Ukraynaya sanksiya "tətbiq edilə bilər"

Şəklin mənbəyi, Getty

Fransa, Almaniya və Polşa Ukraynada iğtişaşların yaratdığı böhranı müzakirə edəcək.

Müxalifət və rəsmilərlə müzakirələr Brüsseldə Avropa İttifaqının Ukraynaya qarşı sanksiya tətbiq edilib-edilməyəcəyi barədə danışıqlardan əvvəl baş tutmalıdır.

Çərşənbə axşamı və çərşənbə iğtişaşlar zamanı ən azı 26 nəfər həyatını itirib.

Çərşənbə gecəsi prezident Viktor Yanukoviç və əsas müxalifət liderləri deyib ki, onlar barışığa gəlib.

Cənab Yanukoviç açıqlamasında bildirib ki, bu, stabil vəziyyət yaradacaq.

Maydanda isə səhərə qədər yanğınları söndürmək mümkün olmasa da, zorakılıq qeydə alınmayıb.

Vətəndaşlar əsasən, çərşənbə axşamı Ali Rada binasının yaxınlığında və Maydanda polislə qarşıdurma nəticəsində həyatını itirib.

Baş verənlər hadisələr başlayandan, noyabrdan bəri "ən pisi" kimi qiymətləndirilib.

Ötən gün ölkədə 4 günlük matəm elan edilib.

Sanksiya qoyula bilər

ABŞ prezidenti Barack Obama xəbərdarlıq edib ki, Ukraynada sədləri pozan hər bir kəs bunun "nəticəsini görəcək".

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier və onun fransız və polşalı həmkarları cümə axşamı səhəri prezident Yanukoviçlə görüşməlidir.

Aİ nazirləri həmçinin, müxalifətlə görüşəcək.

Kiyevə gələn diplomatlar deyib ki, tərəflər dialoqa gəlməlidir və baş verənlər "sanksiyasız ötüşə bilməz".

Daha sonra nazirlər Brüsselə gedəcək və Aİ xarici siyasət üzrə nümayəndəsi Catherine Ashton da daxil olmaqla, digər diplomatlarla sanksiyaları müzakirə edəcək.