Azərbaycanlı siyasətçilər Krım referendumunu şərh edir

Şəklin mənbəyi, AFP
Azərbaycanlı siyasətçilər Krımın Rusiyaya birləşməsi barədə keçirilən referendumun nəticələrini şərh edib.
BBC Azərbaycancaya danışanların sözlərinə görə, dünya birliyi "təcili surətdə sərt mövqeyini" bildirməlidir.
Təhlilçilərdən bəziləri Azərbaycan hökümətindən Krım referendumunun nəticələrini "tanımaması" barədə açıqlama gözlədiklərini deyir. Azərbaycan rəsmiləri isə referendum barədə hələlik fikir bildirməyib.
Martın 16-da Krımda muxtariyyətin Rusiyaya, yaxud Ukraynaya birləşməsi barədə iki sualı əhatə edən referendum keçirilib.
Yerli seçki rəsmilərinə görə, seçicilərin 97 faizə yaxını Ukraynadan ayrılmaq istədiyini bildirib.
Krımın Rusiyapərəst liderləri isə nəticələrin ilkin açıqlanmasından sonra dərhal Rusiyaya birləşmək barədə rəsmi müraciət göndərilib. Rusiya krımlıların müraciətinə cavab veriləcəyini deyib.
Avropa İttifaqı və ABŞ "nəticələri tanımadığını" və səsverməni "qanunsuz" adlandıran bəyanat yayıb.

Şəklin mənbəyi, AP
"Qeyri-qanuni, tələm-tələsik və hüquqi nəticəsi olmayan bir tədbirdir", millət vəkili Rasim Musabəyov BBC Azərbaycancaya Krım referendumunu şərh edib.
Onun sözlərinə görə, referendum Rusiyaya "nə hörmət artırıb, nə də Krımdakı hərəkətlərinə haqq qazandırıb".
Ümid partiyasının sədri İqbal Ağazadə hesab edir ki, referendum, "ciddi" şəkildə başqa bir ölkənin suverenliyinə "qəsddir".
"Hər kəs bilir ki, bu referendumu Rusiya və Rusiyaya bağlı olan tərəflər keçirib. Dünya birliyi buna sərt mövqeyini ifadə etməlidir. Rusiyanın nazı ilə bu şəkildə oynamaq keçmiş SSRİ-nin bərpasına gətirib çıxara bilər".
Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Gözəl Bayramlı qeyd edib ki, səsvermə "tamamilə konstitusiyaya zidd hərəkət və bir ölkəyə qarşı təcavüz"dür.
Bu səbəbdən xanım Bayramlı hesab edir ki, Azərbaycan hakimiyyəti Krımda keçirilən seçkilərin nəticələrini tanımamalıdır.
"Aldığımız məlumatlardan aydın olur ki, Krımda qanunsuz referendum keçirilib, ümumiyyətlə əhalinin əksəriyyəti iştirak etməyib, saxtakarlığa yol verilib, insanlar evlərindən seçkilərə getməyə məcbur edilib", cəbhəçi BBC Azərbaycancaya bildirib.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, Krımda keçirilən referendum beynəlxalq hüquq normalarına, Ukrayna Milli Konsitusiyasına ziddir və qoyulan məsələlər "heç bir halda beynəlxalq ictimaiyyət tərəfindən tanına bilməz".
"Təəssüf edirik ki, bu gün Ukraynada baş verən hadisələr Ukraynanın ərazi bütövlüyünü böyük bir şübhə altına salır. Çox istərdik ki, beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurası bu məsələdə axıracan prinsipial mövqe tutardı", cənab Mirzəzadə deyib.
Azərbaycanın bu referendumu tanıyıb-tanımaması barədə suala isə o belə cavab verib: "Bu barədə artıq rəsmi mövqe Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilib. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Ukraynada keçirilən referendumu beynəlxalq hüquq normalarına zidd sayır. Yəni Azərbaycan ilk dövlətlər arasında digər dövlətin ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən oldu. Yəni bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır və hüquqi normalara tamamilə uyğundur".
Musavat partiyasının başqan müavini Gülağa Aslanlı referendumu, dünyanın nizamını pozan, hətta "Üçuncü Dünya müharibəsi"nin başlanmasına gedən hadisə kimi qiymətləndirir.
"Krımda referendum keçirilməsi Rusiyanın Ukraynanın Avropa İttifaqına və avrointeqrasiyaya müsbət münasibətinə göstərilən mənfi reaksiyadır".
Cənab Aslanlı da düşünür ki, Azərbaycan hakimiyyəti GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova regional təşkilatı) üzvü kimi Ukraynanın yanında olmalıdır, çünki hadisələr Dağlıq Qarabağ məsələsinin də "müsbət həllinin qarşısını alacaq kimi görünür".
"Bu məsələdə Azərbaycan höküməti də haqqın yanında olmağı bacarmalıdır".
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov referendumdan iki gün öncə, Azərbaycanın referendumla bağlı mövqeyini şərh edib.
"Əvvəla, bu tədbir keçirilsin, sonra ona baxarıq. İkincisi, Azərbaycan bildirib ki, dövlətlərarası münasibətləri tənzimləyən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə həmişə riayət edib və edəcək", APA nazir müavinin sözlərindən sitat gətirib.
"İndi orada yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq?", Milli Məclisin spikeri Oqtay Əsədovun ötən ayın sonunda Ukrayna böhranı ilə bağlı şərh verib.
Cənab Əsədov bildirib ki, Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb.




