Rusiyada qeydiyyat qaydalarını sərtləşdirən qanun təsdiqlənə bilər

Polis

Qeydiyyatsız yaşamağa görə cərimələrin sərtləşdirilməsi və saxta qeydiyyata görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi parlamentin ikinci oxunuşuna çıxarılıb.

Sənədə əsasən vətəndaşlığından asılı olmayaraq 90 gün ərzində qeydiyyatdan keçməyənlərə, eləcə də tələb edildiyi təqdirdə pasportu təqdim edə bilməyənlərə qarşı təqribən 60-90 ABŞ dollarlıq cərimə tətbiq ediləcək.

Ev sahibləri daha sərt cəza ilə üzləşirlər: Bilərəkdən saxta məlumat və sənədlər əsasında kirayəçiləri qeydiyyatdan keçirən ev sahiblərinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi təklif olunur.

Qeyri-leqal miqrasiya

Qeyri-leqal miqrasiya ilə mübarizə məsələsi bu payız Moskvanın Biryulyovo rayonunda gəlmə işçilərə qarşı kütləvi etirazlardan sonra kəskinləşib.

Həmin hadisələrdən sonra Moskva polisinin rəisi sahə inspektorlarına ilin sonunadək paytaxtdakı mənzillərin yoxlanılmasını tapşırıb.

Eyni zamanda Dövlət Duması eyni ünvanda bir neçə sakinin qeydiyyata düşməsi hallarına görə “rezin mənzillər”ə qarşı fevral ayından hazır olan qanun layihəsinin müzakirəyə təqdim olunduğu bildirib.

Yeni qanun əleyhdarları hesab edirlər ki, yeni təkliflər insanların yer dəyişmək haqqını məhdudlaşdırmaqla yanaşı qeyri-leqal miqrasiya problemini həll etmir.

"Mən burda miqrantlara qarşı qlobal təhlükə görmürəm, onlar çevikdirlər və qanunu yan keçmək yolunu asan tapacaqlar. Həm də bizdə mövcud olan korrupsiya hər-hansı yoxlanışdan yaxa qurtarmağa imkan verir”, - Rusiya Elmlər Akademiyasının beynəlxalq iqtisadiyyat məsələləri üzrə İMEMO institutunun direktor müavini Yevgeni Qontmaxer deyib.

Qaydaların azərbaycanlılara təsiri

Azərbaycanlıları birləşdirən diaspora təşkilatının nümayəndəsi BBC Azərbaycancaya qaydaların sərtləşdiriməsinin azərbaycanılara o qədər də təsiri olmayacağını deyib.

“Azərbaycanlılar boş yerə gəlmir və çoxlarının Rusiyada kök salmış qohum-əqrəbələri var. Üstəlik Azərbaycandan gələnlər başqaları ilə müqayisədə rus dilini bu və ya digər dərəcədə bilir və bu ünsiyyət çətinliklərilə üzləşmirlər“, - Azərbaycanlıların Federal Milli-Mədəni Avtonomiyasının regional və miqrasiya siyasəti üzrə vitse-prezidenti Rafael Babayev bildirib.

Onun sözlərinə görə Rusiyada yaşayanlar üçün daha bir problem mövcuddur ki, bu diqqətdən kənarda qalır.

“İnzibati pozuntuya görə iki dəfə cərimə ödəyən adamın adı Rusiyaya girişi yasaqlanan şəxslərin siyahısına salınır. Belə bir halda Azərbaycana gedib qayıdandan sonra həmin şəxs ölkəyə buraxılmaya bilər".

"Rezin mənzillər"

"Rezin mənzillər" bir neçə adam bir ünvanda qeydiyyatdan keçməsi halına verilmiş addır. Bəzən uçurulan və fiziki mövcud olmayan evdə onlarla adamın yaşadığı göstərilə bilər", - Rafael Babayev deyib.

İndiyədək 3 aya qədər müddət ərzində qeydiyyatsız yaşamaq inzibati qanun pozuntusu kimi cəriməni, saxta sənədlərlə qeydiyyatdan keçmək isə həbs cəzasını nəzərdə tutub.

Qanun qeydiyyatın yoxlanılması ilə kimin məşğul olacağı barədə məlumat vermir.

Başqa bir regionda yaşayan Rusiya vətəndaşının 3 aydan artıq müddət ərzində qeydiyyatsız yaşamasını nəzəri cəhətdən sübuta yetirmək mümkün olsa da, bu, uzun və qeyri-səmərəli işdir.

Buna görə polislər xüsusi bir zərürət yaranmasa bu işə qoşulmaqla özlərinə əziyyət vermək istəmirlər.