi Ukraynadan ayrılaraq Rusiyaya qoşulmaq lehinə səs verib.

Sanksiyalar referendumda mühüm rol oynayan şəxsləri nəzərdə tutur, amma onların adları hələ açıqlanmayıb.

Rəsmi Kiyev, ABŞ və Aİ deyir ki, səsvermə Ukrayna və beynəlxalq qanunlara görə qeyri-leqaldır. Onlar səsvermə prosesini də tənqid ediblər.

Bazar ertəsi Krım parlamenti Ukraynadan müstəqilliyini rəsmən elan edib və Rusiya Federasiyasına qoşulmağa müraciət edib.

ABŞ Prezidenti Barack Obama mətbuat konfransında deyib ki, Rusiyanın Ukraynadakı vəziyyət barədə bundan sonrakı addımlarından asılı olaraq Vaşinqton "əlavə sanksiyalar tətbiq etməyə hazırdır".

Cənab Obamanın sözlərinə görə, Moskva Ukraynaya müdaxilə etməyə davam etsə, "Rusiyanı təcrid etməkdən və dünyadakı mövqeyini zəiflətməkdən başqa heç nə əldə etməyəcək".

Aİ-nin sanksiyalar siyahısında 21 rəsmi var. Siyahı Brüsseldə, Aİ XİN başçılarının görüşündən sonra tətbiq olunub və onun bazar ertəsi ictimaiyyətə açıqlanması gözlənilir.

"Əlavə ölçülər"

Fevralın sonundan etibarən Krım yarımadası Rusiyapərəst qüvvələr tərəfindən idarə olunub.

Moskva deyir ki, qoşunlar Rusiyapərəst özünümüdafiə qüvvələridir və birbaşa onun nəzarəti altında deyil.

Bir neçə ay davam edən etirazlardan sonra Ukraynanın Rusiyapərəst prezidenti Viktor Yanukoviç fevralın 22-də devrilib.

Aİ yeni sanksiyaları Brüsseldə, XİN başçıları arasında keçirilən görüşdən sonra elan edib.

Litvanın xarici işlər naziri Linas Linkeviç Twitter səhifəsində yazıb ki, yaxın günlərdə əlavə ölçülərin də tətbiq olunması gözlənilir.